Məhkəmə qərarları › İş №3(110)-255/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-255/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-255/2023 06.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2001-ci ildə Şərur rayon Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, çoban işləyən, Şərur rayon Yengicə kəndində yaşayan Şəxs barəsində (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərur Rayon İcra və Probasiya Şöbəsində icraatda olan Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 008956 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən protokol tərtib olunub ondan ötrü ki, Şəxs 600 manat məbləğində inzibati cərimənin tutulmasının göstərilməsinə baxmayaraq Şəxs uzun müddət ərzində icra sənədlərinin icrasından üzürsüz səbəbdən boyun qaçırmış, edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamıdır. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməlində inzibati xəta tərkibinin olmaması inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, icra məmurunun və özününü izahatı ilə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında qərar barədə məlumatlı olduğunu, hazırda Şahbuz rayonunda çobanlıq etdiyini, özünü təqsirli bilmədiyini, çünki heyvanların ona məxsus olmadığını, belə ki hadisə baş verən gün yenə də başqa şəxsin heyvanlarına nəzarət etdiyini, yanında işlədiyi şəxsin əmək haqqısını vaxtında vermədiyini, ona görə də onun yanından ayrıldığını, haliyyədə başqa bir şəxsin yanında 1 ay əvvəl işə başladığını, 300 manat əmək haqqı aldığını, işləmədiyi üçün maddi vəziyyəti yaxşı olmadığına görə borcunu ödəmədiyini, hazırda 300 manat ödəniş etdiyini, qalan 300 manatını isə növbəti maaşda ödəyəcəyini bildirmişdir. Protokolu tərtib edən şəxsin izahatı: Məhkəmədə protokolu tərtib edən şəxs Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 izahatında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinin tələbini pozduqlarına görə 4 nəfər barəsində inzibati cərimənin ödənilməsinin müəyyən olunduğunu, qərarın Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, digər 3 nəfərin cəriməni ödədiklərini, lakin Şəxs cəriməni ödəmədiyini, borcluya dəfələrlə xəbərdarlıqlar edildiyini, qərarın icrasından üzürsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclunun yenə də qərarın icrasından boyun qaçırdığını, şəxsin barəsində axtarış elan edildiyini, Şərur Rayon Polis İdarəsi tərəfindən tutularaq icra qurumuna təhvil verildiyini, borcundan 300 manat ödədiyini, 300 manat borcu qaldığını buna görə də onun barəsində inzibati protokol tərtib edildiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan olan Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 008956 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 600 manat məbləğində inzibati cərimənin göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıqların surətindən görünür ki, tələbin könüllü icra olunmayacağı təqdirdə tələbin məcburi qaydada icra olunacağı göstərilmişdir. İş materiallarında olan Şərur Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından və xx.xx.2023-cü il tarixli aktdan görünür ki, borclunun barəsində axtarış elan olunmuş, borcu polis tərəfindən tutularaq icra qurumuna təhvil verilmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş materillarını araşdırarkən müəyyən olunmuşdur ki, borclu Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, onun tərəfindən icra sənədlərinin icra olunmamasının üzürlü səbəbləri mövcuddur və hazırkı vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar