Məhkəmə qərarları › İş №3(110)-213/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-213/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-213/2025 15.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Nağıyev Habil Adil oğlunun katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin nümayəndəsi orqanın səlahiyyətli X5, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxxx 1989-cu ildə Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, eyni inzibati xətaya görə Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb edilmiş, yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 işsiz KAZİMOV KƏRİM ABBAS OĞLUNUN Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şərur Rayon Polis İdarəsinin 15 avqust 2025-ci il tarixli, 3-13-43-12/2-10804/2025 №-li məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 15 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 15 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 06 avqust 2025-ci il tarixdə X3 qarşı nalayiq ifadələr işlədərək onun kirayə yaşadığı evdən çıxması üçün hədələmiş və təhqir etmişdir. Faktla bağlı 15 avqust 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi izahatında Şərur şəhərində 30 №li binada yaşadığını, yaşadığı evin qarşısında Gülsüm adlı qadına məxsus ev olduğunu, onun həmin evi adlarını bilmədiyi qadınlara kirayə verdiyini, həmin qadınların 1 aydan artıq müddətdir ki, həmin evdə qaldıqlarını, onların orada qalmasından digər qonşular kimi özünün də narazı olduğunu, çünki onlar restoranda çalışdıqları üçün açıq-saçıq geyinib evə gec gəldiklərini, evə gələndə onları narahat etdiklərini, qadınların qaldığı evin hamamının fertuşkasının padiezə açıldığını və təqribən 1 ay bundan əvvəl hamamdan əxlaqsız səslər gəldiyini, bununla bağlı ev sahibinə zəng vuraraq irad bildirdiyini, ev sahibi Gülsümün həmin qızların avqust ayının 6 da ev çıxacaqlarını ona bildirdiyini, təqribən 1 ay bundan əvvəl bir dəfə gecə saatlarında həmin qızların arxasınca taksi gəldiyini və həmin vaxt özünün onlara etiraz etdiyini və qızların üstünə yürüdüyünü, lakin atasının onu tutduğunu, qızların üstünə yürüməkdə məqsədinin onların evdən çıxmalarını demək olduğunu, bundan başqa xx.xx.2025-ci il tarixdə siqaret çəkmək üçün evdən çıxdığını, padiezdə siqaret çəkdikdən sonra siqaretin kötüyünü atarkən Nəsirova Dəstəgülün qapısında olan zibil torbasının üstünə düşüb alışdığını, əli ilə onu söndürməyə çalışdığını, dəstəgül və atasının çölə çıxdığını, bu hərəkəti qəsdən etdiyini düşünərək atasının onu oradan qovduğunu, həmin vaxt özünün Nəsirova Dəstəgülə heç nə demədiyini, aralarında hər hansı bir mübahisə yaşanmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında Şərur şəhərində yaşadığını, restoranlarda ofisiant kimi işlədiyini, indi “Anadolu” restoranında işlədiyini, kirayədə yaşadığını, evi özünün tutduğunu, işdə başqa qadınların da işlədiyini, onlar ev tapana qədər qadınların onlarla qalmasını müdiriyyətin ondan xahiş etdiyini, evə bəzən gec, bəzən tez gəldiyini, personal maşının onları evə gətirdiyini, 10 gün müddətinə Bakı şəhərinə getməli olduğunu, açarı verib getdiyini, həmin müddətdə burada nə olduğunu bilmədiyini, ev sahibi Gülsümün ona zəng edərək ondan şikayət olduğunu dediyini, cavabında ondan şikayət daxil ola bilməyəcəyini dediyini, çünki əvvəl özünün o evdə tək qaldığı 2 ay ərzində heç bir şikayətin olmadığını, Bakıdan qayıtdıqdan sonra işdən çıxdığını, yeni iş danışmaq üçün getdiyini, onunla qalan xanımın isə Naxçıvan şəhərinə getdiyini, onun bəzən açıq geyindiyini, bir dəfə təqribən 20-30 gün bundan əvvəl gecə saatlarında Naxçıvan şəhərinə getmək üçün taksi çağırdığını, taksiyə minərkən Kərimin də məhəllədə olduğunu və onun içkili olduğunu, onların üstünə gəldiyini, onlardan veşlərini yığıb getməyi tələb etdiyini, həmin vaxtı özünün çox qorxduğunu, bu zaman saat 3-4 radələri olduğunu, üstündən təxminən 10 gün keçdikdən sonra işdən gəlib evi təmizlədiyini, qapıda olan zibildən od çıxdığını gördüyünü, Kərimin onunla problemi olmadığını, evdə yaşayan digər xanımlara görə çox qıcıqlandığını, təqribən 06 avqust 2025-ci il tarixdə ev sahibinin yenə ona zəng edərək Kərimin onları evdən çıxartmağı tələb etdiyini, yoxsa evə bıçaqla girəcəyini dediyini, Kərimin heç vaxt onu birbaşa təhdid etmədiyini, çünki özünün heç vaxt əxlaqsız davranışının olmadığını, sadəcə həmin vaxt Gülsümün dediklərindən qorxaraq özünün can güvənliyi üçün “102” xidmətinə zəng etdiyini və Kərimi şikayət etdiyini, əslində isə həmin gün özünün Kərimlə heç bir mübahisəsinin olmadığını, sadəcə olaraq Gülsümün dediklərindən qorxuduğu üçün Kərimdən şikayət etdiyini bildirmişdir. Həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 məhkəmədə verdiyi izahatında 06 avqust 2025-ci il tarixdə Şəxs barəsində şikayət daxil olduğunu, Şərur şəhər sakini Şəxs əməllərində xırda xuliqanlıq inzibati xətasının əlamətlərinin olduğu müəyyən edildiyini, onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəuyğun hesab edilmədiyindən, barəsində protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərildiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidin izahatını, o cümlədən inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Şəxs əməllərində cinayət tərkibinin olmaması əsası ilə onların barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, həmin şəxslərin əməllərində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə material baxılması üçün Şərur Rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. İnzibati qaydada tutma haqqında 14 avqust 2025-ci il tarixli 0224 saylı protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:00-dan xx.xx.2025-ci il tarix, saat 14:15-dək inzibati qaydada tutulmuşdur. 15 avqust 2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 06 avqust 2025-ci il tarixdə X3 qarşı ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən də, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın mahiyyətini təşkil edən «ictimai qaydanı pozma» ifadəsinə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu xüsusda olan qərarlarına istinad etməyi vacib sayır. Belə ki, «Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və X6 İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı pozmaq niyyətində olduğu müəyyənləşdirilməyibsə, deməli, onun hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2 bəndində qeyd olunur ki, ictimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davaranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Həmin Plenum qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Yuxarıda istinad olunan qanun normalarının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın tərkibinin yaranması üçün onun hərəkətləri ictimai qaydanın pozulmasına yönəlməli (obyektiv tərəf) və bu zaman xırda xuliqanlıq niyyəti olmalıdır (subyektiv tərəf). Başqa sözlə, əməldə həmin xətanın tərkibinin olub-olmamasının aydınlaşdırılması üçün ictimai qaydanı pozan hərəkətlərin törədilib-törədilməməsi və ictimai qaydanı pozmaq niyyətinin olub-olmamasının müəyyənləşdirilməsi həlledici şərtlərdir. Bunlar yoxdursa, deməli əməldə xırda xuliqanlığın tərkibi də yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, 06 avqust 2025-ci il tarixdə X1, onlar arasında hər hansı bir mübahisə və ya zorakılıq hərəkəti olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs ilə X4 arasında hər hansı bir mübahisə olmadığından, bu qanunvericiliyə əsasən xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, iş materialları ilə Şəxs cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması və bu hərəkətlərin xırda xuliqanlıq niyyəti ilə törədilməsi sübut olunmur. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs də bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinin tələbinə görə, bu sübutları məhkəməyə təqdim etməklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olmasını sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2 maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (inzibati xəta tərkibi olmadıqda) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar