Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-195/2024 29.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, işsiz, dediyinə görə əvvəllər məhkum olunmamış, Şərur Şəhəri, Səməd Vurğun küçəsi, döngə 2, ev 11 qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Şərur şəhərində polis işçilərinin tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə saat təxminən saat 17:00-18:00 radələrində X9 əməkdaşlarının ona yaxınlaşdığını, ona qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olduğunu və cərimə yazacaqlarını dediklərini, özünün onlara inanmadığını və cərimə edə bilməyəcəklərini dediyini, polis əməkdaşlarının ona dəfələrlə etdiyi hərəkətin qanunsuz olduğunu izah etdiklərini, lakin özünün onlara qarşı səsini ucaltdığını, tabesizlik etdiyini, nalayiq ifadələr istifadə etdiyini, polis əməkdaşına “Anqırma” dediyini, bu zaman polis əməkdaşlarının onu idarəyə aparmaq istədiklərini, özünün yenə tabesizlik edib getmək istəmədiyini, polis əməkdaşlarının Post patrul xidmətini çağırmaq istədiklərini, bu zaman öz razılığı ilə polis əməkdaşlarının avtomobilinə əyləşərək Şərur rayon Polis İdarəsinə getdiklərini, etdiyi hərəkətlərdən çox peşman olduğunu, polis əməkdaşlarından dəfələrlə üzür istədiyini, əməlindən səmimi peşman olmasını, ailəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmə qərar çıxararkən onun barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında Şərur rayon Polis İdarəsinin YPX-də polis inspektoru vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə saat 17:00-18:00 radələrində Şərur rayon ərazisində xidmətdə olan zaman iş yoldaşı ilə birlikdə Elçin adlı şəxsə yaxınlaşdıqlarını, ona qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğunu və haqqında protokol tərtib edəcəklərini dediklərini, həmin şəxsin onlara cərimə yaza bilməyəcəklərini, avtomobili yandıracağını dediyini, onların həmin şəxsi sakitləşdirməyə çalışdıqlarını, lakin həmin şəxsin yenidən tabesizlik göstərdiyini, digər vətəndaşların önündə nalayiq ifadələr işlətdiyini, iş yoldaşına “Anqırma” dediyini, onu Şərur rayon polis İdarəsinə gətirmək istədiklərini, həmin şəxsin əvvəlcə tabesizlik göstərdiyini, sonradan öz razılığı ilə avtomobilə əyləşərək birlikdə Şərur rayon Polis İdarəsinə gəldiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 Elçin Cəsarət oğlu ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur şəhərində polis işçilərinin tələbinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialında olan xx.xx.2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur şəhərində polis işçilərinin tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs inzibati qaydada həbs olunmadan da islah olunması mümkündür. Ona görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-195/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-195/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver