Məhkəmə qərarları › İş №3(110)-240/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-240/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-240/2023 15.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Şərur rayon Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda duran və yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Şərur şəhərində Şərur rayon Polis İdarəsinin həyətində ictimai asayişi pozaraq, xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında xx.xx.2023-cü il tarixdə Şərur rayon Polis İdarəsinə gəldiyini, çox içkili olduğu üçün gəlmə səbəbini bilmədiyini, orada öz-özünə söyüş söydüyünü, polis əməkdaşının ona yaxınlaşıb ictimai asayişi pozmamalı olduğunu bildirdiyini, bu zaman özündən asılı olmayaraq onu söydüyünü, polis əməkdaşının yenidən ona ictimai asayişi pozmamalı olduğunu bildirib içkili olduğu üçün evə getməsini dediyini, içkili olduğu üçün ona qarşı nalayiq ifadələr işlətdiyini, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə xidmət aparan zaman Şərur rayon Polis İdarəsinə gəldiyini, bu zaman Raminin idarənin həyətində öz-özünə söyüş söyərək ictimai asayişi pozduğunu, ona yaxınlaşıb ictimai asayişi pozmamalı olduğunu bildirdiyini, lakin Raminin ona qarşı nalayiq ifadələr işlətdiyini, içkili olduğu üçün yenidən xəbərdar etdiyini və evə getməyi bildirdiyini, Raminin söyüş söyməkdə davam etdiyini, buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 002834 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şərur şəhərində Şərur rayon Polis İdarəsinin həyətində ictimai asayişi pozaraq, xırda xuliqanlıq hərəkətləri etməklə ictimai qaydanı pozmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0356 saylı "Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən 1 ədəd Keno markalı siqaret, 1 ədəd alışqan aşkar edilərək götürülmüş, daha sonra isə özünə qaytarılmışdır. İş materiallarında olan 0628 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şərur şəhərində Şərur rayon Polis İdarəsinin həyətində ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan lakin, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halları və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməli və inzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdə saat 23:00-dan hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdə saat 23:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar