Məhkəmə qərarları › İş №3(110)-241/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-241/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-241/2023 18.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, xx.xx.1970-ci ildə Şərur rayonu, Günnüt kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayonu, Mahmudkəndində qeydiyyatda duran və yaşayan (FİN:5XKC5G6) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, 013169 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs Şərur Rayon Məhkəməsinin 2(110)-370/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 6 aylıq aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədi üzrə borcunu tamamilə ödədiyini, ona görədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 izahatında Şərur Rayon Məhkəməsinin 2(110)- 370/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 1 uşağın saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment borcunun Şəxs tutulmasının qət edildiyini, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişlərin borcluya verildiyini, icra sənədlərinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, tələbkarların tez-tez zəng edərək borclarının ödənilməsini tələb etdiklərini, bu günədək borclarını ödəmədiyini, borclunun ümumilikdə 900 manat aliment borcu olduğunu, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələri borcluya izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədinin icrasından boyun qaçırıldığını, buna görə də, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, haliyədə isə icra sənədi üzrə bütün borcunu ödədiyini, ona görədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokol tərtib edən icra məmurunun izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokol tərtib edən icra məmurunun izahatları ilə müəyyən olunmuşdur ki, borclu X8 tərəfindən icra sənədi tam şəkildə icra olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-370/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən iddia təmin edilməklə iddiaçı X4 doğduğu 19 mart 2009-cu il təvəllüdlü X3 atasının Şəxs olması müəyyən edilmiş, 27 mart 2023-cü il tarixdən hesablanmaqla 19 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilmiş, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borlcu xx.xx.1970-ci il təvəllüdlü Şərur rayon Mahmudkəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 013169 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə 900 manat borcunu ödəməkdən yayındıgından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamış, əmək müqaviləsi üzrə iş yeri yoxdur, eyni zamanda o, pensiya və sosial ödəniş almır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar