Məhkəmə qərarları › İş №3(110)-26/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-26/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-26/2024 30.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanunu nümayəndəsi X9 və zərərçəkmiş şəxslər X1, X2 və X5 iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.2006-cı ildə Şərur rayonu, Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şərur rayonu Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs X10 və X16 ilə birlikdə 14-15 dekabr 2023-cü il tarixlərində Şərur Rayon Çərçiboğan kəndində X6 məxsus torpaq sahəsindən 1 ədəd su boçkası və Çərçiboğan kənd artezianına aid 1 ədəd artezian su borusu, Şərur Rayon Çomaxtur kənd sakini X3 məxsus təsərrüfat təyinatlı torpaq sahəsindən 1 ədəd boru oğurlamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərərçəkmiş şəxslərin, şahidin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xəta əməlini etiraf etmiş, izahatında və verilən suallara cavabında 14 dekabr 2023-cü il tarixində Sənan Novruzovun ona zəng etdiyini, ona boru aldığını bildirdiyini, həmin borunu götürməkdə ona köməklik etməsini xahiş etdiyini, Sənan Novruzovla və onun yanında gələn Eltun Nağıyevlə birlikdə özünə məxsus ata arabası ilə Çərçiboğan kəndi ərazisində çöllük əraziyə getdiklərini, onlarla birlikdə su borusunu və su boçkasını götürərək at arabasına qoyduqlarını, boru ilə birlikdə su boçkasını Şərur rayon Aralıq kənd sakini Nuhun adlı şəxsə 24 manata satdıqlarını, bundan bir gün sonra öz at arabasının təkəri cırıldığından Nuhundan at arabasını istədiklərini, Nuhunun at arabası ilə Sənan Novruzovla birlikdə Çomaxtur kəndi ərazisində çöllük ərazidən su borusunu götürüb at arabasına qoyduqlarını, həmin zaman boru sahibinin onları gördüyünü, arxalarınca gəldiyini, onlar da at arabasını yolda saxlayaraq borunu yerə atıb qaçdıqlarını, sonra polis əməkdaşlarının onları polis idarəsinə çağırdıqlarını, orada dindirilən zaman əməlini etiraf etdiyini, əməlindən peşman olduğunu bildirib barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndənin izahatı: Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanunu nümayəndəsi X13 izahatında Emilin həmin yoldaşları ilə birlikdə Rahim Məmmədsoyun anbarında işlədiklərini, törətdikləri hadisədən xəbərinin olmadığını, bu kimi hadisələrə yol verməməsi üçün oğlu ilə bundan sonra daha ciddi məşğul olacağını və məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etdi. Zərərçəkmiş şəxslərin izahatı: Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X8 izahatında və verilmiş suallara cavabında təxminən 3 il öncə 4 metr uzunluğunda diametri 30 sm olan, dəmir metaldan hazırlanmış su borusu əldə etdiyini, boru üçün 48 manat ödədiyini, borunu özünə məxsus çöl sahəsində su arxına qoyduğunu, hadisədən təxminən 15 gün əvvəl arxı təmizləmək üçün su borusunu çıxraraq kənara qoyduğunu, 15 dekabr axşam saatlarında oğlu Amilin ona zəng edərək su borusunu naməlum şəxslər tərəfindən oğurlandığını, lakin onları tuta bilmədiyini, onların qarşısını kəsməyini dediyini, çayxanadan çıxaraq at arabasının önünü kəsmək istədiyini, lakin at arabası sürətli gəldiyindən qəza törətməsindən qorxaraq buraxdıqlarını, sonra avtomobillə onların arxasınca getdiyini, Yengicə kəndində həmin şəxslərin at arabasını saxlayaraq qaçdıqlarını, su borusunu da at arabasının üstündən atdıqlarını, polisə bu barədə məlumat verdiklərini, su borusunu götürərək çöl sahəsinə yenidən apardığını bildirmiş və məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X11 izahatında və verilmiş suallara cavabında təsərrüfatla məşğul olduğunu, uzun müddət əvvəl istifadə üçün 1 metrə yaxın hündürlüyündə dəmir metaldan hazırlanmış su çəni aldığını, qiymətini tam olaraq xatırlamadığını, çəni özünə məxsus çöl sahəsinin yanına qoyduğunu, 16 dekabr 2023-cü il tarixdə günorta saatlarında həmin çöl sahəsinə getdiyini, bu zaman həmin su çəninin yerində olmadığını gördüyünü, bu barədə ərizə ilə polis orqanına müraciət etdiyini, çəni tələb etmədiyini, həmin şəxslərin onun təsərrüfatında işləyərək pul qazandıqlarını, onlara pulsuz kartof da verdiyini, buna görə həmin şəxslərlə barışmadığını bildirmiş və məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X12 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə günorta saatlarında Çərçiboğan kənd sakini X7 ona zəng edərək çöllük ərazidə olan ona məxsus artezian quyusuna aid 1 ədəd 10 metr uzunluğunda diametri 80 mm olan boru oğurlandığını bidirdiyini, onun bu barədə dərhal kənd sahə rəisinə məlumat verdiyini bildirmiş, sonradan həmin borunu kənd sakinlərindən Şəxs, X10 və X16 oğurladığını öyrəndiyini, həmin borunun geri qaytarıldığını bildirmiş və məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Şahidin izahatı: Məhkəmədə şahid qismində izahat verən X17 izahatında özünə məxsus at arabası olduğunu, həmin at arabası ilə yük daşıdığını, həmçinin dəmir alıb-satmaqla məşğul olduğunu, 14 dekabr 2023-cü il tarixdə 22:30 radələrində tanıdığı Çərçiboğan kənd sakini Emil adlı şəxsin ona zəng vurduğunu, məhəllədə olduunu və onun çölə çıxmasını istədiyini, çölə çıxan zaman Emilin iki nəfərlə at arabasında gəldiyini, at arabasında 10 metr uzunluğunda bir su borusu və bir ədəd su boçkası olduğunu, onları satmaq istədiyini dediyini, onun da artezian borusunu görüb şübhələndiyini, almaqdan imtina etdiyini, lakin Emil həmin borunun istifadəyə yararsız olduğunu, su arxının içinə atıldığını dediyini, əvvəlcə ona inanıb dəmirlərin çəkisi tutduğu qədər 24 manat pul verdiyini, lakin sonradan onlara artezian borusunu gəlib aparmalarını dediyini, bunun üçün də ayırıb kənara qoyduğunu, bir gün sonra saat 18:00 radələrində Emilin yenə gəldiyini, anbardan kartof daşıyacaqlarını, bunun üçün də ondan at arabasını istədiyini, onun da Emillə olan münasibətindən ötrü at arabasını onlara verdiyini, həmin gün axşam saatlarında onun telefonuna zəng gəldiyini, at arabasının Yengicə kəndində sahibsiz vəziyyətdə olduğunun deyildiyini, onun da gedib at arabasını gətirdiyini, onlardan aldığı dəmirləri həmkəndlisi Əli adlı şəxsə satdığını, hamısını birlikdə verdiyi üçün su boçkasının qiymətini dəqiq bilmədiyini, həmin dəmirlərin də Bakıya göndərildiyini bildirmişdir. Ekspert rəyləri və digər sənədlər: İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, 4 metr diametri 0,3 millimetr olan dəmir metaldan hazırlanmış su borusunun istismar müddəti və istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırda orta bazar qiyməti 96 manatdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, 10 metr diametri 8 millimetr olan dəmir metaldan hazırlanmış su borusunun istismar müddəti və istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırda orta bazar qiyməti 50 manatdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, 1 ədəd 100 litr həcmi olan su bidonunun istismar müddəti və istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırda orta bazar qiyməti 20 manatdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, digər şəxslərlə yanaşı Şəxs barəsində toplanmış materillar üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 aprel 2018-ci il tarixli qərarına uyğun olaraq hər bir əməl üzrə vurulan ziyanın məbləği 100 manatdan yuxarı olmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadığından qeyd olunan maddə ilə təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin səmimi peşmançılığını və yetkinlik yaşına çatmamasını məsuliyyəti yüngülləşdirən hal kimi, xətanın bir qrup şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə işin hallarını, barəsində icraat aparılan şəxsin şəxsiyyətini və inzibati xətalar qanunvericiliyinin sadalanan normalarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ictimai işlər tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə görə məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 180 (bir yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Naxçıvan MR Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar