Məhkəmə qərarları › İş №3(110)-306/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-306/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-306/2023 08.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1974-cü ildə Şərur rayon Sovetabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, İ qrup müharibə əlil, təqaüdçü, deməsinə görə əvvəllər inzibati məsuliyətə cəlb olunmamış, Şərur rayon Arpaçay kəndində qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi İbadulla Polis Bölməsi tərəfindən inzibati xəta protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə toy məclisində qohumu Zərərçəkmiş şəxs1 fiziki güc tətbiq edərək döymüş, bacısı Zərərçəkmiş şəxs2 fiziki güc tətbiq etmiş, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında Şərur rayon Arpaçay kəndində yaşadığını, xx.xx.2023-cü il tarixdə qardaşının qızının toy şənliyi olduğunu, onun həmin toy şənliyində toybəyi olduğunu, bu zaman oğlan evinin qonaqlarının oynamaq istədiklərini, lakin həmin vaxt ortada onun bacıoğlusu Zərərçəkmiş şəxs1 və onun dostlarının oynadıqlarını, orada olan bəyin qardaşı Orxan adlı şəxsin ona “oğlan evinin oynamaq istədiyini” bildirdiyini, onun da “hal-hazırda oynayanların olduğunu, 2 mahnıdan sonra onlara mahnı verəcəyini” bildirdiyini, daha sonra ortada oynayan Zərərçəkmiş şəxs1 və dostlarının dörd mahnı oynadıqlarını və onlar beşinci mahnını oynamaq istəyən zaman onun buna mane olduğunu, mahnını dayandırdığını, bu zaman İbadulla Nəcəfovun onu dirsəyi ilə vuraraq kənara itələdiyini, o da onu kənara itələdiyini, aralarında münaqişə yarandığını, İbadullanı vurmadığını, Şərur Rayon Polis İdarəsində elə izahat vermədiyini, izahatı özləri bildikləri kimi yazıb ona imzalatdıqlarını, İbadullanın və qardaşlarının onun üzərinə hücum etdiklərini və onu döyməyə başladıqlarını, kənd camaatının onları aralaşdırdıqlarını, bu zaman orada olan Şərur rayon Çomaxtur kəndində yaşayan İbadulla Nəcəfovun bacısı Mehriban Nəcəfova və qızı-onun həyat yoldaşı X1 və onun balaca oğlu Nicat Mirzəyevi döyməyə başladıqlarını, daha sonra orada olan kənd camaatının onları araladıqlarını, daha sonra ona məxsus olan Arpaçay kəndində yerləşən evə getdiyini, İbadulla və Zeynəbin şikayəti əsasında polis əməkdaşlarının onu Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinə apardıqlarını, o da İbadullanın onu döyməsi barədə Şərur Rayon Polis İdarəsinə şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında Şərur rayon Arpaçay kəndində yaşadığını, xx.xx.2023-cü il tarixdə onun Şərur rayon Arpaçay kəndində olan dayısının qızının toy məclisində olduğunu, onun bu zaman palatkanın kənarında durduğunu və onun da oynamaq istədiyini, bu zaman onun toybəyi olan Tağıyev Hicran Möhsün oğlunu yanına çağırdığını, ondan ona mahnı təşkil etməsini bildirdiyini, onun da ona 3-4 nəfərdən sonra ona mahnı verəcəyini bildirdiyini, onun da gözlədiyini və sıra ona çatan zaman onun ailəsinin ortaya girdiyini və oynamağa başladığını, bu zaman dayısının qızının ona mahnını dəyişdirməsini tələb etdiyini, onun da mahnı oxuyanlara yaxınlaşdığını və mahnını dəyişmələrini bildirən zaman, dayısı Şəxs arxadan onun baş nahiyəsinə yumruqla zərbələr vurduğunu, onun da ona dərhal qarşılıq verməyə çalışan zaman orada olan insanların araya girdiklərini və onu mağardan çölə çıxardıqlarını. Daha sonra orada olan kənd camaatının onu sakitləşdirdiklərini və onun oradan çıxaraq öz evinə getdiyini, sonradan Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinə şikayət ərizəsi verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında Şərur rayon Arpaçay kəndində yaşadığını, xx.xx.2023-cü il tarixdə onun Şərur rayon Arpaçay kəndində olan qardaşının qızının toy məclisində olduğunu, onun bu zaman mağarda olan stulda əyləşdiyini, bu zaman onun və övladlarının oynamaq istədiklərini, buna görə də, oğlu İbadulla Nəcəfovun toybəyi Hicran Tağıyevdən mahnı aldığını gördüyünü, daha sonra onların bir müddət gözlədikdən sonra onlara növbə çatan zaman o, övladları və nəvələri mağarın ortasına gələrək oynamağa başladıqlarını, bu zaman nəvəsinin İbaulla Nəcfova mahnını dəyişməsini bildirdiyini, oğlunun da mahnını dəyişmək məqsədilə mahnı oxuyan şəxslərə yaxınlaşdığını, əyilib mahnı oxuyan şəxslərə nəsə deyərkən, arxadan qardaşı Şəxs onun baş nahiyəsinə zərbələr endirdiyini, oölunun da ona qarşılıq vermək istəyərkən orada olan kənd camaatının onu tutaraq mağarın kənarına apardıqlarını, onun da bu zaman qardaşına yaxınlaşdığını və ona “mənim oğlumla nə işin var?” sözlərini dediyini, bu zaman ona nalayiq ifadələr işlədərək onun qol və baş nahiyəsinə yumruqla zərbələr endirdiyini. Bu zaman onun sakitləşdikdən sonra qolunun üzərində qançırlar yarandığını gördüyünü, daha sonra onun bu barədə Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinə müraciət etdiyini bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını eyni zamanda iş materialında olan ekspert rəylərini tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsləri döyməsi öz təsdiqini tapmır, ona görə də, hazırkı vəziyyətdə Şəxs əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialında olan: - xx.xx.2023-cü il tarixli, 1422 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilıməmişdir; - xx.xx.2023-cü il tarixli, 1423 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilıməmişdir; - xx.xx.2023-cü il tarixli, 1451 nömrəli ekspert rəyindən görünür ki, Şəxs bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilıməmişdir; - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsi İstintaq və Təhqiqat Bölməsində araşdırılan 21 saylı material əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsi İbadulla Polis Bölməsi polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 016747 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə toy məclisində qohumu Zərərçəkmiş şəxs1 fiziki güc tətbiq edərək döymüş, bacısı Zərərçəkmiş şəxs2 fiziki güc tətbiq etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar