Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-200/2025 20.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şərur RPİ-nin sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Şərur rayon Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Alışar kəndində qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Şərur rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur Rayon Polis İdarəsindən 06 avqust 2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 avqust 2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar məhkəməyə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şərur rayon Alışar kəndində yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə Şərur şəhərində yerləşən çay evində qumar oynadığı aşkar olunmuş, həmin şəxs barəsində İXM-in 525-ci maddəsinin tələbləri pozulduğuna görə xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Şərur RPİ-nin sahə rəisi, polis mayoru X3 verdiyi izahatında inzibati xəta haqqında materiallarda göstərilənləri bir daha təsdiq edərək, qeyd olunan şəxsin digər 2 nəfərlə birlikdə “okey daşları” vasitəsilə qumar oynadığını həmin hadisənin videolentə alındığını və onun barəsində inzibati tənbejh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməsədə izahatında və verilmiş suallara cavabında, həmin çay evinin yaxınlığında yerləşən avtoyumada avtomobilini yuyulmağa verdiyini, təmizlik işləri bitənədək çay içmək üçün ora gəldiyini, vaxt keçsin deyə orada olan əvvəlcədən tanıdığı şəxslərlə “OKEY” stolüstü oyununu oynamağa başladığını, oyunun qumar oyunu olduğunu bilmədiyini, indiyədək qumar oynamadığını, ortada olan 9 manat pulun 7 manatının avtoyuma xidməti üçün ödəyəcəyi pul, 2 manatının isə çay evinə verəcəkləri pul olduğunu, Şərur RPİ əməkdaşlarının çay evinə gəlib əməliyyat çəkilişi ilə onların qumar oynadığını müəyyən edərək, onları Şərur RPİ-yə dəvət etdiklərini bildirdi. İzahatının sonunda isə çay pulundan qumar oynadıqlarını və törətdiyi əməldən peşiman olduğunu qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında Şərur RPİ-nin Cinayət axtarışı idarəsinin baş əməliyyat müvəkkili olduğunu, hadisə günü xidmətdə olduğunu, yanında olan Şərur RPİ-nin əməkdaşına Şərur şəhərində yerləşən çay evlərinin birində qumar oyunu oynanıldığı haqqında məxfi əməkdaş tərəfindən əməliyyat məlumatı və videogörüntülərin daxil olduğunu, bilavasitə rəisinə bu barədə məlumat verdikdən sonra əməliyyat qrupu ilə birlikdə həmin əraziyə getdiklərini, gizli müşahidə aparılan zaman həmin faktın təsdiq olunduğunu və videogörüntülərinin çəkildiyini, həmin şəxslərin bir manatlıq əskinasları oyunu qazanmış şəxsə verdiklərini və verilən pulların əyləşdikləri stolun yanındakı stula qoyduqlarını, əməliyyat qrupunun əməliyyat çəkilişi ilə çay evinə daxil olduğunu, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib vətəndaşlara törətdikləri əməli izah etdikdən sonra onları izahat vermələri üçün Şərur RPİnin inzibati binasına dəvət etdiklərini, oyunu oynamaq üçün vasitələrin və ortada olan pulun maddi sübut qismində aktlaşdırılaraq götürüldüyünü və inzibati xəta haqqında iş üzrə icraatın materiallarına əlavə edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında Şərur RPİ-nin Cinayət axtarışı idarəsinin əməliyyat müvəkkili olduğunu, hadisə günü xidmətdə olduğunu bildirərək digər şahidlə oxşar məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında sözügedən çay evini işlətdiyini, hadisə zamanı orada olduğunu, əvvəlcədən tanığı 2 nəfərin çay evində oturub çay içdiklərini, sonradan Şəxs oraya gəldiyini, o gəldikdən sonra su çənini doldurmaq məqsədilə içəriyə getdiyini, qayıtdıqda Şərur RPİ əməkdaşlarının əməliyyat çəkilişi apardığını gördüyünü, təqsirləndirilən şəxslərin qumar oynadığını açıq aşkar görmədiyini, bu barədə məlumatı çayxanada olan şəxslərdən eşitdiyini və Şərur RPİ əməkdaşlarından aldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Şəxs əməllərində cinayət tərkibinin olmaması əsası ilə onun barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, həmin şəxsin İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün material Şərur rayon Polis İdarəsinin İTŞ-yə göndərilmişdir. Şərur rayon Məhkəməsinin 3(110)-201/2025 saylı qərarından müəyyən olunur ki, iş üzrə maddi sübut kimi götürülmüş 104 ədəd “okey daşları” və doqquz ədəd bir manatlıq əskinaslar müsadirə edilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilən zaman 3 nəfər şəxsin “okey daşları” ilə qumar oynadığı aydın şəkildə görsənir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 401-ci maddəsinin Qeyd hissəsinə əsasən, “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. “Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası Qanunu”nun 1.0.27-ci maddəsinə əsasən, idman mərc oyunları – real vaxt rejimində keçirilən idman yarışlarının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarında müəyyən olunan real vaxt rejimində keçirilən digər yarışların (cıdır-şans oyunları, tazı yarışları və s.) nəticələrinin və ya həmin yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunları başa düşülür. Azərbaycan Respublikasının İXM-in 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halları, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli, obyektiv və əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Eyni zamanda məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası İXM-in 525-ci maddəsinin sanksiya hissəsində oyun ləvazimatının, habelə qumara qoyulmuş pul vəsaitlərinin və ya digər əmlakın, qazanılmış uduşun, mükafat və ya digər gəlirin müsadirə edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Şərur Rayon Məhkəməsinin 3(110)-201/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən, 104 sayda “okey daşları” və doqquz ədəd bir manatlıq əskinas qumara qoyulmuş pul əskinasının artıq müsadirə edildiyini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 31.2 ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İnzibati xəta törədən şəxs Şəxs əməlindən peşiman olmasını məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinməklə inzibati qaydada cərimə edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525ci maddəsi ilə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilsin. İş üzə maddi sübut kimi götürülmüş “okey daşları” və bir manatlıq doqquz ədəd əskinasın Şərur Rayon Məhkəməsinin 3(110)-201/2025 saylı, 20 avqust 2025-ci il tarixli qərarı ilə müsadirə edildiyi nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən : İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-200/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-200/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver