Məhkəmə qərarları › İş №3(110)-196/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-196/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-196/2025 04.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi X2, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, müəyyən etdim: Şərur Rayon Məhkəməsinə 30 iyul 2025-ci il tarixdə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 3(011)-4492/2025 nömrəli qərardadı əsasında aidiyyəti üzrə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 17 mart 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Tərəfimdən iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə uyğun olaraq öyrənilərkən müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə- nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Maddənin dispozitiv şərtlərindən də görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -törədilmiş əməl yol hərəkəti qaydaları əleyhinə, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta olmalı; -həmin xətanın törədilməsinə görə şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməli; -bu qərar qanuni qüvvəyə minməli; -qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş müvafiq çıxarışdan görünür ki, Məmmədov X1 Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan və Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsi ilə bağlı barəsində tərtib edilmiş protokol əsasında 28 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla 10 (on) manat məbləğində cərimə edilmişdir. Digər şərtlərin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın, şikayət ya protest üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi qaydaları tənzimlənir. Həmin Məcəllənin 138.1 və 138.1.1-ci maddəsinin tələbinə görə əgər qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Hazırkı iş üzrə iş materiallarına əlavə olunmuş xəbərnamədən müəyyən olunur ki, Şəxs barəsində tərtib edilmiş 28 avqust 2024-cü il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərar 09 yanvar 2025-ci il tarixdə ona çatdırılmışdır. Belə olan halda 28 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan onun şikayət vermə müddəti 29 yanvar 2025-ci il tarixdə bitir. Bu isə o deməkdir ki, Şəxs yuxarıda qeyd edilən inzibati tənbeh haqqında qərarı ən tez halda 30 aprel 2025-ci il tarixədək icra etmədikdə onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi yarana bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən isə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol isə 17 mart 2025-ci il tarixdə tərtib olunmuşdur. Yəni iş materialları ilə müəyyən olunur ki, protokolun tərtib edildiyi vaxt Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi ola bilməzdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmçinin həmin məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin müvafiq müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 17 mart 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-cı maddəsində nəzərdə tutulmuş əsasla (əməldə inzibati xəta tərkibi olmadığından) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar