Məhkəmə qərarları › İş №3(110)-227/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-227/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-227/2024 06.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Şikayət verən şəxs X3 və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, X3 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən X1 MR ETSN yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməklə barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən X7 şikayətində bildirmişdir ki, mən N.Məmmədov 2019-cu ildən Şərur rayon Mahmudkənd Bələdiyyəsinin sədri vəzifəsində işləyirəm. İşlədiyim müddət ərzində isə öz vəzifələrimi vicdanla yerinə yetirmiş, verilən tapşırıq və göstərişləri də vaxtlı vaxtında qüsursuz icra etməklə bu müddət ərzində barəmdə heç bir xəbərdarlıq və ya tənbeh tədbiri görülməmişdir. 15 iyul 2024-cü il tarixdə işdə olduğum vaxt mənə məxsus mobil telefona zəng gəlmiş, zəng edən şəxs özünü Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı olduğunu bildirərək məni bələdiyyə ərazisinə baxış keçirdikləri üçün həmin əraziyə dəvət etmişdir. Həmin vaxt mən işlərimlə əlaqədar əraziyə gedə bilməmiş və bununla bağlı üzürxahlıq etmişdim. Qeyd edim ki, Naxçıvan MR ETSN əməkdaşlarının mütəmadi olaraq kəndlərdə olduqlarından məlumatım var və bundan əvvəl də işlə bağlı görüşlərimiz olmuşdur. Lakin həmin günü məlum səbəbdən birlikdə əraziyə baxışda iştirak etməyimiz mümkün olmamışdır. Aramızdakı telefon danışığından bir gün saat sonra biz kənd mərkəzində olan çayxanada təkrar görüşmüş və onlar mənə Şərur rayonu Mahmudkənd bələdiyyəsi ətazisində məişət tullantılarının qalaqlanması faktını müəyyən etdiklərini və bununla bağlı akt tərtib etdiklərini bildirmişlər. Nazirlik əməkdaşları aşkar edikləri faktın elə də ciddi bir nöqsan olmadığını və bununla bağlı mənə sadəcə xəbərdarlıq ediləcəyini bildirərək məndən akta imza etməyimi xahiş etmiş, mən də öz növbəmdə onların dediyini inanaraq akta imza etmişdim. Bundan bir neçə gün sonra nazirlik əməkdaşı kimi tanıdığım Şərur rayon Dizə kənd sakini Mirnağı müəllim mənə zəng etmiş və mənə məxsus şəxsiyyət vəsiqəmin surətinə ehtiyac olduğunu bildirmişdir. Mən də mobil elefon vasitəsilə şəxsiyyət vəsiqəmin şəklini ona göndərmişdim. Bundan sonra isə mən nazirliyə çağırılmış və barəmdə inzibati protokol tərtib edildiyni öyrənmişdim ki, həmin vaxt nazirlikdə olarkən protokola imza etməmiş, onların mənə qarşı yalan və əsassızdavranışlarına etiraz etmişdim. Belə ki, nazirliyin əməkdaşları əraziyə baxarkən orada məişət tullantılarının qalaqlanması faktını müəyyən etdiklərini və guya bununla bağlı foto şəkil çəkdiklərini iddia edirlər ki, həmin ərazinin Mahmudkənd ərazisi olduğu dəqiq məlum deyil. Həmçinin, tullantı Dizə və Oğlanqala kənd sakinləri tərəfindən suvarma kanalına axıdılmış və bu zaman suvarma işlərini aparan şəxslər tərəfindən kanalın qarşısına bənd qurulması nəticəsində ilişib orada qalmışdır. Yəni həmin bənd olmasa idi, tullantı axıb digər kənd ərazisinə keçəcəkdi. Digər tərəfdən də nəzərinizə çatdırım ki, kənd ərazilərində təmizlik və abadlıq işlərinin aparııması rəhbərlik tərəfindən kənd icra nümayəndələrinin səlahiyyətinə aid edilib ki, hazırda bələdiyyələr bunnula bağlı heç bir fəaliyyət həyata keçirmirlər. Mən bələdiyyə sədri olaraq sadəcə kənd icra nümayəndələrinə müəyyən işlərdə köməklik göstərirəm. Bu səbəbdən də mən Naxçıvan MR ETSN əməkdaşlarının barəmdə tərtib etdikləri protokol və inzibati tənbeh vermə haqqında qərarı əsaslı saymır və ona etiraz edirəm. Qeyd edim ki, Naxçıvan MR ETSN yanında EEƏMTEİNX-nin barəmdə olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı mənə rəsmi olaraq xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Buna görə də məhkəməyə müraciət edərək barəmdə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1779393 saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini tələb edirəm. Bir daha qeyd edim ki, barəmdə aparılan inzibati xəta haqqında ış qanunazidd və taill əsassızdır. Buna görə də Naxçıvan MR ETSN yanında EEƏMTEİNX-nin barəmdə olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə barəmdə aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə baxışı iclasında iştirak edən şikayət verən şəxs X7 şikayət ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin nümayəndəsi X9 izahatında xx.xx.2024-cü il tarixdə Şərur rayon Mahmudkənd kəndi ərazisində xidmətin nümayəndələrinin iştirakı ilə reyd keçirilən zaman Mahmudkənd Bələdiyyəsinin mülkiyyətində olan su kanalında və ətrafında tullantıların olduğunu gördüklərini, Mahmudkənd Bələdiyyəsinin sədrinə telefon vasitəsilə məlumat verib onu həmin əraziyə dəvət etdiklərini, lakin onun işi olduğunu gəlmədiyini, bu barədə akt tərtib etdiklərini, fotoşəkillər çəkdiklərini, daha sonra kənd mərkəzinə gedib X4 həmin aktla tanış edərək, imzalatdıqlarını, çirklənmiş ərazi Mahmudkənd Bələdiyyəsinin mülkiyyətində olduğu üçün Mahmudkənd Bələdiyyəsinin sədri X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən protokol tərtib olunduğunu, protokol əsasında 2000 manat məbləğində cərimə olunduğunu, bu barədə qərarın onun ünvanına göndərildiyini, verilmiş şikayətin əsassız olduğunu qeyd edərək, məhkəmədən şikayətin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: - Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli aktın məzmunundan görünür ki, Mahmudkənd kəndində bələdiyyə mülkiyyətində yerləşən su arxına və ətraf ərazilərinə xeyli sayda məişət tullantıları atılmışdır; - xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Şərur rayon Mahmudkənd kəndində xx.xx.2024-cü il tarixində məişət tullantılarının qabaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir; - Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardad görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək törətdiyi inzibati xətaya görə 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə şikayət verən şəxsin, Xidmətinin nümayəndəsinin izahatlarınıı iş materiallarına əlavə olunmuş sənədlərlə qarşılıqlı qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməli, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 1.1.-ci bəndinə əsasən bu Qaydalar "Tullantılar haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmışdır və şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaları”nın 1.4 -cü bəndinə əsasən Qaydalarda aidiyyəti qurumlar dedikdə “Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları nəzərdə tutulur. Həmin Qaydaları”nın 10.4-cü bəndinə əsasən aidiyyəti qurumlar, həmçinin tullantıların emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yaşayış binalarının, müəssisə və təşkilatların, meydanların, küçələrin, bağların və s. ərazilərindən məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılmasını və daşınmasını təmin etməyə cavabdehlik daşıyırlar. Həmin Qaydalarda məişət tullantılarının yığılması və daşınması ilə bağlı bələdiyyələrin üzərinə birbaşa vəzifə qoyulmamış, yalnız Qaydaları”nın 10.5.-ci bəndinə əsasən bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.11-ci bəndinə əsasən istehsalat və məişət tullantılarının yığılması və daşınması işinin təşkil edilməsi, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlərin görülməsi və tullantılarla davranma qaydaları barədə şəxslərin məlumatlandırılmasının təmin edilməsi yerli icra hakimiyyəti başçısının şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində vəzifəsi kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: -271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir; -48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; - 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər; - 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; -128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər; - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır; -135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə də, məhkəmə yuxarıda qeyd edilənləri və iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 128- 134-cü və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar