Məhkəmə qərarları › İş №3(110)-172/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-172/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-172/2023 19.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1996-cı ildə Şərur rayonu, Xələc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayonu, Xələc kəndində qeydiyyatda duran və yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, 013161 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə 3000 manat inzibati cəriməni ödəməkdən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədi barədə məlumatının olduğunu, işsiz olduğunu, himayəsində üç azyaşlı uşağının, xəstə atasının, yaşlı anasının olduğunu, buna görə də, inzibati cəriməni ödəyə bilmədiyini, işləyib borcunu ödəyəcəyini qeyd edərək, məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 izahatında Şərur Rayon Məhkəməsinin 3(110)-40/2023 nömrəli 28 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində cərimə edildiyini, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş verildiyini, icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclunun ödəməli olduğu məbləği bu günədək ödəmədiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin borcluya izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədinin icrasından boyun qaçırıldığını, buna görə də, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, düzgün olaraq Şəxs barəsində İXM-in 529.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Buna görə də o, inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 3(110)-40/2023 nömrəli 28 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 013161 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə 3000 manat inzibati cəriməni ödəməkdən yayındıgından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamış, eyni zamanda o, pensiya və sosial ödənişlərlə təmin olunmamış, həmçinin banklarda girov və ya pul hesabları aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Şəxs Şərur Rayon Məhkəməsinin 3(110)-40/2023 nömrəli 28 fevral 2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş cərimə növündə inzibati tənbehi ödəməsi ilə bağlı xəbərdar edilməsinə baxmayaraq, o inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bundan başqa iş materialında sənədlərlə, icra işi üzrə sistemdən çıxarışla müəyyən edilir ki, Şəxs adına həmin borcun yönəldilə biləcəyi qiymətli əşya, daşınar və daşınmaz əmlak, pensiya, banklarda girov və ya pul hesabları aşkar edilməmişdir. Bununla da Şəxs inzibati cərimə olunmasına dair barəsində olan qərarı qanunvericiliklə müəyyən edilmiş müddətə icra etmədiyindən icra məmuru tərəfindən şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 529.2-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. - 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir; - 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. - 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli, həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati xəta törətmiş şəxs Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Naxçıvan MR Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar