Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-18/2024 29.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2001-cü ildə Şərur rayonu, Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Şərur rayonu, Babəki kəndində yaşayan Şəxs (fin: 5LD3W4D) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Babəki kənd sakini Şəxs Şərur rayon Çəmənli kəndində xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Şərur rayon Çəmənli kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 3660 manat dəyərində yonca və saman presini və Şərur rayon Babəki kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1965 manat dəyərində yonca və saman presini yandıraraq məhv etmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli özünün, zərəçəkmiş şəxslərin və şahidin izahatı, inzibati xəta haqqında protokollara əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında xx.xx.2023-cü il tarixdə Şərur rayon Çəmənli kəndinin mərkəzində dayandığını, orada yerləşən mağazadan 1 butulka pivə alıb yenidən kənd mərkəzinə çıxdığını, orada olan zaman oradan keçən Şərur rayon Çəmənli kənd sakini Nəriman adlı şəxsin idarə etdiyi velosipedə əyləşdiyini və onu Şərur rayon Qarahəsənli kəndinə aparmağını xahiş etdiyini, onun da onu həmin kəndə apardığını, ora dostu Samiq adlı şəxsi görmək üçün getdiyini və onu çağırdığını, atasının ona Samiqin evdə olmadığını bildirdiyini, daha sonra pivəni içib qurtardığını, sonra yoldan keçən tanımadığı avtomobilə əl ilə işarə edib dayanmasını bildirdiyini, həmin şəxsin onu avtomobilinə əyləşməyinə icazə verdiyini, onu Çəmənli kəndində yerləşən çayxananın qarşısına apardığını, həmin çayxanaya daxil olub 7 bakal pivə içdiyini, təxminən saat 21 radələrində oradan çıxıb Şərur rayon Babəki kəndində yerləşən evlərinə getmək istədiyini, bu zaman mağazadan kibrit aldığını, qarşısına çıxan tayaları yandırmaq fikrinə düşdüyünü, piyada gedən zaman Çəmənli kəndində yerləşən həmin kənd sakini Novruz adlı şəxsə məxsus olan fermanın həyətində pres tayasını gördüyünü, bu zaman üşüdüyünü, həmin tayanın yanına getdiyini, tayanın ətrafında heç kimin olmadığını və yağışın yağdığını, otları islandığı üçün tayanın orta hissəsini əli ilə dağıtdığını və içəridən quru otları çıxarıb həmin otları əlindəki çaxmaqla yandırdığını, təxminən 10 dəqiqə həmin yanğının yanında durduğunu və isinməyə başladığını, bu zaman olduğu yerə tərəf avtomobilin gəldiyini görüb Çəmənli kəndində yerləşən çöllük ərazi tərəfə qaçdığını, oradan da Babəki kəndində yerləşən evlərinə getdiyini, evlərinin həyətyanı sahəsində olan zaman anidən həmkəndlisi Cabir adlı şəxsin ona 3 manat borclu olduğunun ağlına gəlib onun da ot tayasını yandırmaq fikrinə düşdüyünü, öz həyətlərindən çıxıb Cabir adlı şəxsin həyətinə getdiyini və onun tayasının yanında dayandığını, ətrafdan selofan torbaları toplayıb onları büküb tayanın orta hissəsinə qoyduğunu, həmin selofana kibritlə od verdiyini, tayanın alışıb yanmağa başladığını, çöllük tərəfə qaçdığını və kənardan oranı izləməyə başladığını, bu zaman tayanın yanına əlində fənər bir nəfərin gəldiyini, qorxduğu üçün Çəmənli kəndinin çöllüyünə tərəf qaçdığını, orada biraz qaldıqdan sonra təxminən 23:00 radələrində evlərinə getdiyini, nənəsi Zəhranın polis əməkdaşlarının onu axtardığını bidirdiyini, daha sonra polis əməkdaşlarının həyətlərinə gəldiklərini, qorxduğu üçün açıb hər şeyi onlara dediyini, həmin şəxslərlə heç bir düşmənçiliyi və ədavətinin olmadığını, bu məsələ ilə bağı heç kimin ona heç nə tapşırmadığını, həmin vaxtı tək olub yanında heç kimin olmadığını, içkili vəziyyətdə olanda nə etdiyini bilmədiyini, 1 ay dispenserdə müalicə aldığını, bir az əsəblərinin yerində olmadığını, xəstəliyinə görə hərbi xidmətə aparılmadığını bildirmişdir. Zərərçəkmiş şəxslərin izahatı: Məhkəmədə iştirak edən Zərərçəkmiş şəxs1 izahatında və verilmiş suallara cavabında uzun müddətdir ki, iribuynuzlu və xırdabuynuzlu mal-qara saxladığını, halhazırda 4 ədəd inəyi və 20 ədəd qoyununun olduğunu, mal-qaranı yaşadığı evin həyətyanı sahəsindəki tövlədə saxladığını, qış aylarında mal-qaranın yemini təmin etmək üçün yaşadığı evin həyatyanı sahəsində yonca əkdiyini, əkin sahəsi az olduğu üçün hər il mütəmadi olaraq əlavə preslər də aldığını, aldığı və əkindən əldə etdiyi presləri yaşadığı evin həyətyanı sahəsinə yığdığını, xx.xx.2023-cü il tarixdə həyətdə ons məxsus 500 presin olduğunu, onlardan 410 ədədinin yonca presi, 50 ədədinin saman presi, 40 ədədinin isə qarğıdalı presi olduğunu, xx.xx.2023-cü il tarixdə axşam saatlarında əmisi Qəzənfər Qasımov onun telefonuna zəng edib ona məxsus preslərin yandığını bildirdiyini, dərhal evdən çıxıb həyətyanı sahəyə getdiyini, oraya çatanda ona məxsus preslərin yandığını gördüyünü, ora çatandan bir neçə dəqiqə sonra yanğınsöndürənlərin gəlib yanğını söndürməyə başladıqlarını, sonra polis əməkdaşlarının da hadisə yerinə gəldiyini, yanğın nəticəsində ona məxsus 70 ədəd yonca presinin yandığını, qalan preslərin isə istifadəyə yararsız hala düşdüyünü, dəymiş ziyan ödənilmədiyini, dəymiş ziyan ödənilsə ona qarşı şikayətinin olmayacağını bildirmişdir. Məhkəmədə iştirak edən Zərərçəkmiş şəxs2 izahatında və verilmiş suallara cavabında uzun müddətdir ki, xırdabuynuzlu mal-qara saxladığını, hal-hazırda 92 ədəd qoyunu olduğunu, həmin qoyunları 2004-cü il tarixində aldığı fermada saxladığını, qoyunların yemini təmin etmək üçün hər il yonca əkdiyini, yay aylarında yoncanın biçimindən əldə olunmuş presləri fermanın həyətində topladığını, eyni zamanda yonca ilə birlikdə buğda da əkdiyini, buğdanın biçimindən əldə etdiyi saman preslərini də fermanın həyətində topladığını, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində evdə olan zaman bir nəfər şəxsin ona zəng etdiyini və ona məxsus fermanın həyətyanı sahəsinə yığıdığı pres tayalarının yandığını bildirdiyini, dərhal evdən çıxıb fermaya getdiyini, oraya çatanda ona məxsus preslərin yandığını gördüyünü, ora çatandan bir neçə dəqiqə sonra yanğınsöndürənlərin gəldiyini, yanğını söndürməyə başladıqlarını, sonra polis əməkdaşlarının da hadisə yerinə gəldiklərini, yanğın nəticəsində ona məxsus preslərin hamısının yandığını, ona dəymiş ziyanin ödənilmədiyini bildirmişdir. Şahid ifadəsi: Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilmiş suallara cavabında hər gün axşam saatlarında yatmamışdan əvvəl tövləyə gedib inəkləri yoxladığını, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində yaşadığı evdən çıxdığını və tövləyə tərəf getməyə başladığını, bu zaman qonşuluğunda yaşayan qardaşı oğlu Zərərçəkmiş şəxs1 yaşadığı evdən işıq gəldiyini gördüyünü, biraz yaxınlaşanda ona məxsus tayanın yandığını gördüyünü, dərhal evə qayıdıb Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng etdiyini və tayasının yanması barədə ona məlumat verdiyini, eyni zamanda oğlu Anara da bu barədə məlumat verdiyini, oğlu ilə birlikdə evdən çıxdığını, Cabirə məxsus yanan preslərin yanına getməyə başladığını, evdən çıxanda fənərin işığını tayaya tərəf tutduğunu, tayanın yanından bir nəfər şəxsin kanala tərəf qaçaraq getdiyini gördüyünü, onun kim olduğunu görmədiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1238 saylı ekspert rəyindən görünür ki, 500 ədəd presin orta bazar qiyməti nəzəri qaydada təxminən 1965 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1237 saylı ekspert rəyindən görünür ki, 850 ədəd presin orta bazar qiyməti nəzəri qaydada təxminən 3660 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, törədilən əməllər vahid niyyətlə əhatə olunmadığından, hər bir əməl üzrə isə vurulmuş ziyanın məbləği 5000 manatdan az olduğundan Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 56 saylı ekspert rəyindən görünür ki, Şəxs “emosional davamsız şəxsiyyət pozuntusu” psixi xəstəliyi vardır. Şəxs olan psixi xəstəlik onda hüquqazidd əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarından məhrum etməmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilməsi ilə bağlı İXM-in 39.2-ci maddəsinin məzmunu izah edilsə də vurulmuş ziyan ödənilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 25.6-cı maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı ilə ölçülən cərimənin məbləği həmin ziyanın (əldə edilmiş gəlirin) on mislindən artıq ola bilməz. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, səmimi peşmançılığını, habelə əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində hər bir əmələ görə vurulmuş ziyanın bir misli miqdarında inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. İş üzrə vurulmuş ziyan ekspert rəyləri ilə təsdiqini tapdığından və məhkəmə icraatı müddətində ödənilmədiyindən məhkəmə vurulmuş ziyanın ödənilməsi məsələsinin də həll edilməsini qanuni və əsaslı hesab edir. İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin məcəllənin 36.2-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinə əsasən zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam şəkildə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib inzibati xətalar nəticəsində vurulmuş ziyanın bir misli miqdarında olmaqla ümumilikdə 5625 (beş min altı yüz iyirmi beş) manat miqdarında inzibati cərimə edilsin. İnzibati xəta nəticəsində vurduğu maddi ziyana görə Şərur rayonu Babəki kəndində yaşayan Şəxs 1965 (bir min doqquz yüz altmış beş) manat alınıb Şərur rayonu Babəki kəndində yaşayan Zərərçəkmiş şəxs1, 3660 (üç min altı yüz altmış) manat alınıb Şərur rayonu Çəmənli kəndində yaşayan Zərərçəkmiş şəxs2 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-18/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-18/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver