Məhkəmə qərarları › İş №3(110)-263/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-263/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-263/2023 13.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Şərur rayon Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Yengicə kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyi, Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs 22 avqust 2023-cü il tarixdə saat 03:00 radələrində Kürçülü kənd sakini Zərərçəkmiş şəxs məxsus **-BD-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 200” markalı nəqliyyat vasitəsini yandırdığına görə İXM-in 232-1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən 18 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vermiş olduğu izahatında, onun xx.xx.2021-ci il tarixdə Teymurova (Mahmudova) İlkanə Niftullah qızı ilə ailə həyatı qurduğunu, özünün qaynanası X2 məxsus Şərur rayon Yengicə kəndində yerləşən evdə qaldığını, təxminən 2 ay bundan əvvəl arvadı İlkanə Teymurova ilə ailə daxili münasibətlərinin pozulmağa başladığını, buna görə də onun Şərur rayon Yengicə kəndi ərazisində yerləşən, qaynanasıgilin evinə yaxın olan anasıgilin evində yaşamağa başladığını, onun anasıgildə yaşamağa başladıqdan sonra ona tanış olmayan bir nəfər şəxsin Mercedes markalı avtomobillə gələrək arvadı İlkanə Teymurovanın yaşadığı evin qarşısında saxladığını, həmin evə girdiyini, saatlarla evdən çıxmadığını gördüyünü, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində yenə həmin Mercedes markalı avtomobilin arvadı İlkanə Teymurovanın yaşadığı evin qarşısında olduğunu gördüyünü, elə bu zaman ağlından həmin maşını yandırmaq keçdiyini, maşına yaxınlaşaraq onun sürücü tərəfdən pəcərəsinin açıq olduğunu gördüyünü, ətrafdan bir boş salafan götürərək cibində olan göy rəngli yandıranla həmin salafanı alışdırıb Mercedes markalı avtomobilin sürücü tərəfdən sağ pəncərəsindən içəri ataraq oradan uzaqlaşıb evə qayıtdığını, üzərindən təxminən bir saat keçdikdən sonra polis əməkdaşlarının yaşadığı evə yaxınlaşaraq onun Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, orada törətdiyi əməmli səmimi etiraf etdiyini, etdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs vermiş olduğu izahatında uzun müddətdir ki, özünə məxsus olan **-BD-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 200 markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğunu, təxminən ay ərzində bir və ya iki dəfə isə Türkiyə Respublikasına xəstəsi olduğu üçün gedib-gəldiyini, təxminən 2-3 gün əvvəl İlkanə adlı tanışının ona zəng edərək Türkiyəyə gedib-getməyəcəyini soruşduğunu, onun isə xx.xx.2023-cü il tarixində gedəcəyini bildirdiyini, xx.xx.2023-cü il tarixində Türkiyə Respublikasında olan zaman iki ədəd pampers almağını bildirdiyini, xx.xx.2023-cü il tarixində Türkiyə Respublikasında olan zaman pamperslərin şəklini “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə ona göndərdiyini və orada ucuz olduğunu bildirdiyini, onun da geri dönən zaman həmin pampersləri aldöğını, xx.xx.2023-cü il tarixində saat 21:00 radələrində Mahmudova Qətibəgilin yaşadığı Şərur rayonu Yengicə kəndi ərazisində yerləşən evlərinin qarşısına gəldiyini, içəri daxil olub pampersləri verən zaman birdən Q.Mahmudovanın çöldən nəyinsə yandığını bildirdiyini, onun tezqapıya çıxan zaman ona məxsus olan avtomobilin yandığını gördüyünü və tez vedrəyə suyu doldurub üzərinə tökdüyünü, lakin yanğının şiddətləndiyindən qonşuların çıxdığını və boru vasitəsilə suyu maşının içinə buraxdıqlarını, təxminən 30 dəqiqə sonra avtomobildə olan yanğını söndürməyi bacardıqlarını, sonra isə polis əməkdaşlarına yanğınla bağlı məlumat verdiklərini, Şəxs tərəfindən onun avtomobilinin yandırılması nəticəsində onun avtomobilinə 1840 manat məbləğində ziyanın dəydiyinin müəyyən edildiyini, lakin o, həmin ziyanı ona ödəmədiyini, ona görə də onunla barışmadığını, ondan şikayətçi olduğunu, həmçinin mülkiyyətində olan **-BD-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 200 markalı avtomobilin özünə qaytarılmadığını, hələdə Naxçıvan MR DİN-in DYPİ-nin qeydiyyat imtahan və texniki baxış şöbəsinin Şərur rayonlararası müayinə mərkəzində saxlanıldığını bildirmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, eyni zamanda toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Şərur Rayon Polis İdarəsi Şəxs törətdiyi inzibati xətanı düzgün olaraq Azərbaycan Respublikası İXMnın 232.1-ci maddəsi ilə tövsif etmişdir. Ona görə də inzibati xəta törətmiş şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 17 oktyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, 331 nömrəli material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz 200” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qısqanclıq zəmnində Şərur rayon Yengicə kənd sakini Şəxs tərəfindən yandırılması inzibati xəta sayılan əmlakı qəsdən məhv etmə və zədələmənin tərkib əlamətləri olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün qəbul olunmuş qərarın surəti Şərur Rayon Polis İdarəsinin İTŞ-nə göndərilsin və Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz 200” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Naxçıvan MR DİN-in DYPİ-nin qeydiyyat imtahan və texniki baxış şöbəsinin Şərur rayonlararası müayinə mərkəzində saxlanılmasının nəzərə alınması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsi RTŞ-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 016580 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 avqust 2023-cü il tarixdə saat 03:00 radələrində Kürçülü kənd sakini Zərərçəkmiş şəxs məxsus **- BD-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 200” markalı nəqliyyat vasitəsini yandırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş AD № 004195 nömrəli X1 Şəhadətnaməsindən görünür ki, **-BD-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 200 MİNİK” markalı avtomobil Zərərçəkmiş şəxs məxsusdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baş vermiş hadisə ilə əlaqədar olaraq 23 avqust 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş, baxış havanın gecə vaxtı, suni işıqlandırma şəraitində keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Yengicə kəndində yerləşən X2 məxsus yaşayış evinin qarşısında yerləşən torpaq yolun üzərində durmuş Zərərçəkmiş şəxs məxsus yaş asfalt rəngli “Mercedes Benz 200” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yandırılması ilə baş vermişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2023-cü il tarixli, 914 nömrəli ekspert rəyindən görünür ki, ekspert təyini haqqında göstərilən 15 adda ehtiyyat hissələrinnin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1840.00 manat, digər 02 adda tədqiqat obyekti haqqında kifayət qədər məlumat olmadığından (adı, boyanın rəngi, miqdarı) qiymətləndirmə aparılmadı. İş materiallarına əlavə olunmuş CAHAN MOTORS MMC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İC-TLP2023 0410 nömrəli aktdan görünür ki, Zərərçəkmiş şəxs məxsus yaş asfalt rəngli “Mercedes Benz 200” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yandırılması nəticəsində vurulmuş ziyanın aradan qaldırılması üçün ön şüşə, sağ-sol ön oturacaqlar, sağ-sol ön oturacaqlar, arxa sağ-sol qapı şüşəsi, arxa fertuşka, damın abifkası, lük komplekt, yerin xalçası, arxa bar komplekt, qapıların abifkası komplekt, təhlükəsizlik kəməri komplekt, nasosun içindəki elektrik xətəri, ön sükan, şit komplekt, idarə etmə paneli (poribor), günlüklər, qapı rezinləri komplekt alınmalı, damın boyanması həyata keçirilməlidir. Beləliklə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmçinin baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; -9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; -21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmçinin məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən X3 inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qərarda maddi sübutun taleyini də həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir; - 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İş materialında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan və inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən maddi sübut - “Mercedes Benz 200” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Naxçıvan MR DİN-in DYPİ-nin qeydiyyat imtahan və texniki baxış şöbəsinin Şərur rayonlararası müayinə mərkəzində saxlanılır. Məhkəmə maddi sübutla bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs məxsus olan və inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən maddi sübut qanuni sahibinə qaytarılmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında cərimə edilməli və Zərərçəkmiş şəxs məxsus olan və inzibati iş üzrə maddi sübut hesab edilən “Mercedes Benz 200” markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Zərərçəkmiş şəxs qaytarılması təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında, yəni 1840 (bir min səkkiz yüz qırx) manat məbləğində cərimə edilsin. İnzibati iş üzrə maddi sübut hesab edilən “Mercedes Benz 200” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Zərərçəkmiş şəxs qaytarılması təmin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar