Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-185/2024 17.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala əsasən Şəxs Sərur rayon Qorçulu kənd mərkəzində xx.xx.2024-cü il tarixdə Şərur rayon Kürkənd kənd sakini Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq etməklə döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında materialda olan Şəxs izahatından görünür ki, o xx.xx.2024-cü il tarixdə Qorçulu kənd icra nümayəndəsi Əliyev Həmzənin ona zəng etdiyini, Nuridə və övladlarının qanunsuz əməllərindən şikayət edəcəklərini bildirib onu da dəvət etdiyini, kəndin mərkəzi hissəsinə çatanda həmkəndliləri Həmzə Əliyev, Həsən, Əhməd, mağaza işlədən Vilayət Zeynalov, Yusif Nəcəfov və digərlərinin orada olduğunu, Həmzə Əliyevin adları qeyd edilən şəxslərə, Afiq Nəcəfov, Orxan Rzayev, Vüsal Əliyev, Yusif Nəcəfova da zəng edib onları həmin yerə çağırdığını, sonra Həmzə Əliyevin ondan bir neçə nəfər şəxsə zəng etməyi xahiş etdiyini, Musa Məmmədov, Əsgər Bəhlülov, Adil, Elbrus Rzayevə zəng edib onları kəndin mərkəzi hissəsinə çağırdığını, eyni zamanda Nemət Əsgərov, Oktay Bəhlülov və digərlərinin də oraya gəldiyini, sonra polis əməkdaşlarının gəldiyini, Nuridə və övladlarının əxlaqsız hərəkətləri barədə polis əməkdaşlarına məlumat verdiklərini, polis əməkdaşlarının Şərur Rayon Polis İdarəsinə yaxınlaşmağı məsləhət edib getdiklərini, çölə gedib orada biraz işlədikdən sonra mağazadan siqaret almaq üçün kəndin mərkəzi hissəsinə qayıtdığını, mağazada olanda Ceyhun Əliyevin uca səslə “maşın gəldi, gəlin gedək” dediyini, Ceyhun Əliyevlə birlikdə Nuridənin yaşadığı evə tərəf getdiyini, onun idarə etdiyi “Qazel” markalı avtomobillə getdiklərini, Əsgər və Çingizin isə piyada arxalarınca gəldiyini, avtomobili evin təxminən 200 metrliyində saxladığını, Ceyhunun Nuridənin yaşadığı evə tərəf getdiyini, özünün onun arxasıca getdiyini, Ceyhunun həmin şəxsin avtomobilinin qapısını açdığını, qapını örtəndə Kürkənd kənd sakini Əsgər adlı şəxsin evdən çıxdığını, Ceyhun ilə Əsgər adlı şəxsin yolda tutaqlaşdıqlarını, Nuridənin də orada olduğunu, Əsgərin onun ailəvi dostu olduğunu bildirdiyini, Ceyhunun Əsgəri əli ilə vurduğunu, özünün də Əsgəri sillə ilə vurduğunu və Həmzə Əliyevə zəng edib bu barədə məlumat verdiyini, sonra Elbrus, Məhərrəm, Çingiz, Əsgər Bəhlülovun çatdığını, Sevgili, Səltənət və digər qonşuluqda yaşayan qadınların da onların yanına gəldiklərini, sonra xeyli sayda insanın gəldiyini, Nuridənin evindən təxminən 150 metr uzaqlaşdıqdan sonra polis əməkdaşlarının gəldiklərini, onların Əsgər adlı şəxsi camaatın arasından çıxarıb avtomobilə əyləşdirdiklərini, polis əməkdaşları olan zaman “Mercedes” markalı avtomobilin gəldiyini, bu zaman Oktay adlı şəxs və orada olan insanlar həmin avtomobilin sürcüsündən burada nə işi olduğunu soruşduğunu, həmin şəxsin cavab olaraq “quyu qazmağa gəlmişəm” sözlərini dediyini, bu zaman kənd camaatının ondan kimin evinə quyu qazmağa gəlmisən sualını soruşduqlarını, həmin şəxsin cavab olaraq “səhv gəlmişəm” sözlərini dediyini, bu zaman polis əməkdaşlarının orada həmin şəxsi də uzaqlaşdırmağa çalışdıqlarını, bundan sonra polis əməkdaşlarının onları Polis İdarəsinə dəvət etdiklərini bildirmişdir. İş üzrə zərərçəkən Zərərçəkmiş şəxs izahatından isə görünür ki, taksi fəaliyyəti ilə məşğul olduğunu, 21 iyun 2024-cü il tarixdə saat 20:00 radələrində Nuridənin onu və övladını Şərur şəhərində yerləşən parka aparmağı xahiş etdiyini, qardaşlarının övladlarını da həmin gün parka gətirməyi planlaşdırdığını, həm onları, həm də qardaşlarının övladlarını parka gətirdiyini, saat 23:00 radələrində Şərur şəhərindən çıxdıqlarını, əvvəlcə anası və qardaşı övladlarını apardığını, sonra Qorçulu kəndinə doğru hərəkət etdiyini, Nuridənin yaşadığı evə çatdıqda onların avtomobildən düşdüklərini, Nuridənin balaca övladı Tural yatdığı üçün anasının onu qucağında yaşadığı evə apardığını, özünün isə onlara məxsus iki ədəd paketi avtomobildən götürüb evin giriş qapısının yanına qoyduğunu, sonra avtomobilə yaxınlaşdığını, bu zaman Ceyhunun avtomobilə baxdığını görüb ondan nə üçün baxdığını soruşduğunu, onu kənara çağırdığını, biraz irəlilədikdən sonra Ceyhunun onun çənə nahiyəsindən yumruqla vurduğunu, zərbənin təsirindən yıxıldığını, bu zaman təxminən 6 nəfərin ətrafına toplaşdığınını, onu döyə-döyə asfalt örtüklü yola apardıqlarını, orada təxminən 30 nəfərin olduğunu, onu döyməyə başladıqlarını, bu zaman polis əməkdaşlarının yaxınlaşıb onu onların arasından çıxardığını, onların avtomobili ilə oradan uzaqlaşarkən həmin şəxslərin əvvəlcə polis əməkdaşının idarə etdiyi avtomobili saxlatdırmaq istədiklərini, sonra kənardan gələn başqa bir avtomobili görüb həmin avtomobili saxlatdırıb sürücünü döyməyə başladıqlarını, polis əməkdaşlarının həmin şəxsi kənd sakinlərinin arasından çıxarıb avtomobilə əyləşdirib oradan uzaqlaşdırdıqlarını bildirmişdir. İş üzrə zərərçəkən X2 izahatından isə görünür ki, 21 iyun 2024-cü il tarixdə saat təxminən 09:00 radələrində quyu qazmaq üçün Kəngərli rayon Xok kəndinə getdiyini, saat təxminən 22:00 radələrində işini bitirib yola çıxdığını, yolda olan zaman qardaşı Salehin ona zəng vuraraq “məni Qorçulu yolundan götür” dediyini, avtomobilim ilə onun dediyi istiqamətdə yola düşdüyünü, kəndləri yaxşı tanımadığı üçün Qorçulu kənd mərkəzinədək getdiyini, həmin vaxt kənd mərkəzində xeyli sayda insanın qaçışdığını gördüyünü, maraq üçün avtomobili sağa çəkərək saxladığını, orada dava olduğunu başa düşdüyünü, avtomobillə geriyə dönərək getmək istəyən zaman həmin insanların toplu formada üzərinə gəldiyini, onlardan birinin əlini avtomobilin şüşəsindən içəri salaraq yaxasından yapışdığını, bu vaxt kimsənin onun dodaq nahiyəsindən yumruqla vurduğunu, dərhal polis əməkdaşlarının gələrək onların qarşısına keçdiyini, polis əməkdaşlarının qapını açaraq onu aşağı endirdiklərini, yanında duraraq həmin şəxslərdən kənarlaşdırmağa başladıqlarını, polis əməkdaşlarının yanı ilə gedən zaman sağ böyür nahiyəsindən kimsənin onu yumruqla vurduğunu bildirmişdir. İş üzrə zərərçəkən X1 izahatından isə görünür ki, 21 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs anası Güllü Ələkbərovanın ona Şərur şəhərində yerləşən parka getməyi təklif etdiyini, saat 20:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə gəldiyini, onun idarə etdiyi avtomobillə Şərur şəhərinə gəldiyini, yolda Güllü Ələkbərovanın da avtomobilə əyləşdiyini və həmin parka gəldiklərini, saat 23:00 radələrində parkdan çıxdıqlarını, Zərərçəkmiş şəxs əvvəl anasıgili sonra isə onları evlərinə apardığını, yaşadığı evə çatdıqdan sonra Zərərçəkmiş şəxs avtomobili yaşadığı evin yanında saxladığını, iki ədəd paketi yaşadığı evə gətirdiyini, getmək istəyən zaman bir nəfər şəxsin ona yaxınlaşıb onu kənara çəkdiyini, sonra 5-6 nəfərin onu döyməyə başladıqlarını, iki övladı ilə birlikdə onları aralaşdırmaq üçün onların yanına getdiyini, orada olanda Ceyhunun onun qarın nahiyəsindən təpiklə vurduğunu, sonra həmin şəxslərin uzaqlaşdıqlarını bildirmişdir. İş üzrə zərərçəkən X3 izahatından isə görünür ki, 21 iyun 2024-cü il tarixdə saat 21:00 radələrində anası, qardaşı, Zərərçəkmiş şəxs, onun anası və qardaşlarının övladları ilə birlikdə Şərur şəhərinə parka getdiklərini, saat 23:00 radələrində parkdan çıxdıqlarını, yaşadığı evə çatdıqdan sonra Zərərçəkmiş şəxs avtomobili yaşadığı evin yanında saxladığını, iki ədəd paketi yaşadığı evə gətirdiyini, getmək istəyən zaman bir nəfər şəxsin ona yaxınlaşıb kənara çəkdiyini, sonra 5-6 nəfərin onu döyməyə başladıqlarını, anası və bacısı ilə birlikdə onları aralaşdırmaq üçün onların yanına getdiklərini, orada olanda onu kənara çəkmək istəyən bir nəfər şəxsin onu itələdiyini, sonra həmin şəxslər uzaqlaşdıqlarını bildirmişdir. İş üzrə zərərçəkən X4 izahatından isə görünür ki, 21 iyun 2024-cü il tarixdə anası, qardaşı, Zərərçəkmiş şəxs, onun anası və qardaşlarının övladları ilə Şərur şəhərinə parka getdiklərini, saat 23:00 radələrində anasıgilin qayıtdığını, onları Əsgərin gətirdiyini, o gedərkən naməlum şəxslərin onu döyməyə başladıqlarını, anası və bacısı ilə birlikdə onları aralaşdırmaq üçün onların yanına getdiklərini, həmkəndlisi Ceyhun adlı şəxsin onun böyür nahiyəsindən yumruqla və ayaq nahiyəsindən təpiklə vurduğunu, sonra onların uzaqlaşdığını bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş materiallarından görünür ki, Şəxs və digər şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin əlamətlərinə işarə edən dəlillər mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il qərarında göstərilmişdir ki, edilsin ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə görə cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. Məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən həmin şəxslərin əməlinə düzgün hüquqi qiymət verilməmiş, cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul olunmuş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən isə həmin qərarın qanuniliyi yoxlanılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair 18 noyabr 2022-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını, cinayət əlamətlərinin olduğunu əsas gətirərək hesab edir ki, iş üzrə icraata xitam verilməli, materiallar ibtidai istintaq orqanına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında materiallar istintaq aidiyyəti üzrə baxılması üçün Şərur Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-185/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-185/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver