Məhkəmə qərarları › İş №3(110)-22/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-22/2021

09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-22/2021 09.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə, Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1986-cı ildə Şərur rayonu, Maxta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayonu, Maxta kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərur Rayon İcra və Probasiya Şöbəsində icraatda olan Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)-1854/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən X3 və Şəxs 548,25 manat müştərək qaydada alınaraq X5 xeyrinə, Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-489/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Şəxs və X1 972 manat müştərək qaydada alınaraq X5 xeyrinə, Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-487/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 519,6 ABŞ dolları məbləğində pulun alınaraq “xxxx” ASC-nin xeyrinə və Bakı Şəhər Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-3214/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədlərinə əsasən Şəxs 200 manat alınaraq dövlət nəfinə ödənilməsi göstərilməsinə baxmayaraq, Şəxs icra sənədlərinin icrasından boyun qaçırmış, heç bir ödəniş etməmiş, edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamış və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər, şahid və özününü izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında icra sənədləri üzrə məbləğləri ödəməli olduğu halda heç ödəniş etmədiyini, əmək qabiliyyətli olduğunu, lakin daimi iş yerinin olmadığını və bu səbəbdən borcunu ödəmək üçün maddi imkanının olmadığını, barəsində axtarış olduğunu bildiyində özünün polisə müraciət etdiyini, imkanı olan kimi borcunu tam olaraq ödəyəcəyini, buna görə də izahatında göstərilənləri nəzərə alıb məhkəmədən onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Şahidin izahatı: Məhkəmədə şahid qismində dindirilən Şərur rayon Məhkəməsnin İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında müvafiq məhkəmələr tərəfindən verilmiş icra sənədlərinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, üç icra sənədənin 2014-cü il tarixli olduğunu, borclu Şəxs dəfələrlə yazılı xəbərdarlıq edildiyini, borclu qeydiyyatda olduğu yer üzrə yaşamadığından onun barəsində axtarış verildiyini, borclunun axtarış qərarına əsasən gətirildiyini, məhkəmə qərarının icrasından yayınmanın nəticələrinin ona izah olunduğunu, xx.xx.2021-ci il tarixdə onun izahatının alıdığını, ona borcunu ödəməsi üçün bir neçə gün vaxt verldiyini, lakin alınan məlumata əsasən borclunun Bakı şəhərinə qayıtmaq üçün bilet aldlığı müəyyən edildiyini və qarşısının alındığını, haliyyədə borclunun 4 icra sənədi üzrə olan 2604,25 manat borcunu ödəmədiyini, buna görə də onun barəsində inzibatı protokol tərtib edildiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1854/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinin, Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-489/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinin, Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-489/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsinin və Bakı Şəhər Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-3214/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətlərindən görünür ki, ümumilikdə borclunun 2604,25 manat borcu vardır. İş materiallarında olan xx.xx.2014-cü, xx.xx.2014-cü, xx.xx.2014-cü və xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərarlardan və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, tələbin könüllü icra olunmayacağı təqdirdə tələbin məcburi qaydada icra olunacağı göstərilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar