Məhkəmə qərarları › İş №3(110)-277/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-277/2023

09.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-277/2023 09.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Nağıyev Habil Adil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1969-cu il tarixdə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, işsiz, məhkum edilmiş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:05 radələrində sərxoş vəziyyətdə Şərur şəhərində yaşadığın evinin həyətində yerləşən şirniyyat sexinin qarşısında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə səhər saatlarında Şərur şəhərində yaşadığı evdə həyətdə olan dəmir parçalarını satmaq istədiyini, bunun üçün dəmir alanları çağırdığını, dəmirləri onlara satmaq istədiyini, bu zaman polislərin gələrək onun həyətdə sexdə işləyən qadınları təhdid etdiyini, ondan şikayət daxil olduğunu dediklərini, güya onları bıçaqla təhdid etdiyini, içkili olsa da artıq hərəkətlərə yol vermədiyini, sadəcə dəmirləri satmaq istədiyini polislərə dediyini, saat təxminən 14:00 radələrində polis əməkdaşlarının yenidən gəlib onu Şərur RPİ-yə aparıb barəsində protokol tərtib etdiyini bildirdi. Protokolu tərtib edən şəxsin izahatı: Məhkəmədə protokolu tərtib edən şəxs X1 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə Şərur şəhərində xidmət apardığı zaman 102 xidmət nömrəsinə Şəxs Şərur şəhərində yaşadığı evin həyətində yerləşən şirniyyat sexinin qarşısında sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğu ilə bağlı sexdə çalışan qadınlar tərəfindən məlumat daxil olduğunu, həmin ünvana onun yanına getdiyini, həmin şəxsi Şərur RPİ-nə aparıb barələrində protokol tərtib etdiklərini bildirdi. Şahidin izahatı: Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində 102-yə gələn məlumat əsasında sahə rəisi ilə birlikdə göstərilən ünvana getdiklərini, Şəxs içkili olduğunu, dəmir alanları çağırdığını, onlara həyətdə olan dəmir parçalarını satmaq istədiyini, ona bununla bağlı bacısının şikayət etdiyini, dəmirlərin satılmasını istəmədiyini ona bildirdiklərini, Elşadın onlar söz verərək bu hərəkətlərin bir daha təkrarlanmayacağını dediyini, oradan ayrıldıqdan sonra təkrar 14:00 radələrində yenə şikayət əsasında oraya getdiklərini, Elşadının belində bıçaq içkili halda həyətdə oturduğunu, onları görən sexdə işləyən qadınların artıq onlara təhlükə olmadığından həyətdən qaçaraq çıxdıqlarını, Elşadın sərxoş halda nalayiq ifadələr işlətdiyini, onun üçün də Elşadı polis idarəsinə gətirdiklərini bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0645 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:30-da tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 10:00-da azad edilmişdir. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(110)-17/2023 nömrəli hökmü ilə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlanılma müddəti çıxılmaqla qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Onun üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək ünvan 1-da olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, alkoqolizmdən müalicə kursu keçmək, məişət zorakılığına zəmin yaradan hərəkətlərdən çəkinmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sərxoşluq halını təyin edən tibbi müayinə protokolundan görünür ki, Şəxs qanında alkoqolun konsentrasiyası 2,91 promil olmaqla ağır dərəcədə sərxoşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsin əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə əməlin sərxoş halda törədilməsini, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini məsuliyyəti ağırlaşdıran hal qismində nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş üzrə inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar