Məhkəmə qərarları › İş №3(110)-319/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-319/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-319/2024 30.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1985-ci Şərur rayon, Arpaçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, Şərur rayon Arpaçay kənd İƏDN-də xadimə işləyən, Şərur rayon, Çərçiboğan kəndində yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs fiziki güc tətbiq etməklə onu döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli özünün və zərəçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında xx.xx.2024-cü il tarixə oğlu Məhəmmədin qaçaraq evə gəldiyini, sonra Emil adlı şəxsin ona zəng edib danışdığını, oğlundan bu barədə soruşanda onun heç nə demək istəmədiyini, onu məcbur etdikdən sonra Emil tərəfindən təhqir olunduğunu dediyini, sonra həyat yoldaşı Bəxtiyarın evə gəldiyini, Məhəmmədin müəlliminin Bəxtiyara zəng edərək oğlunun Emil tərəfindən təhqir olunduğunu bildirdiyini, Bəxtiyarın polisə zəng edib məlumat verdiyini, Uğur adlı polis əməkdaşının onları polis idarəsinə dəvət etdiyini, polis idarəsindən çıxıb evə gedən zaman Emilin yaşadığı mənzilin yanından keçiyini, orada Emilin atası Oruc və yanında tanımadığı bir qızı gördüyünü, onlara tərəf gedib Oruca “niyə uşağının qabağını almırsan?” dediyini, Orucun isə acıqlı şəkildə “mən qaziyəm, sən öz uşağının qabağını al” deyib onu əli ilə itələdiyini, onun da Orucu itələdiyini, həmin qız araya girən zaman əlinin onun üzünə dəydiyini, sonra polis əməkdaşlarının gəlib onları oradan çıxardığını, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə qaynatası Abbasov Orucgilə getdiyini, saat təxminən 15:00 radələrində evə qayıdarkən Uğur adlı polis sahə rəisi ilə əvvəl tanımadığı qadının mübahisə etdiyini gördüyünü, sonra həmin qadının onlara tərəf gəldiyini, nalayiq ifadələr işlədərək qaynı Emili səslədiyini, qaynatasının ona Emilin evdə olmadığını dediyini, qaynatasına şillə vurduğunu, qadının əlində olan ağac parçasını qaynatasına vurmaq istədiyini, lakin ağacın ona dəymədiyini, onları aralamaq istəyən zaman qadının ona şillə vurduğunu, sonradan ağacla onun sol ayağından da vurduğunu bildirib, onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində gəlinin Vəfanın onlara gəldiyini, saat 15:00 radələrində Uğur adlı polis sahə rəisi ilə əvvəl tanımadığı qadının kənarda mübahisə etdiyini gördüyünü, sonra həmin qadının onların yaşadığı mənzilə tərəf gəldiyini, onun nalayiq ifadələr işlədərək “sənin küçüyün hanı?” dediyini, ona Emilin evdə olmadığını dediyini, qadının əlində olan ağac parçası ilə onu vurmaq istədiyini, lakin ağacın ona dəymədiyini, ona bu yaşında şillə vurduğunu, gəlini Vəfanın qadını aralamaq istəyən zaman Vəfanın da üzündən şillə vurub, əlindəki ağacla ayağından vurduğunu, sonra oğlu Teyyubun oraya gəlib onları kənara apardığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında Vəfanın həyat yoldaşı olduğunu, xx.xx.2024-cü il tarixdə Vəfanın ona zəng edərək bir qadının onu döydüyünü bildirdiyini, təxminən 15 dəqiqə sonra oraya çatdığını, bu zaman Bəxtiyar adlı şəxsin həyat yoldaşının Vəfa ilə mübahisə etdiyini, onun nalayiq ifadələr işlətdiyini görüb onları sakitləşdirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilmiş suallara cavabında Aygülün əri olduğunu, xx.xx.2024-cü il tarixdə işdən qayıtdıqdan sonra oğlu Məhəmmədin məktəbdə Emil tərəfindən təhqir olunduğunu öyrəndiyini, polisə zəng edib məlumat verdiyini, Uğur adlı polis əməkdaşının onu və oğlunu polis idarəsinə dəvət etdiyini, orada polis sahə rəisinin ona “mən sənin işinə baxmıram, get ver məhkəməyə” sözlərini dediyini, polis idarəsindən çıxan zaman çöldə Aygül ilə Emilin atasının mübahisə etdiyini gördüyünü, sonra həyat yoldaşı ilə polis idarəsinə getdiyini bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 177 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarət – sol budunda qançır küt mexanizmidən, bərk küt əşyanın təsirindən törənmişdir və xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi müəyyən edilmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, səmimi peşmançılığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində aşağı həddə inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar