Məhkəmə qərarları › İş №3(110)-168/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-168/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-168/2024 27.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1984-cü ildə Şərur rayon Danyeri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3 uşaqlı, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon Danyeri kəndində yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən protokol tərtib olunub ondan ötrü ki, Şəxs Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-4/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırmış, icra vərəqəsi üzrə 2950 manat borcu yaranmış, edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamışdır. Məhkəmədə inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, icra məmurunun və Şəxs izahatı ilə onun əməlində inzibati xəta tərkibinin olmadığı müyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında icra sənədi barədə məlumatlı olduğunu, məhkəmənin qərarına əsasən hər 3 uşağın ananın yanında qalması müəyyən olunsa da, uşaqlardan birinin faktiki olaraq onun yanında qaldığını, onun bütün ehtiyaclarını özünün ödədiyini, buna görə həmin uşaq üçün aliment ödəmədiyini, borcunun bu səbəbdən yarandığını, uşaq tələbi ilə bağlı məhkəmədə iddia qaldırdığı iddianın rədd olunduğunu, qətnamədən verdiyi apellyasiya şikayəti təmin olunmadığı üçün kassasiya şikayəti verdiyini, anada qalan uşaqlar üçün 300 manat aliment ödədiyini, həmin uşaqlardan birinin isə liseydə oxuduğunu, onun ehtiyaclarının məktəb tərəfindən qarşılandığını bildirib izahatında göstərilənlərin nəzərə alınaraq icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokolu tərtib edən şəxsin izahatı: Məhkəmədə protokolu tərtib edən şəxs Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş borcun tutulmasına dair icra sənədinin aidiyyəti üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borcluya məhkəmə tərəfindən təyin olunmuş borcun tam və vaxtında icrası olunması barədə dəfələrlə xəbərdarlıqlar edildiyini, borclunun isə uşaqğın birinin faktiki onunla yaşamasını əsas gətirərək 300 manat aliment ödədiyini, məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclunun yenə icra sənədinin tam icrasından boyun qaçırdığını, tələbkarın isə israrla alimenti tam şəkildə tələb etdiyini, buna görə də onun barəsində inzibati protokol tərtib edildiyini verdiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)- 4/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2010-cu il tarixdə doğulmuş X5, xx.xx.2013-cü il tarixdə doğulmuş X3 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 üçün bir uşaq üçün hər ay 130 manat olmaqla, ümumilikdə 390 manat miqdarında sabit pul mənləğində aliment tutularaq uşaqlar yetkinlik yaşına çatanadək anası Şərur rayon Danyeri kəndində yaşayan X2 ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıqların surətindən görünür ki, tələbin könüllü icra olunmayacağı təqdirdə tələbin məcburi qaydada icra olunacağı göstərilmişdir. İş materiallarında olan Şərur Rayon İcra Hakimiyyəti danyeri kənd İƏDN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X6 xx.xx.2023-cü il tarixdən atası Şəxs ilə birgə yaşayır. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş materillarını araşdırarkən müəyyən olunmuşdur ki, borclu Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, borclu iki uşağın saxlanması üçün hər ay X2 300 manat aliment ödəyir, icra nümayəndəliyinin arayışına əsasən Şəxs 2023-cü ilin noyabr ayından borclu ilə birlikdə yaşadığı üçün onun tələbatlarını özü ödəyir. Şəxs uşaq tələbi ilə bağlı məhkəmədə qaldırdığı iddia rədd olunmuş, qətnamədən verilmiş şikayəti təmin olunmamış, lakin yekun qərar hələ qanuni qüvvəsini almamışdır. Tələbkar atanın yanında yaşayan uşağın atadan alınıb anaya verilməsinə dair məhkəmədə iddia qaldırmamışdır. Beləliklə borclu tərəfindən borcun üzürsüz səbəbdən ödənilməsi halları mövcud deyildir. Çünki, ailə münasibətləri dəyişən münasibətlərdir. Uşaq 6 aydan artıq müddətdə atanın yanında yaşayır. Hazırkı vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar