Məhkəmə qərarları › İş №3(110)-284/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-284/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-284/2024 17.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyini, Ceyranova Aytac Ramiz qızının katibliyi, qəraddan şikayət verən şəxs X4 və Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin nümayəndəsi X5 iştirakı ilə, xx.xx.1995-ci ildə Culfa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaqlı, ali təhsilli, “Finca Bank” MM QBKT-ında kreditor vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tənbeh olunmasına dair ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 barəsində Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla inzibati cərimə tənbeh növü tətbiq olunmuş, qərarla razılaşmayan X4 həmin qərardan Şərur Rayon Məhkəməsinə şikayət vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs şikayət ərizəsində şikayətinin əsası kimi xx.xx.2024-cü il tarixdə öz işi ilə əlaqədar Şərur rayonunda olarkən, Şərur şəhəri, Nizami 9 istiqamətində oma məxsus “Chevrolet Cruze” minik markalı, **-BF- *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman “U” dönüşü etdiyini, bu zaman Şərur RPİ-in YPX-in əməkdaşı polis baş serjantı X8 onu saxladğını, yaxınlaşıb ona qoşa xəttin üstündən keçdiyini bildirdiyini, ona İXM-in 327.2-ci maddəsi ilə inzibati xətann törətdiyini bildirib onun barəsində protokol tərtib etdiyini, protokolun tərtib olunmasına etiraz etdiyini, İXM-in 128.2.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli İXP ******* saylı prptokoldan AR DİN DYPİ-nə məsələnin araşdırılması ilə bağl müraciət etdiyini, inzibati xəta haqqında iş üzrə qərarın xx.xx.2024-cü il tarixdə tərtib olunub ona təqdim edildiyini, hadisə baş verən zaman öz yolunda həkət etdiyini, öz yolunda hərəkət edərək Şərur rayonu DYPİ-nə məxsus xidməti avtomobildə hərəkətdə olan Şərur rayonu polis əməkdaşı ondan 100-150 metr öndə hərəkət etdiyini, bu zaman özünün “U” dönüşü etdiyini, polis əməkdaşı xidməti avtomobilin yan güzgülərindən onun inzibati xəta törətdiyini düşünərək onun da “U” dönüşü etdiyini, arxasıca işıq ataraq avtomobilinini saxlamağı əmr etdiyini, əmrə tabe olaraq avtomobili saxladığını, ona protokol tərtib olunarkən sübut olaraq videogörüntünü istədiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Qərardan şikayət verən X4 izahatında və ona verilən suallara cavabında işi ilə əlaqədar Şərur şəhərinə gəldiyini, yolların ona yad olduğunu, yol ayrıcından dönən zaman polis baş serjantı X6 avtomobilini saxladığını, qoşa xəttin üzərindən keçdiyini bildirdiyini, aralarında məsafənin 100-150 metr olduğunu, əməkdaşın ona protokol tərtib etdiyini, bununla razı olmadığını, həmin vaxtı qoşa xətti keçmədiyini, bununla bağlı videogörüntüləri istədiyini, polis əməkdaşının isə bununla təmin olunmadıqlarını bildirdiyini, heç bir sübutunun olmadığını, özünün yol ayrıcından döndüyünü, qoşa xətti üzərindən keçmədiyini, dövlət yol polisi əməkdaşlarının yol patrul xidməti haqında təlimatın 4-cü bəndinə uyğun təchiz olunmadığını, bu etirazını əməkdaşlara bildirdiyini, buna görə də barəsində olan qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin nümayəndəsi X9 izahatında və ona verilən suallara cavabında X2 barəsində protokol tətib edilən zaman o protokola etirazının olmadığını bildirdiyini, onun əməkdaşlardan xətanın törədilməsi ilə bağlı videogörüntülər ona təqdim edilməsini tələb etdiyini, qanunvericiliklə vizual müşahidə olunan xətalara görə video görüntünün məcburi aparılmasının nəzərdə tutulmadığını, yol patrul xidməti haqında təlimatın 4-cü bəndinə uyğun texniki təminatın davam etdirildiyini, həmçinin əməkdaşların xidməti avtomobilin güzgüsünün böyütmə xüsusiyyətinin də olduğunu, vətəndaşın bu günə qədər tələbi ona video görüntülərin təqdim edilməməsi olduğunu, indi isə xətanın törətmədiyini bildirdiyini, videogörüntülərin olmamasının qərarın ləğv edilməsi üçün əsas olmadığını, qərarın qanuni olduğunu bildirərək şikayətin rədd edilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X8 izahatında xx.xx.2024-cü il tarixdə Şərur şəhəri-Çomaxtur kənd istiqamətində xidmətdə olduqlarını, Dəmir yolu vağzalıının qarşısından keçən zaman arxadan gələn sürücünün qoşa xəttin üzərindən keçərək döndüyünü, buna görə də sürücünü saxladığını, sürücünün isə yol boş olduğu üçün belə etdiyini bildirdiyini, əməlini tam şəkildə etiraf etdiyini, vətəndaşın protokol tərtib edildiyinə görə heç bir etirazının olmadığını, onun xidməti fəaliyyətlərindən narazılıq etdiyini, niyə təlimata uyğun təchizata malik olmadıqlarını irad bildirdiyini, vətəndaşa onlara təqdim olunan mövcud təminat vasitələri ilə xidmət aparıldığının izah olunduğunu, vətəndaşın onlardan səs yazısının, videogörüntülərin olmasını tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında və verilən suallara cavabında xx.xx.2024-cü il tarixdə Cəfərov Xəyal ilə birlikdə Çomaxtur kəndi istiqamətində hərəkət etdiklərini, Dəmir yolu vağzalının yanından keçərkən onlardan 20 metr məsafədə X2 1.3 üfiqi nişanlanma xətinin üzərindən keçərək döndüyünü, bu zaman Cəfərov Xəyal sürücünü saxladığını və 1.3 üfiqi nişanlanma xətinin üzərindən keçməsi ilə bağlı qanunvericiliyin normalarını izah etdiyini, sürücünün isə onların fəaliyyətlərinin düzgün aparmadıqlarını, videogörüntülərin olmadığını bildirdiyini, həmçinin vətəndaşın “kimsə mənə protokol yaza bilməz”, “mənə protokol yazan cəriməni də özü ödəyir” kimi cümlələr işlətdiyini, şəxsən vizual şəkildə sürücünün qoşa xəttin üzərindən keçdiyini gördüyünü, yolda olan xətlərin tam aydın göründüyünü, həmin ərazidə yolun sonuna qədər 1.3 üfiqi nişanlanma xəttin olduğunu bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, şikayət əsassızdır. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar çıxarılmışdır. X4 izahatında 1.3 üfiqi nişanlanma xəttin üzərindən keçmədiyini və xətanın törədilməsi ilə bağlı videogörüntünün ona təqdim edilmədiyini bildirmişdir. Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin nümayəndəsinin məhkəmədə verdiyi izahatından və şahid ifadələrindən aydın olur ki, iş üzrə icraat qanunvericiliyə uyğun aparılmışdır və şəxsin əməlində qeyd olunan maddənin tərkib əlamətləri mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə şikayət əsassızdırsa inzibati qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 83-cü maddəsinə görə müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Göründüyü kimi, yol hərəkəti haqında qanunvericilik yalnız yoxarıda sadalanan hallarda xüsusi cihazlarının tətbiqini tələb edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 85-ci maddəsinin 2-ci bəndinə görə isə dövlət yol polisi əməkdaşı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda, nəqliyyat vasitəsi axtarışda olduqda, nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda, həmin qanunun 37-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş hallarda bu nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarandıqda nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, qərardan şikayət əsassızdır. Dövlət yol polisi əməkdaşının vizual şəkildə qayda pozuntusunu aşkar etməsi və buna görə şəxsi inzibati məsuliyyətə cəlb etməsi qanunvericiliyin normalarına uyğundur. Şəxsin izahatında göstərdiyi təlimata uyğun dövlət yol polisi əməkdaşının maddi texniki təminatla (səsyazan vasitələr, videoqeydiyyat və.s) təchiz edilməməsi onu inzibati məsuliyyətdən azad edilməsi əsası kimi qiymətləndirilə bilməz. Beləliklə, X2 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tənbeh olunmasına dair xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-136cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. X2 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tənbeh olunmasına dair Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar