Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-232/2025 06.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Qərardan şikayət verən X2, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə1, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 Xidmətinin nümayəndələri Nümayəndə2 və Nümayəndə4, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X11 Agentliyinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə X2 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X8 Nəzarət Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1 Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X8 Nəzarət Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Şərur rayon Yuxarı Daşarx kəndində Briket sexi işlədir və qış mövsümü ilə əlaqədar hər ilin oktyabr ayında sexlərin fəaliyyətini dayandırır və aprel ayında fəaliyyətə başlayırlar. 2025-ci ilin avqust ayının 22-də Şərur rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona bildiriş göndərilərək barəsində icra sənədi olduğunu, Ekologiya və Təbii sərvətlər Nazirliyi yanında Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə tərtib edilmiş İnzibati xəta haqqında protokola əsasən İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edildiyini, qəbul edilmiş qərarlara əsasən 960 manat miqdarında cərimə olunduğunu bildirərək 10 gün ərzində qeyd olunan məbləğin dövlət büdcəsinə ödənilməsi göstərilmişdir. Briket sexi sezonla əlaqədar olaraq hər il oktyabr ayının sonlarında fəaliyyətini dayandırdığını, növbəti ilin aprel ayının əvvəlində fəaliyyətə başlayır. Briket sexində yoxlama aparılarkən və müvafiq olaraq inzibati protokol tərtib edilərkən Briket sexi fəliyyət göstərməmiş, o cümlədən Briket sexində yoxlama aparılarkən onun iştirakı təmin olunmamış və barəsində inzibati protokol tərtib edilməsi və ya İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsi barədə ona əvvəlcədən hər hansı bir məlumat verilməmiş, bildiriş və ya qərarın surəti təqdim edilməmişdir. Qeyd olunanlara əsasən Naxçıvan MR ETSN-i yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X8 Nəzarət Xidməti tərəfindən barəsində qəbul edilmiş qərarla razılaşmadığını və qərarın əsassız və qanuna zidd hesab etdiyini, ona görə də Naxçıvan MR ETSN-i yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X8 Nəzarət Xidməti tərəfindən barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayətində qeyd etdiyi xüsusatlara uyğun izahat verərək, izahatında inzibati tənbehvermə haqqqında qərarın ləğv edilməsini, ona dörd tərəfi bağlı yerdən havalandırma qoymağını dediklərini, Briket sexində işləyən maşının titrəşimi və qaldırdığı toz ancaq dörd tərəfi açıq havalandırma yolu ilə çıxa biləcəyini, orada hər hansı tullantı olmadığını və avadanlıqları İran Respublikasından gətirdiyi üçün sertifikatı olmadığını bildirdi.Eyni zamanda yalnız mövsümi olaraq işlədiyini qeyd etdi. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi Nümayəndə4 izahatında və ona verilən sualları cavablandırarkən bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə sahibkara məxsus sexə baxış keçirildiyini və akt tərtib olunaraq çatışmamazlıqlar barədə xəbərdarlıq olunduğunu, xx.xx.2024-cü il tarixdə məcburi tələb blankı göndərildiyini və müvafiq tələblər göstərildiyini, xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunduğunu, 12 fevral 2025-ci il tarixdə isə inzibati xəta haqqında araşdırmada iştirak etməsi üçün X2 dəvət olunduğunu və iştirak etdiyini bildirdi. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə1 izahatında və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, tozuducu qurğular həmin tullantıların geri dönüşünü edərək istehsala qaytarır və təkrar emal olunduğu üçün ekologiyaya zərər vermədiyini, X2 müvafiq ekspertiza rəyi əldə etmədiyini, tullantıların daşınması üçün bələdiyyə və ya MKTB ilə müqavilə bağlanılmadığını bildirdi. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X11 Agentliyinin nümayəndəsi Nümayəndə3 izahatında və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin qanuni yolla aparılması barədə X4 müvafiq sənədləşdirilmələrin aparılması ilə bağlı dəfələrlə təklif olunduğunu, lakin şəxsin müraciət etmədiyini bildirdi. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi Nümayəndə2 izahatında və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, protokol tərtib olunan zaman vətəndaş bu barədə məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X8 Nəzarət Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 087 nömrəli aktdan görünür ki, Şərur rayonu Yuxarı Daşarx kəndində yerləşən, fiziki şəxs X4 məxsus briket istehsalı müəssisəsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, istehsalat zamanı ağ qumdan istifadə olunur, bununla bağlı alqı-satqı müqaviləsi mövcud deyildir. Müəsissədə istehsal prosesi zamanı tozuducu qurğu quraşdırılmayıb. Müəssisənin ətraf ərazilərində məişət tullantılarına rast gəlinib. Briket sexinə keçirilən baxış zamanı ekoloji ekspertiza rəyinin, yer quruluşu planının və normativ sənədlərin olmadığı aşkarlanıb. Atmosfer havasına təsir edən qurğuların sertifikatı mövcud deyil. Briket sexi bələdiyyə mülkiyyətində yerləşir və mülkiyyətçi ilə müqavilə yoxdur. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X8 Nəzarət Xidmətinin aparıcı məsləhətçisi Nümayəndə2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* №li inzibati xəta haqqında protokoldan görünür ki, Şərur rayon Yuxarı Daşarx kəndində fəaliyyət göstərən Briket sexində normativ sənədləri, avadanlığın sertifikatı, istehsalat və məişət tullantılarının idarə edilməsi ilə bağlı müvafiq orqanla müqaviləsi olmadan və toztutucu qurğu quraşdırılmadan fəaliyyət göstərərək inzibati xəta (İXM-nin 541-ci maddəsi) törətmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X8 Nəzarət Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından aydın olur ki, X5 Azərbaycan Respublikası İXM-in 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 600 (altı yüz) manat miqdarında cərimə edilmiş və şəxsin barəsində İXM-nin 116-cı maddəsi tətbiq edilməklə bu cərimə şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi vergilər İdarəsinin 26 avqust 2025-ci il tarixli arayışından məlum olur ki, mövsümi işlə əlaqədar X5 (VÖEN: **********) xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək fəaliyyətini dayandırmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə yanaşı, iş üzrə məhkəmə iclasında dindirilmiş digər şəxslərin izahatlarını, o cümlədən inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 istinad edilmiş və inzibati məsuliyyətə səbəb olmuş əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir və sübutların məcmusu X4 istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə-fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv məcmu halında və əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X2 yuxarıda qeyd olunan əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Şikayət təmin edilməli, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X7 Nəzarət Xidməti tərəfindən X2 barəsində tətbiq edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə məsələyə spesifik hüquq normalarının tətbiqi konteksində yanaşaraq belə nəticəyə gəlirki, inzibati xəta haqqında iş üzrə icraatın və digər qanunvericilik aktlarının prinsipləri pozulmuş, qərar qəbul edilərkən zəruri hüquqi əsaslar mövcud olmamışdır. Belə ki, iş materiallarından görünür ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 Xidməti tərəfindən X4 məxsus briket sexində xx.xx.2024-cü ildə yoxlama keçirilən zaman yoxlama barədə heç bir sənəd təqdim edilməmiş yəni, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestrindən çıxarış o, cümlədən keçirilən yoxlamanın planlı və ya plandankənar olmasını təsdiqləyən sənədlər sahibkara təqdim edilməmişdir. Aparılan məhkəmə araşdırması zamanı Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyini və Nazirlik yanında X10 Xidmətini təmsil edən vəzifəli şəxslərdə öz izahatlarında aparılan yoxlamanın müvafiq vahid məlumat reyestrində qeydə alınmasına dair hər hansı təsdiq edici sənədlər təqdim edə bilməmiş və yoxlamaların reyestrdə qeydiyyata alınmadığını təsdiq etmişlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən sahibkarlar barəsində aparılan yoxlamaların mütləq şəkildə vahid məlumat reyestrində qeydiyyata alınması tələb olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur və belə yoxlamaların nəticələrinə əsaslanaraq inzibati məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinin imperativ tələbinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2-ci maddəsinə görə işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 101.3-cü maddəsində isə qeyd olunur ki, inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında N2106204 saylı protokol isə yoxlamanın aparıldığı xx.xx.2024-cü il tarixdən xeyli sonra xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Aparılan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, toztutucu qurğu olmadığına görə ətraf mühitə zərər yetrilməsi hər hansı xüsusi texniki vasitə ilə müəyyən edilməmiş və səlahiyyətli vəzifəli şəxslər məhkəməyə verdiyi izahatında bu halı vizual olaraq gördüklərini qeyd etmişlər. Dövlət Vergi Xidmətinin təqdim etdiyi arayışda müəssisənin xx.xx.2025-ci il tarixdən fəaliyyətini dayandırdığı qeyd edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmiş və protokola nəzər yetrildikdə hər hansı ekspertiza və ya digər araşdırma aparılmasını təsdiq edən hallar qeyd edilməmiş və məhkəmə iclasında hət hansı sübutlar təqdim edilməmişdir. Sözügedən xüsusata dair məhkəməyə hər hansı laborator nəticə, xüsusi texniki vasitə göstəricisi və ya digər sübut təqdim edilməmişdir. Qeyd edilən pozuntunun ətraf mühitə faktiki təsiri mötəbər sübutlarla sübuta yetirilməmişdir. Qanunvericiliyin imperativ tələbinə görə inzibati xəta tərkibinin formalaşması üçün dörd element yəni, obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət mövcud olmalıdır. İXM-in 3-cü maddəsində qeyd olunur ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın zahiri görünüşünü yəni, hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlərin məcmusudur. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün qanunvericiliklə müəyyən edilmiş dörd əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri əsaslı və mötəbər sübutlarla sübuta yetirilmir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 12-ci maddənin 3-cü bəndinə əsasən sahibkarlıq fəaliyyətinin yoxlanılmasını həyata keçirən orqanlar, onların hüquq və səlahiyyətləri qanunvericilik aktları ilə müəyyənləşdirilir. 13-cü maddənin 1-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinə nəzarət həmin fəaliyyətin səmərəli həyata keçirilməsinə maneələr yaratmamalıdır. Nəzarəti həyata keçirmək hüququna yalnız qanun əsasında bu hüquqlar verilmiş orqan və qurumlar malikdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2-ci maddəsinə görə Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3-cü maddədə Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.5. Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. Həmin qanunun 14.1-ci maddəsinə əsasən yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Sözügedən qanunun 15.1-ci maddəsinə əsasən plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. Həmin qanunun 16.1-ci maddəsinə əsasən Bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır: 16.1.1. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə; 16.1.2. bu Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda; 16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda; 16.1.4. sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 105.1-ci maddəsində göstərilir ki, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İnzibati Xətalar Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5- 1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuşhüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Karelin Rusiyaya qarşı” iş üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Beləliklə, məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, təqdim olunmuş sübutları milli və beynəlxalq hüquq normaları konteksində araşdıraraq belə nəticəyə gəlir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X8 Nəzarət Xidməti tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-232/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-232/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver