Məhkəmə qərarları › İş №3(110)-184/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-184/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-184/2025 23.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, Nağıyev Habil Adil oğlunun katibliyi ilə Şikayət verən X2 Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X5 İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən X3 xx.xx.2025-ci il tarixdə Şərur Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək barəsində Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X5 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati Tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət verən X3 şikayətində Şərur rayon K-n Seyidov küçəsində yerləşən ət bazarı deyilən binanın zirzəmisində 20 m2 kirayə olaraq foto studiya işlətdiyini, xx.xx.2025-ci il tarixdə X5 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı mağazada hər şeyin qaydasında olduğunu, YTQ-nin tələblərindən yalnız birinin pozulmasına görə ona irad tutulduğunu və tez bir zamanda aradan qaldırılmasının tövsiyə olunduğunu, əməkdaşların müayinə zamanı mehriban davrandıqlarını, səmimi ünsiyyət quraraq heç bir narahatçılığın olmadığını, tətbiq olunan cəriməni ödəmək vəzifəsinin obyekt sahibinə aid olduğunu bildirərək mağazanı tərk etdiklərini, iki gün ərzində yoxlama zamanı aşkar olunmuş nöqsanı aradan qaldırdığını, təqribən 10 gün ərzində, sonuncusu xx.xx.2025-ci il tarixli olmaqla poçt əməkdaşı tərəfindən ona üç məktub zərfi təqdim edildiyini, həmin zərfdəki məktublara əsasən guya FHN əməkdaşları xx.xx.2025-ci il tarixdə müayinə aparılacağı ilə bağlı bildiriş göndərdiyini, xx.xx.2025-ci il tarixdə barəsində aparılan inzibati icraatla bağlı ünvan 1 ünvanında yerləşən FHN-in DYNİ-nə dəvət olunduğu və nəticədə barəsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilməklə, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə uyğun olaraq 100 (bir yüz) manat məbləğində cərimə edilməsi barədə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edildiyini, həmin qərar ilə razı olmadığını bildirmiş və X5 İdarəsinin əməkdaşları tərəfindən barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən X3 və inzibati tənbeh vermə barədə qərar qəbul edən Azərbaycan Respublikası Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X6 İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən şikayət verən şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X6 İdarəsinin 11 iyun 2025-ci il tarixli 988 nömrəli YTM aktından görünür ki, Şərur rayon K-n Seyidov küçəsində yerləşən, X3 tərəfindən ət bazarı deyilən binanın zirzəmisində 20 m2 kirayə olaraq işlədilən mağazada müayinə zamanı qeyd olunan qanun pozuntuları aşkar olunmuşdur – Yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təmin olunmayıb (Əsas YTQ 01.2001 bənd 9.1). İlkin yanğınsöndürən balonla təmin olunmayıb (Əsas YTQ 01.2001 bənd 10.4). Çağırış telefon nömrələrini bildirən göstərici lövhələr yoxdur (Əsas YTQ 01.2001 bənd 2.1). Elektrik naqillərinin gərginliyə qarşı müqavimət aktı tərtib olunmayıb (Əsas YTQ 03.2002 bənd 3.19.16). - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, X3 18 iyun 2025-ci il tarixdə Şərur rayon K-n Seyidov küçəsində ət bazarı deyilən binanın zirzəmisində 20 m2 kirayə olaraq işlətdiyi mağazada planlı YTM zamanı YTQ 01.2001 bənd 9.1, YTQ 01.2001 bənd 10.4, YTQ 01.2001 bənd 2.1 və YTQ 03.2002 bənd 3.19.16 maddəsində nəzərdə tutulmuş qaydaları pozaraq inzibati xəta törətmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir;. - Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X6 İdarəsinin rəisi v.m.i.e X4 tərəfindən tərtib edilmiş 25 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.5ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək törətdiyi inzibati xətaya görə 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X6 İdarəsinin 25 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1- ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, X3 şikayət ərizəsində Şərur rayon K-n Seyidov küçəsində yerləşən ət bazarı deyilən binanın zirzəmisində 20 m2 kirayə olaraq foto studiya işlətdiyini, xx.xx.2025-ci il tarixdə X5 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı mağazada hər şeyin qaydasında olduğunu, YTQ-nin tələblərindən yalnız birinin pozulmasına görə ona irad tutulduğunu və tez bir zamanda aradan qaldırılmasının tövsiyə olunduğunu, əməkdaşların müayinə zamanı mehriban davrandıqlarını, səmimi ünsiyyət quraraq heç bir narahatçılığın olmadığını, tətbiq olunan cəriməni ödəmək vəzifəsinin obyekt sahibinə aid olduğunu bildirərək mağazanı tərk etdiklərini, iki gün ərzində yoxlama zamanı aşkar olunmuş nöqsanı aradan qaldırdığını, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə uyğun olaraq 100 (bir yüz) manat məbləğində cərimə edilməsi barədə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edildiyini, həmin qərar ilə razı olmadığını qeyd etsə də, qeyd olunan nöqsanların onun işlətdiyi mağazada aşkar edildiyi məlum olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər; - 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; - 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər; - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; -134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biridir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X6 İdarəsinin 25 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 128-134-cü və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X5 İdarəsinin 25 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar