Məhkəmə qərarları › İş №3(110)-19/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-19/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-19/2023 26.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.1952-ci il tarixdə Şərur rayonu Xələc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, ali təhsilli, təqaüdçü, Şərur rayonu Xələc kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində tərtib olunmuş protokola görə o, xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında uca səslə səs-küy salaraq nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməlində inzibati xəta tərkibinin olmasının sübut edilməməsi şahidlərin və özünün izahatı ilə öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli rayonda şikayətçiləri qəbul edən gün oğlu Rəhimov Yalçının da qəbulda olduğunu, sənədləri ona göstərdiyini, Fuad Nəcəflinin icra başçısı Kamal müəllimə çayxanaya baxdıqdan sonra işlətməyə icazə verilməsini bildirdiyini, icra hakimiyyətinin nümayəndələrinin gəlməsini 3-4 gün gözlədiklərini, lakin gəlmədiklərini, onların çayxana ləvazümatlarını aldığını, oğlunun çayxana açdığını, Fuad müəllim elə dediyi üçün problem olmayacağını düşündüklərini, 1 həftə sonra icra başçısının nümayəndə göndərdiyini, nümayəndənin onlara çayxana işlətməməyi bildirdiyini, kəndin icra nümayəndəsinin onların icra hakimiyyətində qəbula çağırıldıqları barədə məlumat verdiyini, xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Şərur Rayon İcra Hakimiyyətində sanitariya-gigiyena və epidemiologiya şöbəsinin aktı ilə bağlı qəbula çağırıldıqlarını, Novruz Süleymanovla çayxana və akt barəsində söhbət etdiklərini, Novruz Süleymanovun çayxananın fəaliyyətini dayandırmağı onlara bildirdiyini, onun isə cavabında 2 ay vaxt ərzində nöqsanların aradan qaldırılacağını dediyini, bu əsnada Novruz Süleymanovun çağırıldığını, 1-2 dəqiqə sonra qəbul otağına icra başçısının gəldiyini, ona Yalçını çağırmağı bildirdiyini, onun isə Yalçının çöldə olduğunu dediyini, Yalçın otağa girən zaman 4-5 nəfər Şərur Rayon İcra Hakimiyyətinin işçisinin daxil olduğunu, Yalçını stol arxasında oturtmağa çalışdıqlarını, Yalçının onlara əllərini çəkməyi bildirdiyini, bu ərəfədə icra başçısının ona “sənin Bakıda bankda işlədiyin illəri, oğlunun da DSMF-də işlərini yoxladacağam” dediyini, onun isə cavabında “mən və oğlum öz ərizəmiz əsasında işdən çıxmışıq, nə edirsən et” dediyini, bu zaman uca səslə danışdıqlarını, amma nə özünün, nə də oğlunun nalayiq ifadə işlətmədiyini və çıxıb getdiklərini, gecə saat 22:00 radələrində polis şöbəsinə dəvət edildiklərini, oğlunun Şərur Rayon İcra Hakimiyyətində Kamal müəllimi təhqir etdiyini dediklərini və oğlunu şöbədə saxladıqlarını, özünün təqsiri olmadığını bildirərək məhkəmədən qanuni qərar verilməsini xahiş etdi. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə təxminən saat 15:20 radələrində İcra Hakimiyyətində qəbul şöbəsində məsul şəxs olduğunu, bu zaman özünü Xələc kənd sakini kimi tanıdan X1 Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Novruz Süleymanovun onu qəbula çağırdığını bildirdiyini, onu Novruz Süleymanovun qəbuluna göndərdiyini, 20 dəqiqə söhbət apardıqlarını, həmin vaxtı özünün koridorda gözlədiyini, bundan sonra atası Şəxs qəbul şöbəsinə gəldiyini, Yalçının isə Novruz Süleymanovun qəbulundan çıxdıqdan sonra orada olan atası Şəxsla birlikdə qəbul şöbəsində səs-küy saldıqlarını, bu zaman Şərur Rayon İcra Hakimiyyətinin başısı Kamal Cəfərovun qəbul şöbəsinə gəldiklərini, onlara “sakit olun, qəbul edirəm” dediyini, lakin onların yerlərinə oturmadıqlarını, Yalçının və Nurəddinin icra başçısını gördükdən sonra səs-küy saldıqlarını, səs-küyə gələn baş məsləhətçi Baadin Qasımovla birlikdə onları sakitləşdirərək qəbul şöbəsindən çölə çıxardıqlarını, daha sonra onların barəsində müvafiq akt tərtib olunaraq Polis İdarəsinə göndərildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə təxminən saat 15:20 radələrində öz xidməti otağında işləri ilə məşğul olan zaman ucadan səs-küy eşitdiyini, bu zaman dərhal otaqdan çıxdığını, səsküyün qəbul otağından gəldiyini eşidərək oraya getdiyini, Novruz Süleymanovun və X6 tutduqlarını, həmin vaxtı Kamal müəllimin gəldiyini, onlara əyləşməyi bildirdiyini, Yalçının isə cavabında “sizi süründürəcəyəm” dediyini, X7 yanına gedəcəyini bildirərək icra başçısına nalayiq ifadələr işlətdiyini, Nurəddinin nalayiq ifadə işlətmədiyini, həmin vaxtı qəbulda əlavə 20 nəfər vətəndaşın olduğunu, çıxdıqdan sonra da deyinərək getdiklərini, daha sonra onların barəsində müvafiq akt tərtib olunaraq Şərur rayon Polis İdarəsinə göndərildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilən suallara xx.xx.2023cü il tarixdə təxminən saat 15:20 radələrində atam qəbulda olan zaman çöldə gözlədiyini, Novruz Süleymanovun qəbulunda olan zaman Novruz Süleymanovun ona işlətdiyi çayxananın standartlara cavab vermədiyini bildirdiyini, buna etiraz etdiyini, həmin vaxtı Kamal müəllimin gələrək atasına “sənin Bakıda bankda işlədiyin illəri, oğlunun da DSMFdə işlərini yoxladacağam” dediyini, ucadan danışsalar da, atasının və onun icra başçısını nalayiq ifadələrlə təhqir etmədiyini, sonradan onları Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini və barələrində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X1 adına Şərur rayon Xələc kəndində yerləşən çayxana sanitariya-gigiyena tələblərinə cavab vermir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs və X2 vəzifəli şəxsin göstərişlərinə tabe olmamış, verilən suala cavab verməmiş, zor tətbiq etmə hədəsi ilə müşaiyət olunan hərəkətlərə yol vermişlər və dövlət idarəsində qəbulda olan əməkdaşlara nalayiq ifadələr işlətmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 105 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, Şəxs barəsində protokol tərtib olunmuş, həmin protokola görə Şəxs dövlət idarəsində ictimai qaydaları pozaraq əməkdaşlara nalayiq ifadələr işlətmişdir. Lakin şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması məhkəmə araşdırması zamanı şəxsin özünün izahatı və şahidlərin izahatı ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar