Məhkəmə qərarları › İş №3(110)-17/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-17/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-17/2024 17.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1984-cü ildə Şərur rayon Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayon Zeyvə kəndində yaşayan Şəxs barəsində (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərur Rayon İcra və Probasiya Şöbəsində icraatda olan Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-291/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa 110 manat olmaqla, cəmi 220 manat miqdarında alimentin tutularaq X1 xeyrinə ödənilməsinin göstərilməsinə baxmayaraq Şəxs uzun müddət ərzində icra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırmış, cəmi 15840 manat borcu yaranmış, edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamış və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər, icra məmurunun, tələbkarın və özününü izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında icra sənədləri barədə məlumatlı olduğunu, indiyədək icra sənədi üzrə heç bir ödəniş etmədiyini, 2008-ci ildən Aidədən ayrıldığını, 2018-ci ildən aliment təyin olunduğunu, uşaqlarını görə bilmədiyini, buna görə aliment ödəmədiyini, özünün yenidən ailə qurduğunu, bir uşağının olduğunu, maddi imkanının aşağı olduğunu, haliyədə Türkiyədə yaşadığını, Azərbaycana ikinci ailə qurduğu şəxslə rəsmi nikaha daxil olmaq üçün gəldiyini, burda ölkədən çıxışına məhdudiyyət və axtarış olduğunu öyrəndiyini, məhdudiyyətin qaldırılması üçün icra məmuruna müraciət etdiyini, onun isə aliment borcunu ödəməsini tələb etdiyini, ikinci evliliyindən olan azyaşlı uşağın Türkiyədə qaldığını, bunları nəzərə alıb həbs edilməməsini və məhdudiyyətin götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X2 iştirak etməmiş, telefonoqram göndərilən zaman yenidən ailə qurduğunu, Türkiyənin İstanbul şəhərində Qazi Osmanpaşada kirayədə yaşadığını, 2008-ci ildən Namiqlə ayrıldığını, Namiqin 10 il aliment ödəmədiyini, məcbur qalıb 2018-ci ildə iddia qaldırdığını, ondan sonra da Namiqin aliment ödəmədiyini, ötən il icra qurumuna gəlib alimenti tələb etdiyini, həmin vaxt Namiq Türkiyədə olduğundan icra məmurunun heç nə edə bilmədiyini, Namiqin uşaqları ilə bir valideyn kimi ümumiyyətlə maraqlanmadığını, gəlib görmədiyini, bu illər ərzində uşaqları tək böyütdüyünü, uşaqları görə bilməməsi ilə bağlı dediklərinin bəhanə olduğunu, hazırda da istənilən vaxt gəlib uşaqlarını görə biləcəyini, alimenti ödəməyəcəyi təqdirdə Şəxs barəsində ciddi tənbeh tətbiq olunmasını xahiş etmişdir. Protokolu tərtib edən şəxsin izahatı: Məhkəmədə protokolu tərtib edən şəxs Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında Şirvan Şəhər Məhkəməsi tərəfindən 2018-ci ildə verilmiş icra sənədlərinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borcluya dəfələrlə xəbərdarlıqlar edildiyini, buna baxmayaraq heç bir ödəniş etmədiyini, 15840 manat borcunun yarandığını, şəxsin barəsində axtarış elan edildiyini, məhdudiyyət qoyulduğunu, məhdudiyyətin götürülməsi üçün ona müraciət etdiyini, onun da borcunu ödəməli olması, əks təqdirdə protokol tərtib etməli olduğunu ona izah etdiyini, bundan sonra Namiqin, anası və arvadının aqressiv şəkildə ona qarşı nalayiq ifadələr işlətdiyini, səs-küy saldıqlarını, buna görə də onun barəsində inzibati protokol tərtib edildiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan olan Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)- 291/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il tarixdən hesablanmaqla Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa 110 manat olmaqla, cəmi 220 manat miqdarında alimentin tutularaq X1 xeyrinə ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıqların surətindən görünür ki, tələbin könüllü icra olunmayacağı təqdirdə tələbin məcburi qaydada icra olunacağı göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, aliment borcunun miqdarını və həmçinin işin bütün digər hallarını məcmu halında nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar