Məhkəmə qərarları › İş №3(110)-257/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-257/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-257/2023 06.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Şərur rayon Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Alışar kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:00 radələrində Şərur rayon Alışar kəndində ictimai qaydanı pozaraq, xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində mallarını gətirib tövləyə qatdığını, daha sonra ailəsi ilə birlikdə evə keçərək ailəsi ilə birlikdə çay içdiyini, saat 20:00 radələrində həyat yoldaşı Aynurə İmanova ilə birlikdə tövləyə mallara baxmağa getdiklərini, ondan sonra evə gəldiklərini, ailəliklə yemək yeyərkən ev telefonuna zəng gəldiyini, zəng edənin qonşusu Gülnar olduğunu, telefonda yoldaşına anası, yəni Məhəbbət İmanovanın tez onlara gəlsin dediyini, anası ilə yoldaşının qonşusu Gülnarın yaşadığı evə getdiklərini, Gülnarın anasıgilə guya onun yaşadığı evin həyətinə gəldiyini və pəncərəni döyüb onu narahat etdiyini dediyini, anasıgilin evə gələndən sonra polis əməkdaşlarının gəlib onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, barəsində protokol tərtib edərək orada saxladıqlarını,Gülnarın yalan danışdığını, dediyi kimi həmin vaxtı evdən çıxmadığını, bunu anası və arvadının da təsdiq edəcəyini, onları məhkəməyə dəvət edərək şahid qismində dindirilməklərini xahiş edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında yoldaşı Türkiyə Respublikasında olduğu üçün iki azyaşlı uşağı ilə birlikdə yaşadığını, xx.xx.2023-cü il tarixdə axşam saat 20:00 radələrində uşaqlarla oturduğunu, birdən evin pəncərəsinin yumruqla döyüldüyünü eşitdiyini, pəncərədən həyətə baxarkən hava qaranlıq olsada bir nəfərin cəld şəkildə həyətdən çıxaraq küçəyə qaçdığını, həyətdəki şəxsin qonşusu və həmkəndlisi Şəxs olduğunu gördüyünü, evlərinə zəng edərək onun anasına və arvadını evlərinə çağırdığını, onlar Elnarın evdə olduğunu desələrdə, onların yalan danışdığını, Elnarı müdafə etdiklərini bildiyini, ondan başqa mənim pəncərəmi heç kəsin döyməyəcəyini bildiyini, 3 il əvvəl bir dəfə də ərinin Elnarın onların həyətində gəzərkən tutduğunu, onun barəsində polisə şikayət etdiyini, Elnarın anası və arvadı gedəndən sonra bu barədə Şərur Rayon Polis İdarəsinə müraciət etdiyini bildirmişdir . Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında Şəxs onun əri olduğunu, xx.xx.2023-cü il tarixdə saat 19:00-20:00 radələrində evdə ailə üzvləri ilə birlikdə yemək yedikləri zaman, bu zaman ev telefonuna zəng gəldiyini, telefonu açan zaman zəng edən şəxsin qonşuları Gülnar olduğunu bildiyini, Gülnarın qışqıraraq ona qaynanası Məhəbbətin təcili onların evinə gəlməsini bildirdiyini, ona Elnarın 5 dəqiqə əvvəl onların pəncərəsini döydüyünü, pəncərədən ona baxdığını, qaynanası ilə birlikdə Gülnarın evinə getdiklərini, orada mübahisə etdiklərini, Gülnara Elnarın 1 saatdan artıqdır ki evdə olduğunu, çölə çıxmadığını bildirdiyini, Gülnarın həmin şəxsin üzünün görmədiyini, lakin 3-4 il əvvəl də belə hadisə olduğu üçün ondan şübhələndiyini bildirdiyini, həmin vaxt Elnarın evdə olduğunu, Elnarın Gülnarın həyətinə getmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X1 da digər şahid X6 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək hesab edir ki, qeyd edilən faktı təsdiq edəcək kifayət qədər sübutlar mövcud deyil. Bu isə onu deməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 002883 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 20:00 radələrində Şərur rayon Alışar kəndində xırda xuliqanlıq hərəkətləri etməklə ictimai qaydanı pozmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0365 saylı "Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmişdir İş materiallarında olan 0632 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:05-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar