Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-264/2025 29.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şərur RPİ-nin polis sahə rəisi, polis leytenantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Şərur rayon Arbatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Arbatan kəndində qeydiyyatda olan və Bakı şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Şərur rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur Rayon Polis İdarəsindən 16 sentyabr 2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 sentyabr 2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar məhkəməyə daxil olmuşdur. İş materiallarında olan 15 sentyabr 2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur Arbatan kəndində qumar oynadığı aşkar olunmuş, həmin şəxsin barəsində İXM-in 525-ci maddəsinin tləbi əsasında 15 sentyabr 2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs qismində dindirilmiş Şərur RPİ-nin sahə rəisi, polis leytenantı X6 verdiyi izahatında inzibati xəta haqqında materiallarda göstərilənləri bir daha təsdiq edərək, qeyd olunan şəxsin digər 3 nəfərlə birlikdə “kart” vasitəsilə qumar oynadığını, lakin həmin hadisənin videolentə alınmadığını, Şərur RPİ-də verdiyi izahatında qumar oyununda iştirak etmədiyini və onun barəsində inzibati tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə irəli sürülmüş əsasla özünü təqsirli bilmədiyini, izahatında və verilmiş suallara cavabında, 14 sentyabr 2025ci il tarixdə dayısı oğlu Səfərin toy məclisində yeyib-içdikdən sonra qohumları Mürsəl, Razim, Həsən, Mürvət və Bağdad ilə birlikdə razılaşıb toy həyətinə yaxın yerdə yerləşən boş qalmış ona məxsus olan evdə yeyib-içmək məclisini davam etdirmək və qumar oynamaq istədiklərini, saat 23:00 radələrində evə gəldiklərini, lakin evə gəldikdə qohumlarının qumar oynayarkən onun oynamadığını, yatdığını, bu zaman Şərur rayon Polis İdarəsinin əməkdaşlarının gələrək ona məxsus olan evdə qohumlarının qumar oynadıqlarını aşkar etdiyini, onları birlikdə Şərur Rayon Polis İdarəsinə gətirdiklərini qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə verdiyi izahatında Şərur RPİ-nin PPX bölüyünün komandiri olduğunu, 13 sentyabr 2025-ci il tarixdə Şərur rayon Arbatan kəndində toy məclisi olduğunu və orada bir qrup şəxsin qumar oynadığı barədə məlumat daxil olduğunu, daxil olmuş məlumat əsasında Şərur rayon Arbatan kənd sakini Şəxs məxsus evə gəldiklərini, bu zaman orada Şərur rayon Çərçiboğan kənd sakini X4, Şərur rayon Arbatan kənd sakini X11, Şəxs və X7 qumar oynunda iştirak etdiyini gördüyünü, həmin vaxt qumar oynamaq üçün istifadə olunan kartları və ortada olan 350 manat pulu maddi sübut kimi aktlaşdırılıb götürdüklərini, daha sonra şəxsləri polis idarəsinə dəvət edib izahatlarını aldıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında Şərur RPİ-nin PPX bölüyünün polis nəfəri olduğunu, hadisə günü xidmətdə olduğunu bildirərək digər şahidlə oxşar məzmunlu izahat verdi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli götürülmə haqqında protokoldan görünür ki, qumar oyununda maddi sübut hesab olunan əlli dörd ədəd “oyun kartı” bir ədəd 100 (bir yüz) manat, iki ədəd 50 (əlli) manat, üç ədəd 20 (iyirmi) manat, bir ədəd 10 (on) manat, altı ədəd 5 (beş) manat, əlli ədəd 1 (bir) manatlıq pul əskinasları olmaqla ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində pul maddi sübut kimi götürülmüşdür. Şərur rayon Məhkəməsinin 3(110)-265/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, iş üzrə maddi sübut kimi götürülmüş əlli dörd ədəd “oyun kartı” bir ədəd 100 (bir yüz) manat, iki ədəd 50 (əlli) manat, üç ədəd 20 (iyirmi) manat, bir ədəd 10 (on) manat, altı ədəd 5 (beş) manat, əlli ədəd 1 (bir) manatlıq pul əskinasları olmaqla ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində pul müsadirə edilmişdir. DVD diskə baxış keçirilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qohum olduqları şəxslərlə yeyib içmək məclisini davam etdirçmək üçün ona məxsus evə gəldikləri və qumar oynamağa başladıqlarını, onun isə qumar oynamadığını, yatdığını bildirməsi aydın şəkildə görsənir. Əlavə edilmiş fotoşəkillərdən masa üzərində 1,5,10,20 və 50 manatlıq pul əskinaslarıının, qol saatının olduğu müəyyən edilir. Məhkəmə, inzibati xəta haqqında protokolu və əlavə edilmiş materialları, digər sübutları tam, hərtərəfli və əlaqəli şəkildə məcmu halında araşdırıb, inzibati xəta haqqında protokol tərtib edən Şərur RPİ-nin əməkdaşının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.Məhkəmə bu nəticəyə gələrkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qumar oynamasına dair hər hansı sübut təqdim edilməməsini, iş materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilən zaman Şərur RPİ-də hadisənin aşkar edilməsindən sonra aparılmış video çəkilişdə Şəxs israrla qumar oynamadığını, digər şəxslərin bunu təsdiq etdiyini, həmin xətanın törədilməsində iştirak etmiş şəxslərin aparılan videoçəkilişdə kimlərin qumar oynadığını aydın və səmimi şəkildə bildirməsini nəzərə alır. Məhkəmə eyni zamanda qanunvericiliyin imperativ normalarına istinad edərək əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün qanunvericiliklə müəyyən edilmiş dörd əlamətin hər birinin mövcud olmasını, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır kimi kriteriyaların konteksində məsələyə yanaşır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri araşdırma materialları ilə sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən isə kifayət qədər sübut toplanılmamışdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. -105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 53,114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla yəni, inzibati xəta tərkibi olmadığına görə xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-264/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-264/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver