Məhkəmə qərarları › İş №3(110)-302/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-302/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-302/2023 06.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1986-cı ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, işsiz, Şərur şəhərində yaşayan Şəxs barəsində (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərur Rayon İcra və Probasiya Şöbəsində icraatda olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-158/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs iddiaçının mağazalara ödəmək üçün ona verdiyi 3000 manat puldan 1685 manat, faizə götürüb ona verdiyi 720 manat, parket almaq üçün ona artıq ödədiyi 1000 manat, satılmış qızıl-zinət əşyalarının dəyəri olan 2300 manat olmaqla, cəmi 5705 manat, həmçinin ödədiyi dövlət rüsumunun əvəzi olaraq 19,63 manat, ümumilikdə 5724,63 manat (beş min yeddi yüz iyirmi dörd manat altmış üç qəpik) alınaraq iddiaçı X2 ödəməsinin göstərilməsinə baxmayaraq Şəxs uzun müddət ərzində icra sənədinin tam şəkildə icrasından üzürsüz səbəbdən boyun qaçırmış, edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamış və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməlində inzibati xəta tərkibinin olmaması inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, icra məmurunun və özününü izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında icra sənədi barədə məlumatlı olduğunu, indiyə kimi borcunun bir hissəsini ödədiyini, hazırda 1630 manat borcunun qaldığını, borcunu tam ödəməyə imkanı olmadığını, heç yerdə işləmədiyini, protokol tərib olunandan sonra borcundan 600 manat ödədiyini, qalan 1030 manatı yanvar və fevral ayında ödəyəcəyini bildirmiş, buna görə də izahatında göstərilənləri nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Protokolu tərtib edən şəxsin izahatı: Məhkəmədə protokolu tərtib edən şəxs Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş borcun tutulmasına dair icra sənədinin aidiyyəti üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borcluya məhkəmə tərəfindən təyin olunmuş borcun tam və vaxtında icrası olunması barədə dəfələrlə xəbərdarlıqlar edildiyini, tələbkarın isarla borcun ödənilməsini tələb etdiyini, məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclunun yenə icra sənədlərinin icrasından boyun qaçırdığını, buna görə də onun barəsində inzibati protokol tərtib edildiyini, protokol tərtib olunandan sonra 600 manat gətirib ödədiklərini, qalan hissəsini də yanvar və fevral aylarında ödəyəcəyinə söz verdiklərini, tələbkarın da buna etirazı olmadığını bildirmişdir. Sənədlər: İş materiallarında olan olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)- 158/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 5724,63 manat pul tutularaq X1 xeyrinə ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıqların surətindən görünür ki, tələbin könüllü icra olunmayacağı təqdirdə tələbin məcburi qaydada icra olunacağı göstərilmişdir. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(110)-80/2020 nömrəli qərarı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş materillarını araşdırarkən müəyyən olunmuşdur ki, borclu Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, onun tərəfindən icra sənədi üzrə 5724,63 manat borcdan hazırda 1030 manat borc qalır, icra sənədinin vaxtında və tam icra olunmamasının üzürlü səbəbləri mövcuddur, borclu işsizdir, tələbin yönəldilə biləcəyi əmlakı yoxdur. Həmçinin tələbkar da qalan 1030 manat borcun 2 ay müddətində ödənilməsinə razılıq vermişdir. Hazırkı vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar