Məhkəmə qərarları › İş №3(110)-25/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-25/2022

05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-25/2022 05.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Şərur rayon Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3 uşaq atası, ali təhsilli, işsiz, ikinci qrup əlilliyi olan, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis idarəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 04.04.2022-ci il tarixdə təxminən saat 18:30 radələrində Şərur rayon Polis İdarəsinin önündə uca səslə səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında 04.04.2022-ci il tarixdə anasına məxsus olan niva markalı ** BB *** dövlət nömrə nişanlı avtomobillə mərkəzdə olan zaman DYP-nin əməkdaşlarının ona yaxınlaşdığını, cərimə meydançasına getməyi bildirdiklərini, onun maşını ilə Şərur rayon Polis idarəsinin həyətinə gəldiyini, ona maşının cərimə meydançasına qoyulmalı olduğunun bildirildiyini, səbəbini soruşduqda demədiklərini, özünün əsəbləşərərək hirsini cilovlaya bilmədiyini, maşından lezva götürərək sol qolunu kəsdiyini, polis əməkdaşlarının onu Şərur rayon Mərkəzi Xəstəxanasına apardıqlarını, qoluna müayinə edilərək tikiş vurulduğunu, polis idarəsinə qayıtdığını, polis rəisinin onu qəbul etdiyini, maşında olan əlavə avadanlıqları sökməsini bildirdiyini və evə buraxıldığını, əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza verilməsini məhkəmədən məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında 04.04.2022-ci il tarixdə Şərur rayon ərazisində xidmət apararkən Şərur rayon Düdəngə kənd sakini Şəxs idarə etdiyi ** BB *** dövlət qeydiyyat nişanlı VAZ 4214 markalı avtomobildə olan quraşdırdığı əlavə avadanlıqlara görə “saxla” əmri verərək maşını dayandırdıqlarını, ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra maşında olan əlavə avadanlıqlara görə avtomobili cərimə meydançasına aparılmalı olacağını bildirildiyini, bundan sonra onlarla birlikdə avtomobili Şərur rayon Polis İdarəsinin cərimə meydançasına gətirdiklərini, orada düşərək səs-küy salmağa başladığını və maşından çıxardığı ülgüclə özünə xəsarət yetirməyə başladığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında 04.04.2022-ci il tarixdə Şərur rayon M.Ə.Sabir küçəsində xidmət aparan zaman Şəxs idarə etdiyi ** BB *** dövlət qeydiyyat nişanlı VAZ 4214 markalı avtomobilini əlavə avadanlıqlar quraşdırdığı üçün “saxla” əmri verərək maşını dayandırdıqlarını, bu zaman ona saxlamanın səbəbini izah etdikdən sonra onu Şərur rayon Polis İdarəsinin cərimə meydançasına dəvət edib avtomobilini təhvil verməsini tələb etdiklərini, avtomobili cərimə meydançasına gətirdikdən sonra orada səs-küy saldığını, bu zaman maşından çıxardığı ülgüclə qollarını doğramağa başladığını bildirdi. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru Məmmədov Vurğun Şakir oğlu tərəfindən tərtib edilmiş 05.04.2022-ci il , 010139 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04.04.2022-ci il tarixdə təxminən saat 18:30 radələrində Şərur rayon Polis İdarəsinin önündə uca səslə səs-küy salaraq ictimai qaydanı pozmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon ƏSMM tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli vəsiqənin surətindən görünür ki, Şəxs 2-ci qrup əlildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Şəxs İİ qup əlildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halın mövcudluğunu, İİ qrup əlil olmasını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə olunmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar