Məhkəmə qərarları › İş №3(110)-219/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-219/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-219/2023 28.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Şərur rayon Yuxarı Daşarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Yuxarı Daşarx kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Şərur rayon Polis İdarəsinin inzibati binasının həyətində saat təxminən 19:30 radələrində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə gecə saatlarında Şərur rayon Yuxarı Daşarx kəndində yerləşən “Şərur” restoranında dava düşdüyünü, orada savaşdığını, onunla əlaqədar 26 avqust 2023-cü il tarixdə Şərur rayon Polis İdarəsinə dəvət olunduğunu, izahatları alındıqdan sonra Polis idarəsinin həyətində onunla birlikdə izahatı alınan X1 ilə Polis idarəsinin həyətində ucadan mübahisə etdiklərini, bu zaman polis əməkdaşının gəlib onu nizam intizama dəvət etdiyini, onun əsəbi olduğu üçün onun qanuni tələbinə qəsdən tabe olmadığını və onu Şərur rayon Polis idarəsinə gətirdiklərini, barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə xidmət aparan zaman Polis idarəsinin həyətində iki nəfər şəxsin ucadan danışdığını gördüyünü və onlara yaxınlaşdığını, həmin şəxsin Şərur rayon Yuxarı Daşarx kənd sakini Şəxs olduğunu, onun Yuxarı Daşarx kənində “Şərur” restoranında olan davaya görə Polis idarəsinə çağırıldığını, həminn hadisəyə görə ofsiant qızla savaşdığını, onu sakitləşdirmək istədiyini və onu nizam inztizama dəvət etdiyini, onun qanuni tələbinə qəsdən tabe olmadığını öz hərəkətlərinə davam etdiyini, sonradan həmin şəxsi idarə əməkdaşının Polis idarəsinin binasına apardığını bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon Polis idarəsində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 0349 saylı şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokolundan görünür ki, Şəxs şəxsi axtarış aparılmış, onda olan şeylər yoxlanılmışdır. İş materiallarında olan 0619 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:05-də inzibati qaydada tutulmuşdur İş materialında olan xx.xx.2023-cü il tarixli 002783 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şərur rayon Polis İdarəsinin inzibati binasının həyətində saat təxminən 19:30 radələrində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığınıı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati qaydada həbs olunmadan da islah olunması mümkündür. Ona görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar