Məhkəmə qərarları › İş №3(110)-165/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-165/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-165/2023 13.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1989-cu ildə Şərur rayon Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayonu Oğlanqala kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Şərur rayon Oğlanqala kənd sakini Şəxs Y.Budaqov adına Naxçıvan MR X2 narko-test vasitəsilə müayinə olunmuş, nəticədə AMP (ampfetamin) və MET (metamfetamin) müsbət aşkar olunmuş, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü təqsirli sayaraq izahatında və suallara cavabında 4 aydır ki Türkiyə Respublikasında olduğunu, xx.xx.2023-cü il tarixdə orada narkotik maddə istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə Şərur rayon Oğlanqala kəndinə qayıtdığını, ailəsinin isə orada qaldığını, polis əməkdaşlarının gəlib onu Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, idarədə ondan narkotik vasitə istifadə edib-etməməsi barədə soruşduqlarını, Türkiyə Respublikasında qəbul etdiyini etiraf etdiyini, onu narko-testdən keçməsini bildirdiklərini, buna razı olduğunu, keçdikdən sonra onu Şərur Rayon Polis İdarəsinə gətirdiklərini, ilk dəfə 2022-ci ildə narkotik maddə qəbul etdiyi, həmin ildən dispanserdə qeydiyyatda olduğunu bildirərək ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icalsında iştirak edən protokolu tərtib etmiş şəxs X4 izaatında və verilmiş suallara cavabında Şəxs barəsində narkotik vasitələrdən istifadə etməsi barədə narkotiklərlə mübarizə qrupuna məlumat daxil olduğunu, məlumat əsasında onun Şərur RPİ-yə dəvət edildiyini, izahatı alınan zaman özünün də bunu etiraf etdiyini, narko-testdən keçirildikdən sonra qanında AMP (ampfetamin) və MET (metamfetamin) müsbət aşkar olunduğunu və onun barəsində protokol tərtib olunması üçün materialların ona təqdim olunduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilən X5 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə Kənan Nağıyev ilə xidmətdə olduqlarını, bu zaman Kənan Nağıyevin telefonuna zəng gəldiyini, Şərur rayon Oğlanqala kənd sakini Şəxs kənddə olduğunu və narkotik vasitə istifadə etdiyini, həmin kəndə gedib onu tapdıqlarını və Şərur Rayon Polis İdarəsinə gətirdiklərini, ondan narkotik vasitə istifadə edib-etməməsi barədə soruşduqlarını, onun “şüşə adlı” narkotik vasitə istifadə etdiyini bildirdiyini, ona narkotestdən keçməsini bildirdiklərini, buna razı olduğunu, keçdikdən sonra onu Şərur Rayon Polis İdarəsinə gətirdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 Zülfüqar Nadir oğlu ilə eyni məzmundə ifadə vermişdir. Sənədlər: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 xx.xx.2023-cü il tarixli 939 saylı rəyindən görünür ki, Hüseynov X6 Muxtar Respublikası X2 narko-test vasitəsiylə müayinə olunmuş və nəticədə AMP (ampfetamin) və MET (metamfetamin) müsbət aşkar olunmuşdur. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30-da tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 17:00-da azad edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, pisxatrop maddələrin istehlakına, satış məqsədi olmadan səxsi istelak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirələrin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş üzrə inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar