Məhkəmə qərarları › İş №3(110)-248/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-248/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-248/2025 10.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: qızının katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi orqanın səlahiyyətli X2, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1975-ci ildə Şərur rayonunun Kərki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Kəngərli rayonunun Yeni Kərki kəndində qeydiyyatda olmaqla, Şərur rayonunun Kürkənd kəndində yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şərur Rayon Polis İdarəsinin 10 sentyabr 2025-ci il tarixli, 313-43-12/2-12087/2025 №-li məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 09 sentyabr 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 09 sentyabr 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 06 sentyabr 2025ci il tarixdə Şərur rayonunun Kərimbəyli kəndində ucadan nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Faktla bağlı 09 sentyabr 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi izahatında 06 sentyabr 2025-ci il tarixdə, saat təxminən 1600-1700 radələrində 2 dostu ilə birlikdə (Səttar və Şunasi) Şərur rayonunun Kərimbəyli kəndində yerləşən “Cənnət bağı” adlı kafedə yeyib-içdiyini, içkinin təsirindən dostları ilə birlikdə həmin kafedə səs-küy saldıqlarını, ucadan danışdıqlarını, söyüş söydüklərini, bu zaman səsləri yüksək çıxdığından Kərimbəyli kənd sakinləri ilə mübahisə etdiklərini və kənd sakini Cəmil adlı şəxs tərəfindən döyüldüklərini, səsə kəndin postunda duran polis əməkdaşlarının gəldiyini və onları Şərur Rayon Polis İdarəsinə gətirdiklərini, törətdiyi əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur Rayon Polis İdarəsinin əməkdaşı X13 verdiyi izahatında 06 sentyabr 2025-ci il tarixdə iş yoldaşı X5 ilə Şərur rayonunun Kərimbəyli kəndində xidmət apardıqlarını, birdən ucadan səs-küy gəldiyini eşitdiklərini, səs gələn yerə-“Cənnət bağı” adlı kafesinə getdiklərini, orada 3-4 nəfərin uca səslə nalayiq ifadələr işlətdiyini və mübahisə etdiyini gördüklərini, onlara yaxınlaşıb özlərini təqdim etdiklərini, ictimai yerdə uca səslə nalayiq ifadələr işlətməyin düzgün olmadığını bildirdiklərini, onların öz əməllərinə davam etdiyini, həmin şəxsləri Şərur Rayon Polis İdarəsinə gətirdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur Rayon Polis İdarəsinin əməkdaşı X5 verdiyi izahatında 06 sentyabr 2025-ci il tarixdə X13 ilə Şərur rayonunun Kərimbəyli kəndində xidmət apardıqlarını, birdən ucadan səs-küy gəldiyini eşitdiklərini, ora yaxınlaşdıqları zaman 3-4 nəfərin uca səslə nalayiq ifadələr işlətdiyini və mübahisə etdiyini gördüklərini, onlara yaxınlaşıb özlərini təqdim etdiklərini, ictimai yerdə uca səslə nalayiq ifadələr işlətməyin düzgün olmadığını bildirdiklərini, onların öz əməllərinə davam etdiyini, həmin şəxsləri Şərur Rayon Polis İdarəsinə gətirdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında 06 sentyabr 2025-ci il tarixdə Şərur rayonunun Kərimbəyli kəndinin mərkəzində olduğunu, birdən ucadan səs-küy gəldiyini eşitdiyini, səs gələn yerə getdiyini, “Cənnət bağı” adlı kafedə tanımadığı şəxslərin restorandan sərxoş halda çıxaraq uca səslə nalayiq ifadələr işlətdiyini, həmin 3 nəfərə yaxınlaşıb bunun səbəbini soruşduğunu, onların isə yenə uca səslə nalayiq ifadələr işlətməyə davam etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi izahatında özünün Şərur rayonunun Kərimbəyli kəndində yaşadığını, 06 sentyabr 2025-ci il kəndinin mərkəzində yerləşən -“Cənnət bağı” adlı kafedə tanımadığı 3 nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətdiyini və bu səbəbdən də onların kənd sakini Cəmil adlı şəxslə mübahisə etdiklərini görüdüyünü bildirmişdir. Məhkəmə iclasında Şəxs barəsində protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə müvəkkili X7 verdiyi izahatında şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibini olduğunu bildirərək, onun cəzalanmasını məhkəmədən xahiş etmişdir. Şahid- X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, X1 izahatının ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahid X1 ibtidai araşdırma zamanı verdiyi izahatına əsaslanmadığını nəzərə alaraq, şahid X1 iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və onun ibtidai araşdırma zamanı verdiyi izahatının elan edilməsini, o cümlədən qərarın əsaslandırılması zamanı onun izahatına istinad olunmasını müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.3, 112.1.4 və 115-ci maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında izahatı elan olunaraq tədqiq olunmuş şahid X6 ibtidai araşdırma zamanı verdiyi izahatında Şərur rayonunun Kərimbəyli kəndində yaşadığını, evlərini yaxınlığında həmkəndlisi Elsevərə məxsus restoran olduğunu, orada əvvəllər sakitlik olduğunu, təxminən 1 həftə əvvəl restorana qadın işçilərin gəldiyini, bundan sonra restoranda səs-küyün çoxalmağa başladığını, 06 sentyabr 2025-ci il tarixdə saat 2300 radələrində yaşadığı evin həyətyanı sahəsində olan zaman restorandan çıxan müştərilərin yolda nalayiq ifadələr işlətdiyini eşitdiyini, sonra həmin yerdə dava düşdüyünü gördüyünü, sonra polis əməkdaşlarının hadisə yerinə gəldiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə yanaşı, iş üzrə ibtidai araşdırma dövründə dindirilmiş şahidin izahatını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 09 sentyabr 2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 06 sentyabr 2025-ci il tarixdə, Şərur rayonunun Kərimbəyli kəndində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:05-dən inzibati qaydada tutulmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində Şəxs yaşadığı kəndin ərazisində ictimai asayişin pozulması ilə nəticələnən əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. «Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və X4 İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2 bəndində qeyd olunur ki, ictimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davaranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir. Ona görə də inzibati xəta törətmiş şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını iş üzrə onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının həddi daxilində minimum həddə inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10, onun MSY-nə təhvil verilməsi isə Şərur Rayon Polis İdarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli onun azadlığının faktiki məhdudlaşdırldığı vaxtdan, yəni 09 sentyabr 2025-ci il tarixdən, saat 22:05-dən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 5 (beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 həvalə edilsin.

3. İnzibati həbsin əvvəli 09 sentyabr 2025-ci il tarixdən, saat 22:05-dən hesablansın.

4. Şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 təhvil verilməsi Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis idarəsinə həvalə edilsin.

5. Qərar dərhal icra edilsin.

6. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar