Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-242/2025 08.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Şərur RPİ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Şərur rayonu, Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, İ qrup əlilliyi olan, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olan və yaşayan Şəxs (Fin: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şərur RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-43-12/2-11941/2025 №-li məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 06 sentyabr 2025-ci il tarixdə saat 03 radələrində Şəxs Şərur rayonunun Çərçiboğan kəndində evlərində əşyaları dağıtmış və səs-küy salmışdır. Faktla bağlı xx.xx.2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbləri pozulduğuna görə ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Şərur RPİ-nin əməkdaşı, polis leytenantı X6 verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin anası X1 xx.xx.2025-ci il tarixdə Şərur RPİ-yə ərizə ilə müraciət edərək, oğlu Şəxs sərxoş halda evə gələrək evdəki əşyaları dağıtdığını, onu təhqir etdiyini bildirdiyini, həmin müraciət əsasında müvafiq araşdırlıma aparıldıqdan sonra Şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi izahatında İ qrup əlil olduğunu, hadisə günü kənd mərkəzində yerləşən mağazadan 2 ədəd “Naxçıvan pivəsi” alaraq içdiyini, spirtli içkinin təsirindən sərxoş hala düşdüyünü, evə sərxoş halda gəldiyi üçün anasının onu danladığını, buna görə əsəbləşib özündən çıxdığını, sərxoş halda olduğu üçün etdiyi hərəkətləri dərk etmədiyini, əməlindən peşman olduğunu, bir daha spirtli içki qəbul etməyəcəyinə söz verdiyini, valideynlərindən üzr istədiyini, bir daha bu tipli əməllər törətməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında oğlu Şəxs spirtli içki aludəçisi olmadığını, lakin hadisə baş verdiyi gün gecə saatlarında sərxoş halda evə gəldiyini, ona bu barədə öz iradlarını bildirdikdən sonra onun əsəbləşib evdəki əşyalara zərər vurmağa çalışdığını, ucadan təhqiramiz, lakin nalayiq olmayan ifadələr işlətdiyini, onun adi halda bu cür əməllər törətməyə meyilli insan olmadığını, qanunazidd hərəkətlərinin spirtli içkinin təsirindən olduğunu, spirtli içkinin təsiri keçdikdən sonra ondan üzr istədiyini, bir daha spirtli içki qəbul etməyəcəyinə söz verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 06 sentyabr 2025-ci il tarixdə saat 03 radələrində Şəxs Şərur rayonunun Çərçiboğan kəndində evlərində əşyaları dağıtmış və səs-küy salmışdır. Sözügedən inzibati xəta haqqında protokolda hər hansı sübutlara, o cümlədən, xuliqanlığın obyektiv cəhətində əksini tapan hərəkətlərin ictimai yerlərdə yox, məhz barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin birgə yaşadığı ailəsinə məxsus yaşayış evində törətməsi qeyd olunmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən də, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, əməldə inzibati xəta tərkibi də yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, xırda xuliqanlıq inzibati xətasının obyekti - ictimai qaydadır. Bu inzibati xətanın bilavasitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Hazırkı işin halları isə həmin maddənin dispozisiyası ilə üst-üstə düşmür. Belə ki, əməl düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasında nəzərdə tutulmuş xırda xuliqanlığın mahiyyətini təşkil edən «ictimai qaydanı pozma» ifadəsinə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu xüsusda olan qərarlarına istinad etməyi vacib sayır. Belə ki, «Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və X4 İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı pozmaq niyyətində olduğu müəyyənləşdirilməyibsə, deməli, onun hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2 bəndində qeyd olunur ki, ictimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Yuxarıda istinad olunan qanun normalarının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın tərkibinin yaranması üçün onun hərəkətləri ictimai qaydanın pozulmasına yönəlməli (obyektiv cəhət) və bu zaman xırda xuliqanlıq niyyəti olmalıdır (subyektiv cəhət). Yəni hüquqazidd əməldə həmin xətanın tərkibinin olub-olmamasının aydınlaşdırılması üçün ictimai qaydanı pozan hərəkətlərin törədilib-törədilməməsi və ictimai qaydanı pozmaq niyyətinin olub-olmamasının müəyyənləşdirilməsi həlledici amildir. Bunlar yoxdursa, əməldə xırda xuliqanlığın tərkibi də yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahid qismində dindirilmiş X1 məhkəmə iclasında verdiyi izahatlarından görünür ki, Şəxs ünvanlı-ünvansız nalayiq ifadələr işlətməmiş, evdəki əşyalara isə real zərər yetirməmişdir.Eyni zamanda mübahisə şəxsin özünə məxsus evdə olmuşdur. Aralarında sözlü mübahisə olsa da, bu, qanunvericiliyə əsasən xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Şəxs həmin vaxt hansı hərəkəti ilə cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı pozması, habelə bu hərəkətlərin hansı insanların hüquq və azadlıqlarına təhlükə törətməsi, ümumiyyətlə təhqir etmənin hansı ifadələrlə həyata keçirilməsi inzibati xəta haqqında protokolda və iş üzrə hər hansı sübutda öz əksini tapmamışdır. İş materialları ilə Şəxs cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması və bu hərəkətlərin xırda xuliqanlıq niyyəti ilə törədilməsi sübut olunmur. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs də bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinin tələbinə görə, bu sübutları məhkəməyə təqdim etməklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olmasını sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2 maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2ci maddəsində nəzərdə tutulmuş əsasla yəni, inzibati xəta tərkibi olmadığına görə xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: İlkin Zeynalov