Məhkəmə qərarları › İş №3(110)-278/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-278/2023

09.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-278/2023 09.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Nağıyev Habil Adil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.2000-ci ildə Şərur rayonu, Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Şərur rayonu, Düdəngə kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Oğlanqala kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Şərur şəhəri H.Əliyev prospektində “Shapia” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə manevr etmə qaydalarını pozduğu üçün YPX əməkdaşı tərəfindən “saxla” işarəsi verilmiş, lakin o, polis əməkdaşının qanuni tələbinə tabe olmayaraq işıqforun qadağanedici işarəsində hərəkətini davam etdirmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında taksi fəaliyyəti ilə məşğul olduğunu, xx.xx.2023-cü il tarixdə evə gec saatlarda içkili gəldiyi üçün evdə ata-anası ilə mübahisə etdiyini, hirsli vəziyyətdə avtomobillə Şərur şəhərinə gəldiyini, axşamadək öz işi ilə məşğul olub evə qayıtdığını, xx.xx.2023-cü il tarixdə gecə saat 3-4 radələrində avtomobilini idarə etdiyi zaman yol polisinin ona xidməti maşınla işarə verdiyini, lakin fikirli olduğu üçün buna fikir vermədən sürüb getdiyini, maşını məhəllələrində saxlayıb Naxçıvan şəhərində kirayə qalan tələbə dostu gilə getdiyini, 2 gün şəhərdə qaldığını, polislər onu axtardığı üçün özünə gəldikdən sonra polis idarəsinə getdiyini və əməlindən peşman olduğunu bildirdi. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilmiş suallara cavabında Şərur RPİ DYP əməkdaşı olduğunu, noyabrın 5-dən 6-na keçən gecə Şərur şəhərinin mərkəzində xidməti vəzifələrini yerinə yetirərkən **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün işıqforun qadağanedici işarəsində gözləmədən keçdiyini, həmin avtomobilin sürücüsünün idarəetməni itirdiyini gördüyünü, dərhal saxla işarəsi verdiklərini, lakin sürücünün onların qanuni tələbinə məhəl qoymadan yolun hərəkət hissəsində nizamsız manevrlər edərək digər işıqforun da qadağanedici işarəsində keçdiyini, onun Düdəngə kəndi istiqamətində hərəkət etdiyini, onun arxasından getdiklərini, Düdəngə yolunda “Zavod” adlı məhəlləyə daxil olduğunu, arxasınca gedib ona çatdıqlarında sahibinin maşında olmadığını gördüklərini, avtomobilin arxın içinə düşdüyünü, sürücünün həmin yeri tərk etdiyini, həmin yerdə video qeydiyyat apardıqlarını, dərhal bu barədə Şərur RPİ-nin növbətçi hissəsinə məlumat verdiklərini, avtomobilin Natiq adlı şəxsə məxsus olduğunu müəyyənləşdirdiklərini, Natiqə zəng etsələr də onunla əlaqə saxlaya bilmədiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında Şərur RPİ DYP əməkdaşı olduğunu bildirərək şahid X1 ilə eyni məzmunda izahat vermişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0644 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:10-da tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 10:00-da azad edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxsin əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar