Məhkəmə qərarları › İş №3(110)-197/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-197/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-197/2025 31.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Şərur RPİ-nin İTB-nin sahə rəisi, polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Şərur rayonu, Xələc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, Xələc kənd tam orta məktəbində ocaqçı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Şərur rayonu, Xələc kəndində qeydiyyatda olan və yaşayan Şəxs (Fin: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şərur RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsinin 31 iyul 2025-ci il tarixli, 3-13-43-12/2-10112/2025 №-li məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 31 iyul 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 31 iyul 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 29 iyul 2025-ci il tarixdə Şəxs Şərur rayonunun Xələc kəndində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Faktla bağlı xx.xx.2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə 31 iyul 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Şərur RPİ-nin əməkdaşı, polis mayoru X7 verdiyi izahatında Şəxs Şərur rayonunun Xələc kəndində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu, onun işinin istintaq və təhqiqat bölməsində araşdırıldıqdan sonra məhkəməyə çıxarılması üçün İTŞ-yə verildiyini, ona görə də barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında Şərur rayon Xələc kəndində yaşadığını, yaşadığı kənd ərazisində fərdi təsərrüfatla məşğul olduğunu, 29 iyul 2025-ci il tarixdə təxminən saat 17 radələrində yaşadığı evdə olan zaman arvadı X1 yaranan nasazlığa görə ondan dərman almağını xahiş etdiyini, buna görə evdən çıxıb Şərur şəhərinə gəldiyini və ona dərman preparatı aldıqdan sonra yenidən evə qayıtdığını, həmin vaxt onların məhəllədə evi olan həmkəndlisi X3 məxsus ot tayasının yandığını, məhəlləyə çatan zaman FHN əməkdaşlarının orada yanğını söndürdüyünü gördüyünü, onların kənar yerlərdən su tapıb gətirib həmin yanğın olan yerə səpdiklərini, oradan keçən zaman yolun sol tərəfində yanğınsöndürən avtomobilinin dayandığını gördüyünü, həmin avtomobilin arxa tərəfinin həyətdə olduğunu, ön tərəfinin isə yola çıxdığını, təxminən 10 metr məsafədə həmin avtomobilin tam arxaya getməsini gözlədiyini, bu zaman avtomobilin sürücüsünün avtomobilin qapısını açdığını və ona qarşı nalayiq ifadələr işlətdiyini, ona görə özünün də ona qarşı nalayiq ifadələr işlətdiyini, sürücünün avtomobildən yerə endiyini, həmin vaxt avtomobilində olan avtomobilin pultunun düyməsinin sıxıldığını və avtomobilin baqajının açıldığını, avtomobildən yerə enib baqajı bağladığını, bu zaman biz bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərini, daha sonra orada olan şəxslərin onları aralaşdırdıqlarını və həmin hadisədən sonra onun Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən izahat vermək üçün Şərur Rayon Polis İdarəsinə dəvət edildiyini, əməlindən peşman olduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi izahatında Şərur rayon Yuxarı Aralıq kəndində yaşadığını, 2013-cü ildən bəridir ki, Naxçıvan MR Şərur rayon bölməsində çalışdığını, 29 iyul 2025-ci il tarixdə təxminən saat 14 radələrində Şərur rayon Xələc kəndi ərazisində yanğın hadisəsi baş verməsi faktı ilə bağlı çağırış gəldiyini, dərhal iki yanğınsöndürən avtomobil ilə həmin yerə getdiklərini, avtomobillərdən birini özünün idarə etdiyini, hadisə yerinə çatdıqdan sonra orada yanğını söndürməklə məşğul olduqlarını, təxminən saat 16 radələrində orada avtomobilə su doldurub yanğın olan yerə təkrar gəldiyini, avtomobilin arxa tərəfinin yanğın olan həyətdə, ön tərəfinin isə yolda olduğunu, avtomobilin önündən başqa avtomobillərin sərbəst şəkildə hərəkət etdiyini, lakin ağ rəngli "Vaz-2107" markalı avtomobilin yol ilə keçə biləcəyi halda keçməyib onun idarə etdiyi avtomobilin qarşısında dayandığını, yolda dayanıb siqnal verməyə başladığını, ona qarşıdan keçib gedə biləcəyini dediyini, bu zaman həmin sürücünün ona qarşı nalayiq ifadələr işlədib yüksək səslə onu təhqir etdiyini, onun bu zaman avtomobildən yerə endiyini, həmin vaxt digər sürücünün də, avtomobildən yerə endiyini, onun ona tərəf hücum edən zaman araya iş yoldaşlarının daxil olduğunu, bu zaman həmin sürücünün avtomobilin arxa tərəfinə getdiyini, bu zaman onun baqajdan bıçaq götürüb gəldiyini düşündüyünü, buna görə onun oradan qaçaraq, 102 xidmətinə zəng edib məlumat verdiyini, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində onun X5 Şərur rayon Çomaxtur kəndində yaşadığını, onun 2016-cı ildən bəridir ki, Naxçıvan MR FHN-nin Şərur rayon fövqəladə hallar hissəsində çalışdığını, 29 iyul 2025-ci il tarixdə təxminən saat 14 radələrində işdə olan zaman Şərur rayon Xələc kəndi ərazisində yanğın baş verməsi hadisəsi ilə bağlı çağırış gəldiyini, onların iki yanğınsöndürən avtomobillə həmin hadisə yerinə getdiklərini, onların ora çatan zaman orada yanğını söndürməyə başladıqlarını, həmin avtomobili idarə edən şəxslərdən birinin də, Şərur rayon Aşağı Aralıq kənd sakini Zərərçəkmiş şəxs olduğunu, təxminən saat 16 radələrində onların orada yanğını söndürən zaman bir ağ rəngli avtomobilin gəldiyini və o yolda dayandığını, çünki yolda Zərərçəkmiş şəxs idarə etdiyi yanğınsöndürən avtomobilinin dayandığını, bu zaman həmin ağ rəngli avtomobilin sürücüsünün Zərərçəkmiş şəxs avtomobili yoldan çıxarmasını dediyini, həmin vaxt onların arasında mübahisə yarandığını, həmin şəxsin Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətməyə başladığını, onların avtomobildən enən zaman həmin şəxsin Zərərçəkmiş şəxs qarşı hücum etdiyini, lakin, onların araya daxil olub mübahisəni yekunlaşdırdıqlarını, bundan sonra Zərərçəkmiş şəxs 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə onun barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün material baxılması üçün Şərur rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. 31 iyul 2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 29 iyul 2025-ci il tarixdə Şəxs Şərur rayonunun Xələc kəndində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərəçəkmişin, şahidin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şəxs 29 iyul 2025-ci il tarixdə Şərur rayonunun Xələc kəndində uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etməklə ictimai qaydanı pozmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 29 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokol, eləcə də şahid ifadəsi və digər sübutlarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə baxılan inzibati xəta haqqında material üzrə Azərbaycan Respublikasının İXMnin 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməli və inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 19:00-dan hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 6 (altı) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 19:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X11 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar