Məhkəmə qərarları › İş №3(110)-283/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-283/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-283/2023 27.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, xx.xx.1969-cu ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 2 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Naxçıvan MR DİN X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə «VAZ 21011» minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən inzibati xəta törətdiyindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bildiyini, belə ki, xx.xx.2023-cü il tarixdə içkili olduğu müddətdə dostunun ona zəng edərək xəstələndiyini, onu Şərur rayon Mərkəzi xəstəxanasına aparmağını istədiyini, məcbur qalıb içkili halda öz avtomobili ilə Şərur rayon Yuxarı Aralıq kəndinə getdiyini, dostunu maşına qoyaraq xəstəxanaya apararkən kəndin çıxışında DYP əməkdaşlarının onu saxladıqlarını, içkili olduğunu bildikdən sonra dostunu maşından düşürdərək onu Şərur rayon Polis İdarəsinə gətirdiklərini, ora həkim dəvət etdiklərini, alkoqol müayinəsindən keçirdiklərini, həqiqətən də içkili olmamasının müəyyən olunduğunu, bu barədə akt tərtib etdiklərini, avtomobili cərimə meydançasına yerləşdirdiklərini, barəsində isə inzibati xəta haqqında protokol tərtib etdiklərini, iyirmi ildir sürücülük etdiyini, bir dəfədə olsun sərxoş halda avtomobil idarə etmədiyini, amma bu dəfə dostuna görə məcbur olduğunu, eyni zamanda avtomobili idarə etmək üçün verilmiş etibarnamənin müddətinin bitdiyini, tezliklə sənədlərində olan çatışmamazlığı aradan qaldıracağını, bir səhvlikdir etdiyini, əməlindən çox peşman olduğunu, belə bir hərəkət etdiyi üçün ətrafındakı dost-tanışlarından utandığını, ailənin yeganə qazanc gətirəni olmasını, yaşını, əməlindən çox peşmanlıq hissi keçirməsini nəzərə alaraq onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında onlardan məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, 51 saylı “nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə” protokoldan görünür ki, Şəxs hərəkət və davranışlarında sərxoşluq əlaməti olduğu üçün o, tibbi müayinəyə göndərilmişdir. - xx.xx.2023-ci il tarixli, 301 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs içkili olduğu aşkar olunmuşdur. - Naxçıvan MR DİN Şərur Rayon Polis İdarəsinin DYPB-nin YPX-nin baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə «VAZ 21011» minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən inzibati xəta törətmişdir. - xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin mühafizə olunacaq duracağa yerləşdirilməsi barədə” aktdan görünür ki, sürücü Şəxs sərxoş vəziyyətdə idarə etdiyi üçün «VAZ 21011» minik markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Şərur Rayon Polis İdarəsinin duracağına yerləşdirilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici izahatı ilə yanaşı, Naxçıvan MR YPX-nin inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* saylı “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi” barədə akt və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; - 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır; - 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37 maddəsinin 13-cü bəndində qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməsi mexaniki nəqliyyat vasitələrinin sürücülərinin vəzifəsidir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın; - 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. - 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. - 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. - 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Məhkəmə işin bütün hallarına hərtərəfli, tam və obyektiv araşdıraraq və iş üzrə olan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, əməlindən səmimi peşman olmasını, ailənin yeganə qazancgətirəni olmasını nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs inzibati qaydada həbs olunmadan da islah olunması mümkündür. Ona görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar