Məhkəmə qərarları › İş №3(110)-21/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-21/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-21/2025 04.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1996-cı ildə Şərur rayon Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaqlı, ali təhsilli, Şərur Yol Təmir Tikinti İstismar MMC-də baş mühəndis işləyən, Şərur rayon Muğanlı kəndində yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: xx.xx.2025-ci il tarixdə saat təxminən 11:00 radələrində Şərur şəhər ərazisində yerləşən Radiozavodun həyətinə Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Lakin məhkəmə araşdırması zamanı şəxsin əməlində inzibati xəta tərkibinin olmadığı müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsi: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində və verilmiş suallara cavabında Şərur Yol Təmir Tikinti İstismar MMC-də baş mühəndisi - müdir müavini işlədiyini, radiozavodda tikinti işləri getdiyini, orada şifer qırıqları olduğunu, xx.xx.2025-ci il tarixdə müdirin ona zəng edərək həmin əraziyə baxmağı tapşırdığını, əraziyə getdikdə qapının açıq olduğunu, maşınla əraziyə daxil olduğunu, girişdə mühafizə əməkdaşının yaxınlaşaraq içəri girməyə icazənin olmadığını dediyini, ona işlə əlaqədar gəldiyini bildirdiyini, onların yenə də saxlamağı bildirdiyini, bu zaman arxa-arxaya çıxa bilməyəcəyi üçün qabaqdan dönüb gəldiyini, ərazi şebenli olduğu üçün biraz toz yarandığını, polis əməkdaşının onu saxlayıb nəyə görə hörmətsizlik etdiyini soruşduğunu, polisə bunu qəsdlə etmədiyini dediyini, onun qaynar xəttə zəng edib qapıları bağladığını, polisə tabesizlik etmədiyini bildirib icraata xitam verilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilən X3 ifadəsində xx.xx.2025-ci il tarixdə Şərur şəhər ərazisində yerləşən Radiozavodda post yoldaşı X4 ilə xidmət aparan zaman radiozavodun ərazisinə bir maşının daxil olduğunu, həmin əraziyə girişin qadağan olduğunu, maşını saxlayıb bunu sürücüyə izah etdiyini, onun maşını torpaq əraziyə verib “saxla” əmrinə tabe olmadığını, maşını torpaqlı yerə verib toz qaldırdığını, onu saxlayan zaman bu hərəkəti qəsdən etmədiyini bildirdiyini, lakin bu hərəkəti özlərinə qarşı hörmətsizlik kimi qiymətləndirdiklərini, onun polislərə qarşı nalayiq ifadə işlətmədiyini, onu saxlayıb polis idarəsinə apardıqlarını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 Elmar Sabir oğlu ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilən X5 ifadəsində xx.xx.2025-ci il tarixdə Şəxs ilə birlikdə işləmək üçün Şərur şəhər ərazisində yerləşən Radiozavodun ərazisinə getdiyini, qapıdan girərkən girişin qadağan olunduğunu bilmədən daxil olduqlarını, polis əməkdaşının içəri girişin qadağan olunduğunu bildirdiyini, bu zaman Vaqif geri dönə bilmədiyi üçün sürüb irəlidən qayıtdığını, ərazi şebenli olduğu üçün maşının toz yaratdığını, bunu görən polis əməkdaşının onları saxlayıb hörmətsizlik etdiyini bildirərək sürücü ilə mübahisə etməyə başladığını, maşından enib onları sakitləşdirməyə çalışdığını, sonra digər polis əməkdaşlarının gəlib onları polis idarəsinə apardığını, polisə tabesizlik etmədiyini bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmaması iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar