Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-29/2020 19.06.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə, Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 15.09.1993-cüildə Şərur rayonu, Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, işsiz, Şərur rayonu, Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan M.İ.N oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-176/2020 saylı 27.02.2020-ci il tarixli icra sənədinə əsasən M.İ.N oğlundan 29.01.2020-ci il tarixdən hesablanmaqla iki uşağın saxlanması üçün hər ay 240 manat alınaraq tələbkar Ə.M.Z qızına ödənilməsi göstərilməsinə baxmayaraq, M.İ.N oğlu icra sənədinin icrasından boyun qaçırmış və edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamış, icra sənədi üzrə 1200 manat aliment borcu yaranmış, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə M.İ.N oğlunun əməli inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər, şahid və özününü izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs M.İ.N oğlu izahatında və verilən suallara cavabında Şərur Rayon Məhkəməsinin 2(110)-176/2020 saylı qətnaməsi ilə iki uşağın saxlanması üçün hər ay 240 manat alimenti Ə.M.Z qızının xeyrinə ödəməli olduğu halda heç ödəniş etmədiyini, əmək qabiliyyətli olduğunu, lakin heç bir yerdə işləmədiyini və maddi imkanının olmadığını, bu səbəbdən də barəsində olan icra sənədi üzrə 1200 manat borcu yarandığını, buna görə də izahatında göstərilənləri nəzərə alıb məhkəmədən onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Şahidin izahatı: Məhkəmədə şahid qismində dindirilən Şərur rayon Məhkəməsnin İcra və Probasiya Şöbəsinin icra məmuru x1 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)- 176/2020 saylı 27.02.2020-ci il tarixli icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu M.İ.N oğluna 3-4 dəfə şifahi xəbərdarlıq edildiyini, 1 dəfə borcludan yazılı iltizam alındığını, lakin həmin şəxsin borcunu ödəmədiyini, məhkəmə qərarının icrasından yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədinin icrasından işsizliyini bahanə gətirməklə boyun qaçırıldığını, lakin borclunun əmək qabiliyyətli olduğunu, işləmək və uşaqlarını saxlamaq vəzifəsinin ona dəfələrlə izah olunduğunu, lakin olnun icra sənədi üzrə yaranan 1200 manat borcundan ödənmədiyini, buna görə də onun barəsində inzibatı protokol tərtib edildiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 27.02.2020-ci il tarixli 2(110)- 176/2020 nömrəli icra vərəqəsinin surətindən görünür ki, 29.01.2020-ci il tarixdən hesablanmaqla iki uşağın saxlanması üçün hər ay 240 manat M.İ.N oğlundan tutulub Ə.M.Z qızının xeyrinə ödənilməsi göstərilmişdir. İş materiallarında olan 04.03.2020-ci il tarixli icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, tələbin könüllü icra olunmayacağı təqdirdə tələbin məcburi qaydada icra olunacağı göstərilmişdir. İş materiallarında olan 03.06.2020-ci il tarixli iltizamlardan görünür ki, borclu borcunu ödəyəcəyinə dair yazılı iltizam versə də borcunu ödəməmişdir. İş materiallarında olan 19.06.2020-ci il tarixli tibbi arayışdan görünür ki, M.İ.N oğlu praktiki sağlamdır. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, M.İ.N oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. M.İ.N oğlunun əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə M.İ.N oğlunun əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, M.İ.N oğlunun barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs M.İ.N oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 19.06.2020-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin x2 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-29/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-29/2020
19.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver