Məhkəmə qərarları › İş №3(110)-169/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-169/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-169/2023 18.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsindən daxil olmuş, xx.xx.1976-ci ildə Şərur rayonu, Tumaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaqlı, 2-ci qrup əlil, prezident təqaüdçüsü, Şərur rayon Tumaslı kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Tumaslı kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:10 radələrində Tumaslı kənd xidmət mərkəzindəki mağazada ucadan səs-küy salaraq nalayiq söyüşlər söymüş, onu ictimai qaydaya riayət etməyə dəvət edən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə qaynı Əhmədov Nurunun oğlunun hərbi xidmətə getdiyi üçün evində qonaqlıq verdiyini, onun da dəvətli olduğunu, orada yeyib-içdikdən sonra kəndin mağazasına gəldiyini, mağazada satıcıdan siqaret və pivə istədiyini, onu isə cavabında siqaretin olduğu, lakin pivənin olmadığını dediyini, siqaret alıb mağazadan çölə çıxdığını, içkili olduğu üçün ünvansız söyüşlər söyməyə başladığını, həmin vaxt kənddə xidmət aparan polis əməkdaşlarının ona yaxınlaşıb ictimai yerdə söyüş söyməməyi bildirdiyini, içkili vəziyyətdə olduğu üçün bu hərəkətləri etdiyini, əməlindən çox peşman olduğunu bildirib məhkəmədən yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 21:10 radələrində xidməti vəzifəsini yerinə yetirən zaman kəndin xidmət mərkəzindəki mağazadan səs-küy gəldiyini və nalayiq söyüşlər söyüldüyünü eşitdiyini, post yoldaşı Elşən Məmmədov ilə həmin yerə gedəndə həmin şəxsin Fərmail olduğunu gördüyünü, onu nizam-intizama dəvət etdiklərini, lakin onun məhəl qoymadığını, buna görə həmin şəxsi Şərur RPİ-yə gətirdiklərini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında şahid X1 ilə eyni məzmunda izahat vermişdir. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Fərmailin mağazadan siqaret aldığını, onun sərxoş vəziyyətdə olduğunu, mağazda əlavə 2-3 nəfərin olduğunu, onun söyüş söyməsinin şəxsən şahidi olmadığını, mağazadan bayırda nə baş verdiyini bilmədiyini, lakin sonradan mağazadan içəcək alan uşaqların söyüş etdiyi üçün Fərmaili polislərin apardığını söylədiklərini bildirmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 186 nömrəli sərxoşluq halını təyin edən tibbi müayinə protokolundan görünür ki, Şəxs qanında alkoqolun konsentrasiyası 1,52 promil olmaqla ağır dərəcədə sərxoşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0383 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:45-də tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 16:00-da azad edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 058581 nömrəli vəsiqədən görünür ki, Şəxs 2-ci qrup əlildir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxsin əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, 2-ci qrup əlil olmasını və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar