Məhkəmə qərarları › İş №3(110)-167/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-167/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-167/2025 24.06.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, protokol tərtib etmiş Şərur RPİ-nin İTB-nin sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Şərur rayonu, Aşağı Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şərur rayonu, Aşağı Yaycı kəndində qeydiyyatda olan və yaşayan (Fin: 5BWXWAB) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şərur RPİ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şərur RPİ-nin İTB-nin sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur rayon RPİ-nin polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Şərur RPİ-nin İTB-nin sahə rəisi, polis mayoru X5 inzibati protokolu müdafiə edərək izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:09 radələrində Şərur rayon ərazisində yerləşən “Emerland Palace” şadlıq sarayında toy şənliyi zamanı münaqişə baş vermiş, orada olan zaman Şəxs qohumu ilə mübahisə edib dalaşmış və Şərur RPİ-yə gətirilərək işin araşdırılması zamanı ucadan səs-küy salaraq stollara başını çırparaq təpikləməsini və bu əməllərin dayandırılmasını tələb edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 23:09 radələrində Şərur rayon ərazisində yerləşən “Emerland Palace” şadlıq sarayında keçirilən toy mərasimi zamanı oğlunun dalaşdığını görmüş, səs-küyə çıxaraq məsələni araşdırmaq istəmiş və bu zaman əraziyə gələn PPXB əməkdaşları tərəfindən Şərur RPİ-yə gətirilmiş, sözügedən idarədə olan zaman oğlunun toy şənliyində qohumu tərəfindən döyüldüyünü və üzü-gözünün qan içində olduğunu gördükdən sonra əsəblərinə və emosiyalarına hakim ola bilməmiş, başını əsəbindən stollara çırparaq, səs- küy salmaqla polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Əməlindən peşman olduğunu, polis əməkdaşlarından əməlinə görə üzr istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur RPİ-nin PPXB-nın polis nəfəri X8 məhkəməyə izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şərur şəhəri ərazisində xidmətdə olarkən Şərur RPİ-nin növbətçi hissəsindən Şərur şəhəri ərazisində yerləşən “Emerland Palace” şadlıq sarayında dava-dalaş olması barədə məlumat aldıqdan sonra xx.xx.2025-ci il tarixdə saat 23:09 radələrində oraya gəldiklərini və “Emerland Palace” şadlıq sarayında toy şənliyi zamanı münaqişə baş verdiyini, Şəxs qohumu ilə mübahisə edib dalaşdığını görmüş, onu digər xidmətdə olan əməkdaşlarla birgə Şərur RPİ-yə gətirmişlər. İşin araşdırılması zamanı Şəxs Şərur RPİ-yə gələn və üzü-gözü qan içində olan öz oğlunu gördükdən sonra, ucadan səs küy salaraq stollara başını çırparaq təpikləməsini və bu əməllərin dayandırılmasını tələb edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər şahidlər Şərur RPİ-nin PPXBnın polis nəfərləri X2 və X3 məhkəməyə şahid X8 ilə eyni məzmunlu izahat vermişlər. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri və Şərur RPİ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamaqla İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi kimi Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, əmilindən peşman olmasını, müəyyən etmişdir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar