Məhkəmə qərarları › İş №3(110)-245/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-245/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-245/2024 09.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Şərur rayon Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, sexdə fəhlə işləyir, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Şərur şəhərində ucadan ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkəti etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında xx.xx.2024-cü il tarixdə Şərur rayon bazarına ləvazimat almaqdan ötrü getdiyini, bazardan çıxan zaman polis əməkdaşları ilə bacanağı X1 arasında mübahisə etdiklərini gördüyünü, onun da onlara yaxınlaşaraq bacanağını həmin ərazidən uzaqlaşdırdığını, sonradan bacanağı olan Hüseynov Fəyyazın yenə də polis əməkdaşlarının yanına qayıtdığını və aralarında yenə də mübahisə başladığını, bu zaman ərazidə xidmət aparan post patrul xidməti maşınının yanlarına yaxınlaşdığını və onlardan xidməti maşına əyləşmələrini tələb etdiklərini, onun da polisin qanuni tələbini qəsdən pozaraq maşına əyləşməkdən imtina etdiyini, polis əməkdaşlarının ona fiziki güc tətbiq edərək xidməti maşına əyləşdirdiklərini və onu polis idarəsinə gətirdiklərini, etdiyi əməldən peşman olduğunu, himayəsində 1 ci dərəcəli əlil epilepsiya xəstəsi olan uşağının olduğunu, onun müalicəsinin vaxtı olduğunu, həkimə aparmaq üçün Bakı şəhərindən bura gəldiyini, qeyd etdiklərini nəzərə alaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şərur RPŞ-nin PPXB-nin baş serjantı X5 izahatında və verilən suallara cavabında xx.xx.2024-cü il tarixdə Şərur şəhərində xidmət aparan zaman Yaşıl Bazarın qarşısında X12 əməkdaşları ilə bir nəfər şəxsin mübahisə etdiyini gördüklərini, onların ora çatdıqdan sonra onu nizam-intizama dəvət etdiklərini, onun səsini ucaldaraq səs-küy salmağa başladığını, bir neçə dəfə hərəkətləri davam etdirdiyini, sonradan DYP-nin əməkdaşlarının onun bacanağının maşınını saxladıqları üçün Samurun belə səs-küy saldığını bildiklərini, Samura maşına mindirib getməsini dediklərini, onun yenə də hərəkətlərinə davam etdiyini, məcbur qalıb onu Şərur RPİ-nə gətirdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şərur RPŞ-nin PPXB-nin polis kiçik serjantı X7 digər şahid X5 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şərur RPŞ-nin YPX-nin inspektoru polis baş leytenantı X2 izahatında və verilən suallara cavabında xx.xx.2024-cü il tarixdə Şərur şəhərində xidmət aparan zaman Yaşıl Bazarın qarşısında piyada xəttinin yanında sıxlıq olduğunu, onların da post patrul xidməti ilə birlikdə orada vətəndaşlara köməklik etdiklərini, həmin vaxt bir maşının saxlayaraq polis əməkdaşlarına “sən kimsən göstəriş verirsən?” dediyini, polislərin də ona “biz sənə nə dedik belə qızışırsan?” dediklərini, həmin oğlanın da hərbiçi olduğunu, üstündən 1-2 dəqiqə keçdikdən sonra Samur adlı şəxsin gəldiyini, səsini yüksəltməyə, tabesizlik göstərməyə, nalayiq ifadələr işlətməyə başladığını, “siz kimsiniz mənim bacanağımı saxlayıbsınız?” dediyini, post patrul xidmətinin əməkdaşlarının onu bir neçə dəfə nizam-intizama dəvət etdiklərini, Samur adlı şəxsin yenidən tabesizlik göstərdiyini, polis əməkdaşlarının onu Şərur Rayon Polis İdarəsinə apardıqlarını bildirmişdir. İş materiallarına əlavə olunmuş: - Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur şəhərində ucadan ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkəti etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; - Şərur rayon Düdəngə kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.20114-cü il tarixli AZ-İİİ № 079303 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Şəxs xx.xx.2014-cü il təvəllüdlü X6 valideynidir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X9 xx.xx.2025-ci il tarixədək İ dərəcəli əlil kimi qeydiyyatda durur; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şərur rayon Düdəngə kəndində qeydiyyatda olan xx.xx.2014-cü il təvəllüdlü X9 həqiqətən xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “Epilepsiya, gündə 5 və daha çox yüngül tutma yaxud ayda 3 ağır tutma yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən ayda 1 dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda bir dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları” diaqnozu ilə qeydiyyatda durur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərinin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur şəhərində ucadan ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkəti etmiş bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, himayəsində 1-ci dərəcəli epilepsiya xəstəliyi olan uşağının olmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar