Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-259/2023 13.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1989-cu ildə Şərur rayonu, Xələc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaqlı, işsiz, Şərur rayonu, Xələc kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Xələc kənd sakini Şəxs barəsində protokol tərtib olunub ondan ötrü ki, o xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Şərur Rayon Polis İdarəsinin qarşısında ucadan səs-küy salaraq onu ictimai qaydaya riayət etməyə dəvət edən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Lakin məhkəmə araşdırması zamanı şəxsin əməlində inzibati xəta tərkibinin olmadığı müəyyən edilmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməlində inzibati xəta tərkibinin olmaması inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə yaşadığı Xələc kəndində toyda olarkən mobil telefonuna zəng gəldiyini, zəng vuran şəxsin Şərur Rayon Polis İdarəsinin əməkdaşı Ruslan müəllim olduğunu bildirərək onu “tik-tok” sosial şəbəkəsində etdiyi paylaşımlara görə Şərur Rayon Polis İdarəsinə dəvət etdiyini, bu məsələ ilə bağlı saat 13:00 radələrində idarəyə gəldiyini, saat 17:00-dək gözlədiyini, “tiktok”da öz videosunu paylaşdığını, əvvəlcə paylaşdığı videoları polisin göstərişi ilə sildiyini, polis əməkdaşlarının ona sonuncu videosunu silməyi bildirdiyini, onlara ucadan cavab vermədiyini, sadəcə uşağının xəstə olduğunu və onu niyə orada bu qədər çox saxladıqlarını dediyini, getmək istədiyini və ona mane olduqlarını bildirərək məhkəmədən ədalətli qərar qəbul olnumasını xahiş etmişdir. Məhkəmə icalsında iştirak edən protokolu tərtib etmiş şəxs X1 izahatında və verilmiş suallara cavabında Rəfailin Türkiyə Respublikasında yaşadığını, 3-4 aydır ki buraya gəldiyini, gəldiyi vaxtdan “tik-tok”-da cinayətkar aləmə meyilli olan şəxləri paylaşdığını, bununla bağlı marifləndirmə söhbətlərinin apardığını, sonra həmin videoları sildiyini, xx.xx.2023-cü il tarixdə “tik-tok” paylaşımı ilə bağlı əməliyyat xidməti tərəfindən polis idarəsinə dəvət olunduğunu, onun mənfi xarakterizə olunmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında, xx.xx.2023-cü il tarixdə Şərur şəhərində xidmətdə olduğunu, saat 16:00 radələrində Rəfailin Şərur Rayon Polis İdarəsinin həyətində “məni burada heç kim saxlaya bilməz, toya getməliyəm, uşağım da xəstədir” deyə uca səslə danışdığını, lakin heç bir təhqiramiz kəlmə işlətmədiyini, onu nizam intizama dəvət etdiyini və sonra şəxsin barəsində protokol tərtib olunduğunu bildirmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0635 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30-da tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 12:00-da azad edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, məhkəmə araşdırması zaman şahid ifadəsi ilə müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməmişdir. Hətta qeyd etmək lazımdır ki, Şəxs “tik-tok” sosial şəbəkəsində özü ilə bağlı paylaşım etdiyindən onun tutulmasına da zərurət olmamışdır. Belə ki, polis işçisinin qanuni olmayan tələbinin icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibini yaratmır. Məhkəmə belə hesab edir ki, iş üzrə inzibati xəta tərkibi olmadığı, İXM-in 88.1-ci maddəsində göstərilən əsaslar olmadığı halda şəxs barəsində polis əməkdaşları tərəfindən qanunsuz tutma tətbiq edilmişdir. Halbuki, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin İİİ bəndinə görə şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir. Buna görə də Şəxs polis tərəfindən tutulması qanunsuz olmuşdur. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin İİ bəndinə görə polis orqanlarında qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində məhkəmələr və prokurorluq orqanları həyata keçirir. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə açıqaşkar qanunsuz əmri və ya göstərişi icra etməmək məsuliyyətə səbəb olmur. Belə əmri və ya göstərişi icra edən polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə görə şəxsin qanunsuz tutulmasına və ya həbsə alınmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır. Buna görə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusilə şəxsin barəsində tutma tətbiq olunduğu halda inzibati xəta tərkibinin mövcud olması icraat aparan orqan tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Çünki, tutmanın tətbiq olunması özlüyündə şəxsin Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olmaqla konstitusion hüquqa müdaxilə sayılır. Bu müdaxilə isə qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, o inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-259/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-259/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver