Məhkəmə qərarları › İş №3(110)-172/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-172/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-172/2024 08.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1991-ci ildə Şərur rayonu, Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2 uşaqlı, işsiz, Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda duran, Şərur şəhəri Heydər Əliyev prospektində yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Xanlıqlar kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:05 radələrində Şərur şəhərində sərnişin kimi əyləşdiyi nəqliyyat vasitəsini saxlayan polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək ucadan səs-küy salmış, onu sakitliyə və ictimai qaydaya riayət etməyə dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində əvvəlcədən tanıdığı Turan adlı oğlan ona zəng edərək onu çoxdandır görmədiyini, onunla görüşüb restoranda bir çay içmək istədiyini dediyini, onun da Turanla razılaşdığını, saat təxminən 22:00-da Turan ona zəng edərək gəldiyini bildirdiyini, hazırlaşaraq evdən çıxdığını, Turanın maşınına əyləşdiyini, Turan maşını sürüb gedərəkən səhv istiqamətə döndüyündən polis əməkdaşının onu saxladığını, Turan maşından düşərək polislərin yanına getdiyini, onlarla söhbət edərək çox yubandığını, bu səbəbdən də onun da maşından düşərək onların yanına getdiyini, yol polisi Xəyalın onu görəndən sonra “getmə gözlə rəisə zəng edim” dediyini, bir az sonra Roman müəllimin də oraya gəldiyini, Xəyalın ona “bu oğlan Ayseli deyəsən görüşə aparır, yolu da səhv döndülər, o səbəbdən də saxladıq” dediyini, Roman müəllimin də Turandan “bunu görüşə aparırsan?” deyə soruşaraq onun barəsində əxlaqsız söz işlətdiyini, onun da bu səbəbdən əsəbləşərək ucadan səs-küy saldığını, onlara onların vəzifəsinin yol hərəkəti qaydalarını pozulmasına nəzarət etmək olduğunu, əsəbi olduğu üçün özünü ələ ala bilmədiyini, bu səbəbdən də polis əməkdaşları onu sərxoşluq müayinəsindən keçirmək üçün xəstəxanaya apardıqlarını, içki qəbul etmədiyi müəyyən olduqdan sonra isə onu polis idarəsinə dəvət etdiklərini, himayəsində iki azyaşlı uşağı olduğunu bildirib, məhkəmədən qanun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə saat təxminən 23:30 radələrində Şərur şəhərində yaşadığı ünvana getdiyini, həmin zaman yol polis əməkdaşlarının onu qoşa xəttin üzərindən keçdiyi üçün saxladıqlarını, ona cərimə yazacaqlarını dediklərini, onun da razılaşdığını, çıxıb gələn zaman maşında əyləşən Aysel adlı xanım maşından düşərək polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək səs-küy saldığını, polis əməkdaşlarının Ayseli nizam-intizama dəvət etdiklərini, lakin Ayselin sakitləşmədiyini, bu səbəbdən də onları Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, onun getdiyini, lakin Ayselin biraz da narahatçılıq yaratdığını, bu səbəbdən də onları polis idarəsinə apardıqlarını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə saat təxminən 23:40 radələrində Heydər Əliyev prospektində xidmət aparkən ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun nişanlama xəttinin tələbini pozduğundan həmin avtomobili saxladığını, sürücüyə qayda pozuntusu barədə məlumat verərək sənədlərini təqdim etməsini xahiş etdiyini, bu zaman avtomobildə əyləşən xanım yerə düşərək onları niyə saxladığını soruşduğunu, ona maşına əyləşməsini xahiş etdiyini, lakin həmin xanım onun bu sözünə məhəl qoymayaraq onun və polis orqanının ünvanına nalayiq ifadələr işlətməyə başladığını, ətrafda insanlar olduğunu, dəfələrlə ondan sakit olmağı xahiş etməyinə baxmayaraq qanuni tələbə məhəl qoymadığını, bu səbəbdən də xidmət rəisinə məruzə etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə saat təxminən 23:50 radələrində X1 ona zəng edərək ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun nişanlama xəttinin tələbini pozduğu üçün həmin avtomobili saxladığını, həmin avtomobildə sərnişin qismində əyləşən xanımın yerə düşərək səs-küy salaraq onu təhqir etdiyini bildirdiyini, həmin əraziyə yaxın olduğu üçün dərhal hadisə yerinə getdiyini, sürücü ilə söhbət edərkən həmin xanımın ona yaxınlaşaraq səs-küy salmağa davam etdiyini, dəfələrlə ona ictimai qaydanı pozmaması barədə xəbərdarlıq etsə də ona məhəl qoymayaraq onlara qarşı ucadan həddən artıq nalayiq ifadələr işlətməyə davam etdiyini, ona qarşı dediyi kimi hər hansı nalayiq ifadə və atmaca atılmadığını, özünə haqq qazandırmaq üçün elə danışdığını, etdiyi hərəkətlər şübhə yaratdığından onu ilk öncə sərxoşluğun müayinəsi üçün sonra isə izahat üçün idarəyə dəvət etdiklərini bildirdi. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə şəxsin himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar