Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-307/2025 04.11.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Şərur rayonu, Kərki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, ali təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayonu, Kərki kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivi 446/1 ünvanında yaşayan Şəxs (FİN: xxxxxxx) Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İXM 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs Şərur Rayon Məhkəməsinin 2(110)-1095/2023 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə 8704.75 manat borcu ödəməkdən yayınmış və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında Şərur Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(110)-1095/2023saylı icra vərəqəsi xx.xx.2024-cü il tarixdə Şərur rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduğunu, icraata başlanıldığını və tərəfə bildiriş göndərildiyini, Şəxs Şərur rayon Kərki kəndində rəsmi qeydiyyatda olduğu üçün bildiriş çatdırılmadığını, şəxslə iki dəfə telefon əlaqəsi yaradılaraq məlumat verildiyini, telefonoqram tərtib olunduğunu, lakin şəxs borcunun olmadığını qeyd edərək ödəmək istəmədiyini, məhkəmə qərarının saxta olduğunu, icra məmurunun çağırışına gəlmədiyini, barəsində axtarış elan edildiyini, Bakı şəhərindən polis əməkdaşları tərəfindən tutularaq gətirildiyini, izahatının alındığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında öz sahəsində yetəri qədər tanınmış biri olduğunu, “Kömür istehsalı” sahəsində xidmətlər göstərdiyini, tələbkar onu özü axtarıb tapdığını, onların arasında 15000 manat dəyərində müqavilə imzalayacaqları barədə razılaşma olduğunu, Şirvan şəhərində Notariat konturuna getdiklərini, lakin ilkin formada bağlaya bilmədiklərini, pulun 50%-ini başdan, qalan hisssinini isə işin ortasında ödəməli olduğunu razılaşdıqlarını, borc müqaviləsi kimi imzaladıqlarını, avadanlıqları təhvil verdiyini, lakin aktlaşdırmadıqlarını, tələbkarın məhkəməni aldadaraq həmin sənəd əsasında onu məhkəməyə verdiyini, səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyini, məhkəmə prosesindən xəbəri olduğunu, ona məhkəmədə iştirak etməsi üçün iki dəfə zəng olunduğunu, ona məhkəmənin qətnaməsi gəlib çatmadığını, protokolla razı olmadığını, icra məmurunun onunla bir neçə dəfə əlaqə saxladığını, məhkəmənin izahından sonra inzibati xəta hadisəsi törətdiyini dərk etdiyini və icra sənədini icra edəcəyini, məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, izahatlar və iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, borclu icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra sənədinin icrasını təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, hüquq normasının sanksiya hissəsində isə qeyd edilir ki, - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı halda iş üzrə borclu yəni, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə icra məmuru tərəfindən bir neçə dəfə telefon zəngi edilərək icra sənədindəki tələbin icra edilməsi tələbi irəli sürülsə də borclu onun iş üzrə tələbkara borcu olmadığını, məhkəmə qərarının saxta olduğunu deyərək qərəzli şəkildə icra sənədinin icrasından yayınmaqla icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şərur Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(110)-1095/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 7500 (yeddi min beş yüz) manat əsas borc, müqavilə bitdikdən sonra hesablanan gecikdirilmiş faiz borcu üzrə 1093.75 (min doxsan üç manat yetmiş beş qəpik) manat, cəmi 8593.75 (səkkiz min beş yüz doxsan üç manat yetmiş beş qəpik) manat borc və 111 (bir yüz on bir) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 8704.75 (səkkiz min yeddi yüz dörd manat yetmiş beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı X3 ödənilməsi qət edilmişdir; - xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. - xx.xx.2025-ci il tarixli telefonoqramdan görünür ki, Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şərur Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(110)-1095/2023saylı icra sənədinin icrası ilə əlaqədar borcluya məxsus olan ***- ***-**-** nömrli telefonla əlaqə yaradılmış, borc barədə məlumatlandırılmasına baxmayaraq borclu onun tələbkara borcu olmadığını, məhkəmə qərarının saxta olduğunu qeyd etmişdir. - 01 aprel 2024-cü il tarixli borclunun axtarılması haqqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. - Axtarışda olan borclu fiziki şəxsin və cavabdehin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, borclu Şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Şərur rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. - Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati məsuliyyət barədə ona xəbardarlıq edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra sənədinin ərazi aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(110)-1095/2023-008 nömrəli icra sənədi Kəngərli rayon İcra və Probasiya şöbəsininə icra oluması üçün göndərilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra sənədinin ərazi aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(110)-1095/2023-008 nömrəli icra sənədi Şərur rayon İcra və Probasiya şöbəsinə icra oluması üçün göndərilmişdir. Məhkəmə baxılan inzibati xəta haqqında material üzrə Azərbaycan Respublikasının İXMnın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” 2019-cu il tarixli iş üzrə qərarında qeyd olunur ki, şəxs məhkəmə iclasına çağırılmasa və dinləmədə onun iştirakı təmin edilməsə (həmçinin qərarın surətini ona təqdim edilməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan müraciətinin nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-307/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-307/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver