Məhkəmə qərarları › İş №3(110)-316/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-316/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-316/2025 17.11.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Şərur RPİ-nin polis sahə rəisi, Abdinov Toğrul Təmirxa oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə; xx.xx.1977-ci ildə Şərur rayonu, Aşağı Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi təsərrüfatla məşğul, məhkum olunmamış, Şərur rayon Aşağı Yaycı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-43-12/2-1563/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs 11 oktyabr tarixdə həmkəndlisi Şəxs onu döyərək ona xəsarət yetirdiyini bildirmişdir. Faktla bağlı Şərur Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılaraq, Şəxs qeyd edilən əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən 09 noyabr 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan 17 noyabr 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi, Abdinov Toğrul Təmirxa oğlu tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək, elə həmin gün baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək izahatında və verilmiş suallara cavabında, ona şər atdığını, Zərərçəkmiş şəxs döymədiyini, Danyeri kəndində 3 qıza pul borcu olduğunu və vermədiyini, o da şərik olduğu işdən pul vermədiyi üçün RPİ-ə onu döyməyi ilə bağlı müraciət etdiyini, lakin ona əlini vurmadığını bildirdi və ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi izahatında maşınla Şəxs evlərinə apardığını, qapıda dayandıqlarını və o maşından düşərək içəri girdiyini və təkrar çıxdığını, aralarında pul söhbəti getdiyini, birdən üstünə hücum çəkdiyini, maşının qapısını açaraq onun boynundan tutdugunu və o da yandakı oturacağa sıxıldığını, Şəxs onu boğduğunu, sonra onu buraxdığını, əlindən qaçaraq Polis idarəsinə gələrək şikayət ərizəsi yazdığını, şəxsin cəzalandırılmasını istədiyini, şəxsin barəsində inzibati tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 566 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarət: boyunda sıyrıq küt mexanizmdən bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Şəxs əməllərində cinayət tərkibinin olmaması əsası ilə onların barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, həmin şəxslərin əməllərində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə material baxılması üçün Şərur rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv tədqiq edilməklə belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, döymə xəsarətin ayrıca xüsusi bir növünü təşkil etmir. Döymə dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Döymə nəticəsində bədən xəsarətləri əmələ gələ bilər, ancaq döymə nəticəsində obyektiv aşkar edilə bilən xəsarətlər qalmaya da bilər. Əgər çoxsaylı zərbələr nəticəsində sağlamlığa zərər vurma (ağır, az ağır və ya yüngül) baş verirsə, onda bu hərəkətlərə döymə kimi baxılmır, müvafiq dərəcəli sağlamlığa zərər vurmanın yetirilməsi kimi qiymətləndirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015- ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs ittiham olunduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar