Məhkəmə qərarları › İş №3(110)-268/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-268/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-268/2024 08.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1995-ci ildə Şərur rayon Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon Alışar kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Alışar kənd sakini Şəxs idarə etdiyi “Nazlifan 620” markalı avtomobillə xx.xx.2024-cü il tarixdə Şərur şəhəri, N.Gəncəvi küçəsindən gələrək Çomaxtur kənd istiqamətində hərəkətdə olan Arbatan kənd sakini 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət almış, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli özünün, zərəçəkmiş şəxsin və şahidin izahatı, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, xx.xx.2024-cü il tarixdə saat 12:50 radələrində evdən “Nazlifan 62” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şərur şəhərindən benzin almaq üçün çıxdığını, Muğanlı kəndində tanışı Şahid da maşına mindirdiyini, təxminən 13:10 radələrində dəmiryol vağzalının qarşısındakı yola çatdıqlarını, ikinci yol ilə 40-50 arası sürətlə hərəkət etdiyini, bu zaman qarşısına anidən qırmızı rəngli velosipedin çıxdığını, tormozu işə salsa da, tormuzun maşını saxlamadığını, həmin şəxsi maşınla vurduğunu, maşından enərək vurduğu adama köməklik etdiyini, onun başını qolunun arasına alaraq ətrafda olan şəxslərdən təcili yardımı çağırmalarını xahiş etdiyinni, sonra hadisə yerinə polis və təcili yardım əməkdaşlarının gəldiyini, avtomobilində hər hansı bir nasazlığını olmadığını, həmin şəxsinin müalicəsinə köməklik etdiyini, velosipedə dəymiş ziyanın əvəzini ödədiyini bildirib barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən Zərərçəkmiş şəxs izahatında xx.xx.2024-cü il tarixdə Yaşıl bazardan qırmızı velosipedi ilə avtovağzal tərəfdən evə qayıtdığını, bu zaman Şəxs idarə etdiyi avtomobilin onun sürdüyü velosipedə çırpıldığını, nəticədə onun bədən xəsarəti aldığını, onun müalicə və müayinə xərclərinin Şəxs tərəfindən qarşılandığını, dəymiş ziyanın ödənildiyini, onunla barışdıqları üçün heç bir şikayətinin olmadığını bildirmişdir. Şahidin izahatı: Məhkəmədə şahid qismində dindirilən Şahid izahatında və verilən suallara cavabında xx.xx.2024-cü il tarixdə təxminən saat 12:50 radələrində Muğanlı kəndində Şərur şəhərinə tərəf getdiyini, bu zaman tanışı Məhəmmədəlinin idarə etdiyi ağ rəngli avtomobili onun yanında saxladığını, ona minməsini xahiş etdiyini, birlikdə Şərur şəhərinə tərəf gəldiklərini, dəmiryol vağzalının qarşısında 40-50 sürəti ilə hərəkət etdikləri zaman anidən Məhəmmədəlinin tormuz vurduğunu, lakin tormuzun maşını saxlamadığını, bu zaman velosipedi və onu surən şəxsi vurduğunu, Məhəmmədəlinin tez maşından düşərək həmin şəxsə kömək etdiyini, bir azdan oraya polis və təcili yardım əməkdaşlarının gəldiyini, hadisə zamanı özünün heç bir xəsarət almadığını bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 108 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən xəsarəti qərarda ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 140 nömrəli sərxoşluq halını təyin edən tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqolun qəbulu əlamətləri yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 136 nömrəli sərxoşluq halını təyin edən tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs alkoqolun qəbulu əlamətləri yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını, zərərçəkmiş şəxsi ilə barışıq əldə olunmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar