Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-322/2024 14.11.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyini, Ceyranova Aytac Ramiz qızının katibliyi, qərardan şikayət verən şəxs X3 və Şərur Rayon Polis İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1968-ci ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayon Çomaxtur kəndində yaşayan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə tənbeh olunmasına dair 24508164 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 barəsində Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli 24508164 nömrəli inzibati tənbeh vermə haqqında qərarla inzibati cərimə tənbeh növü tətbiq olunmuş, qərarla razılaşmayan X3 həmin qərardan Şərur Rayon Məhkəməsinə şikayət vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs şikayət ərizəsində şikayətinin əsası kimi xx.xx.2024-cü il tarixdə Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən İXM-in 346.9-cu maddəsinin tələbini pozması əsası ilə onun barəsində protokol tərtib edildiyini, 60 manat məbləğində cərimə edildiyini, qərardan narazı olduğunu, həmin yolda heç bir yol-hərəkət nişanı olmadığı üçün onların tələbinin qanunsuz olduğunu bilidirərək barəsində tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Qərardan şikayət verən X3 izahatında və ona verilən suallara cavabında şikayət ərizəsində sadaladığı halları bir daha təsdiq etdiyini, avtomobili saxladığı yerin maşın yolu olduğunu, həmin yolun piyada yolu olmadığını, orada bir neçə evin olduğunu və onlara maşın yolunun olduğunu, həmin yerdə heç bir qadağandır nişanı qoyulmadığını, əvvəllər o yolun ön hissəsinə beton qoyulduğunu, lakin indi götürüldüyünü, mağazaya gedibgəlməyinin 6-7 dəqiqə çəkdiyini, sonradan ona heç bir xəbərdarlıq etmədən protokol yazıldığını öyrəndiyini, avtomobilini saxladığı yerdə bir neçə avtomobilin də dayandığını, onun heç bir yerdə işləmədiyini və cəriməni ödəməyə imkanının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Şərur Rayon Polis İdarəsinin nümayəndəsi X4 izahatında və ona verilən suallara cavabında X1 avotomobilini piyadalar üçün nəzərdə tutulmuş səkidə saxladığını, qanunvericliyə uyğun olaraq da piyadalar üçün nəzərdə tutulmuş yerdə heç bir qadağanedici nişanın qoyulmasının nəzərdə tutulmadığını, həmin vaxtı orada olan bir neçə avtomobilə də protokolun tərtib edildiyini, yolun səki hissəsinin hündürlüyünün nisbətən aşağı olduğunu, həmin əraziyə daş düzüldüyünü, asfalt yoldan da daş döşəməsi ilə ayrıldığını, məktəbin qarşısı olduğunu və piyadalar tərəfindən aktiv şəkildə istifadə edildiyini, oranın piyadalar üçün nəzərdə tutulmuş səki olduğunun hər kəsə aydın olduğunu, dəfələrlə bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq sürücülərin ticarət mərkəzinə gedən yollarını qısaltmaq üçün bilərəkdən həmin səkidə avtomobil saxladıqlarını, buna görə də qanunvericiliyə uyğun elektron protokol tərtib etdiklərini, qərarın qanuni olduğunu bildirərək şikayətin rədd edilməsini xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 24508164 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, şikayət əsassızdır. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, 24508164 nömrəli qərar çıxarılmışdır. X3 izahatında həmin yolun piyadalar üçün nəzərə tutulmadığını bildirərək barəsində tərtib olunmuş protokolun ləğv edilməsini xahiş etmişdir. Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin nümayəndəsinin məhkəmədə verdiyi izahatından aydın olur ki, iş üzrə icraat qanunvericiliyə uyğun aparılmışdır və şəxsin əməlində qeyd olunan maddənin tərkib əlamətləri mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə görə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346- 1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 341-ci maddəsinin qeyd hissəsinə əsasən həmin məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsinin qaytarılması onun həmin maddələrdə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyətə cəlb olunmasını istisna etmir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 16-ci bəndinə görə səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə şikayət əsassızdırsa inzibati qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, X1 İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə tənbeh olunmasına dair xx.xx.2024-cü il tarixli 24508164 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-136cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət rədd edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə tənbeh olunmasına dair Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin xx.xx.2024-cü il tarixli 24508164 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-322/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-322/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver