Məhkəmə qərarları › İş №3(110)-20/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-20/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-20/2024 26.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1960-cı ildə Şərur rayon Kosacan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Şərur rayon Ələkli kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Ələkli kənd sakini Şəxs barəsində protokol tərtib olunub ondan ötrü ki, o xx.xx.2024-cü il tarixdə Şərur rayon Yengicə kəndində yerləşən “Elşən” ərzaq mağazasında X3 fiziki güc tətbiq etməklə döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin məhkəmə araşdırması zamanı şəxsin əməlində inzibati xəta tərkibinin olmadığı müəyyən edilmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməlində inzibati xəta tərkibinin olmaması inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, videoyazı, zərərçəkmişin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, oğlu Zaminin Günay adlı şəxslə 2005-ci ildə evləndiyini, bu nikahdan 2 uşağının doğulduğunu, 2013-cü ildə boşandığını, 2019-cu ildə Aygünlə evləndiyini, Zaminin Aygün və övladları ilə birlikdə Əlkəkli kəndində yaşadığını, 2022-ci ildə nəvəsi Röyanın intihar etdiyini, onun intiharında Aygünü günahkar bildiyini, onunla bağlı hər hansı bir xəbər eşidəndə özündən asılı olmayaraq əsəbləşdiyini, xx.xx.2024-cü il tarixdə Aygünün mağazada işlədiyini öyrəndiyini, həmin mağazaya getdiyini, orada Aygünü görəndə ona tərəf yeridiyini, onun saçından tutduğunu, mağaza işçilərinin onları araladığını, mağazadan çıxıb taksi dayanacağına getdiyini, yolda oğlu Zamini görüb onun avtomobili ilə yaşadığı evə qayıtdığını bildirdi. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxsin qanuni nümayəndəsi X5 izahatında və suallara cavabında 2019-cu ildə Zaminlə evləndiyini, onun ikinci həyat yoldaşı olduğunu, Zaminin 13 və 16 yaşlarında 2 qızının olduğunu, 2022-ci ildə qızı Röyanın naməlum səbəbdən intihar etdiyini, Şəxsın dediklərini qəbul etmədiyini, qızın ölümündə heç bir günahının olmadığını, həmin vaxtadək münasibətlərinin normal olduğunu, lakin bu hadisədən sonra mübahisələrinin başladığını, Zaminin anası Laçının onu Röyanın intiharında günahkar bildiyini, onun vəfatından 1 həftə sonra evdən çıxıb atasının evinə köçdüyünü, həmin ilin sentyabr ayında isə boşandıqlarını, xx.xx.2024-cü il tarixdə Laçının onun işlədiyi mağazaya gəldiyini, onun saçına əl atdığını, mağaza işçilərinin onları aralayıb Laçını mağazadan çıxardığını, bir müddət gözlədikdən sonra çıxıb getdiyini, bundan sonra Şərur RPİ-yə gedib şikayət etdiyini, onun nəvəsinin intihar etməsi ilə bağlı prokurorluqda araşdırma aparıldığını bildirmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 40 saylı ekspert rəyindən görünür ki, X2 bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan CD-dən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs Şərur rayon Yengicə kəndində yerləşən “Elşən” mağazasına gəlmiş, X1 əl atan zaman, Aygün onu əli ilə itələmiş, mağazada olan bir neçə nəfər onları aralamışdır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, məhkəmə araşdırması zamanı video görüntülərin tədqiqi ilə müəyyən olunmuşdur ki, Şəxs X1 əl atmaq istəyən zaman hadisə yerində olan digər şəxslər buna mane olmuş və nəticədə Şəxs tərəfindən X3 xəsarət yetirilməmişdir. İş materiallarında olan ekspert rəyindən də göründüyü kimi X3 hər hansı bədən xəsarəti yetirilmədiyindən Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibini yaratmır. Məhkəmə eyni zamanda izah edir ki, Şəxs mağazaya daxil olması və ictimai qaydanı pozması ilə bağlı əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olması və buna görə inzibati məsuliyyətə cəlb olunması istisna olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, o inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar