Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-215/2024 18.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, xx.xx.1983-cü ildə Şərur rayon Xanlıqlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, ali təhsilli, Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda duran və yaşayan X2 barəsində X2 Naxçıvan Şəhər Polis İdarəsinin YPX - nin xx.xx.2024-cü il tarixli EQ 21745209 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən X1 Şəhər Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli EQ 21745209 nömrəli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət verən X4 şikayətində onun 13 iyun 2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin inzibati tənbeh vermə haqqında EQ seriyalı, 21745209 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 manat məbləğində cərimə edildiyini, lakin həmin qərarın surətinin ona göndərilmədiyini, təqdim edilmədiyini və bununla da qərardan şikayət vermək hüququnun məhdudlaşdırıldığını, yalnız yazılı müraciəti əsasında və uzun müddətdən sonra mübahisələndirilən qərarın ünvanına göndərilməsinə nail olduğunu, inzibati tənbeh vermə haqqında Naxçıvan Şəhər Polis İdarəsinin 13 iyun 2024-cü il tarixli, EQ seriyalı, 21745209 nömrəli qərarına əsasən, guya onun 13 iyun 2024cü il tarixdə, 11:44 dəqiqədə, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 37/2 ünvanda sahibliyində olan “Changan” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş “Dayanma-Durma” qaydalarını pozduğunu, lakin onun Naxçıvan Şəhər Polis İdarəsinin 13 iyun 2024-cü il tarixli, EQ seriyalı, 21745209 nömrəli qərarı ilə razı olmadığını, onu əsassız və qanunsuz saydığını və həmin qərarın ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğunu hesab etdiyini, həmin ünvanın Naxçıvan Dövlət Universitetinin qarşısında nəqliyyat vasitələrinin parklandığı ərazi hesab edildiyini, digər tərəfdən həmin ərazidə “Dayanma-Durma”nı qadağan edən və ya məhdudlaşdıran hər hansı yol nişanı və ya işarəsinin mövcud olmadığını, bununla belə, həmin ərazidə ona məxsus avtomobillə yanaşı çoxsaylı nəqliyyat vasitələrinin sürücülərindən heç bir şəxsin həmin ərazidə avtomobillərini park etdiklərinə görə “Dayanma-Durma” qaydalarının pozulması ilə bağlı inzibati məsuliyyətə cəlb edilmədiyini, “Dayanma-Durma” qaydaları “X5” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində nəzərdə tutulmuşdur. Lakin istinad edilən normada nəzərdə tutulmuş qaydalardan heç birinin tərəfindən pozulmadığını, əgər onun “Dayanma-Durma” qaydalarını pozmuşdursa, onda həmin pozuntunun nədə ifadə olunmasının qərarda öz əksini tapmalı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X4 şikayət ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında bildirmişdir ki, tərəfimdən verilmiş şikayət üzrə açılmış 3(110)-215/2024 saylı inzibati iş üzrə izahat verərək bildirirəm ki, X8 tərəfindən hüquq normaları pozulmuşdur. Belə ki, 13 iyun 2024-cü il tarixdə Naxçıvan şəhər polis idarəsinin inzibati tənbeh vermə haqqında EQ seriyalı, 21745209 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib cərimə edilmişəm. Lakin həmin qərarın surəti mənə göndərilməmiş, təqdim edilməmiş və bununla da qərardan şikayət vermək hüququm məhdudlaşdırılmışdır. Yalnız yazılı müraciətim əsasında və uzun müddətdən sonra mübahisələndirilən qərarın ünvanıma göndərilməsinə nail olmuşam. Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən hər kəs qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasında rəsbit edildiyi kimi heç bir halda ayrı seçkiliyə yol verilmir. Belə ki, heç bir kəs irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq , hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir ayrı seçkiliyə məruz qala bilməz. İndiki halda isə həmin ərazidə Naxçıvan Dövlət Universitetinin qarşısında mənim idarə etdiyim avtomobildən başqa ən az 50 digər nəqliyyat vasitələri də həmin yerdə saxlanılmışdır. Həmin nəqliyyat vasitələrinə heç bir protokol cəriməsi yazılmadan məhz mənim idarə etdiyim avtomobilin ön şüşəsinə protokolun yapışdırılması digər vətəndaşlara münasibətdə ayrı seçkiliyə məruz qoyub. Bu isə məni dərindən sarsıtmış, belə ki, sanki mənə qarşı münasibətdə X8 əməkdaşları “2”-ci sinif kimi münasibət sərgiləmişdirlər. Bununla da mənim konstitusiyon hüququm pozulmuş, beləliklə də mənə zərər vurulmuşdur. Eləcə də həmin ərazidə avtomobilin saxlanılmasını qadağan edən heç bir yol nişanı vurulmadığı üçün mən də nəqliyyat vasitəmi həmin yerdə saxlamışdım. X5 Azərbaycan Respublikası qanunvericiliyinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından qadağan edici (xəbərdar edici) nişanın olmamasına görə mənim barəmdə inzibati xəta haqqında protokol tərtib edilə bilməzdi. Yuxarıda qeyd olunanları nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarı ləğv eərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edəsiniz. Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən xahiş edirəm ki, sikaystimi va vəsatəti nəzərə alıb ədalətli araşdırma apararaq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Naxçıvan Şəhər Polis İdarəsinin YPX - nin nümayəndəsi məhkəmə iclasına gəlm əmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: - Naxçıvan Şəhər Polis İdarəsinin YPX-nin xx.xx.2024-cü il tarixli EQ 21745209 nömrəli İnzibati xəta haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayət verən şəxsin izahatlarınıı iş materiallarına əlavə olunmuş sənədlərlə qarşılıqlı qiymətləndirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Naxçıvan Şəhər Polis İdarəsinin YPX-nin xx.xx.2024-cü il tarixli EQ 21745209 nömrəli İnzibati xəta haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Lakin məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X4 “dayanma və ya durma” yol nişanının tələblərini pozulmadığını bildirmişdir. Eyni zamanda İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqana dəfələrlə müraciət olunmasına baxmayaraq iş üzrə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, şikayət etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş “CD” diskdə olan foto və video görüntülərdə isə həmin ərazidə qadağanedici nişanın olmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət əsaslıdır. “X5” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İİİ hissəsinə əsasən qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər. Həmçinin Azərbaycan Respublikası qoşulduğu və təsdiq etdiyi “Yol nişanları və siqnalları haqqında” 8 noyabr 1968-ci il tarixli Vyana Konvensiyasının: - 6-cı maddəsinin 1-ci hissəsinə əsasən sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır; - 13-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağanedici, məhdudlaşdırıcı və əmredici nişanlar, onların qüvvəyə mindiyi yerin bilavasitə yaxınlığında quraşdırılır və səlahiyyətli orqanın zəruri hesab etdiyi hallarda təkrarlana bilər. Lakin, pis görünüş səbəbindən və ya yol istifadəçilərinin əvvəlcədən xəbərdar edilməsi məqsədilə, səlahiyyətli orqanlar məqsədəmüvafiq saydıqları halda, nişanlar əmr, qadağa və ya məhdudiyyətin qüvvəyə mindiyi yerdən müəyyən məsafə qabaq quraşdırıla bilər. Əmr, qadağa və məhdudiyyətin qüvvəyə mindiyi yerdən qabaq quraşdırılan nişanların altında əlavə 1-in H bölməsinin H,1 əlavə lövhəciyi yerləşdirilir. Məhkəmə hesab edir ki, X4 barəsində xx.xx.2024-cü il tarixli EQ 21745209 qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin onun həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış, bununlada inzibati xəta haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 253.2-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir; -48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; - 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər; - 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; -128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər; - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır; -135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə də, məhkəmə yuxarıda qeyd edilənləri və iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Naxçıvan Şəhər Polis İdarəsinin YPX-nin xx.xx.2024cü il tarixli EQ 21745209 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Naxçıvan Şəhər Polis İdarəsinin YPX-nin xx.xx.2024-cü il tarixli EQ 21745209 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-215/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-215/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver