Məhkəmə qərarları › İş №3(110)-328/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-328/2025

05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-328/2025 05.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 14 X4 Bölməsinin nümayəndəsi - X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə; xx.xx.1962-ci il tarixdə Keşişkənd rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Şərur rayon Danyeri kənd Bələdiyyəsinin sədri vəzifəsində işləyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayonu, Danyeri kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.1 və 262.2.2-ci maddələri ilə ADSEA yanında Suların İstifadəsinə və X2 Xidmətinin 14 X4 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 14 X4 Bölməsi tərəfindən tərtib edilmiş 24 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şərur rayonu, Danyeri kəndinin inzibati ərazisində 17 noyabr 2025-ci il tarixində 5 ha əkin sahəsini suvarması zamanı sudan istifadə limitlərinə əməl edilməməsi, israfçılıqla istifadə edilməsi müəyyən edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.1 və 262.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 14 X4 Bölməsinin baş məsləhətçisi-müfəttişi X3 izahat verərək bildirmişdir ki, Şərur rayonu, Danyeri kəndinin inzibati ərazisində Şəxs tərəfindən əkin sahəsi suvarılan zaman sudan istifadə limitlərinə əməl edilməməsi, israfçılıqla istifadə edilməsi müəyyən edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.1 və 262.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun protokola etiraz etdiyini, gecə saat 02:00 radələrində yağış yağdığını, ərazilərində əkin sahəsinin çox olduğunu, suyu suvarma kanalıdan götürdüyünü, cərgələrə qoyduğunu, yağan yağış nəticəsində suyun bəndləri yuduğunu, 3 cərgənin suyunun 1 cərgədən gəldiyini, yağışın kəsmədiyi üçün israfçılıq olmasın deyə istiqamətləri dəyişdiyini, ona məxsus sahənin sonunda yerləşən və Naxçıvan Şərur avtomagistralının kənarında olan çoxsaylı ağaclığı da özünün suvardığını və bu işin ona rayon rəhbərliyi tərəfindən həvalə edildiyini, suyun da sonunun həmin meşə zolağına çıxdığını və israfçılıq baş vermədiyini bildirdi. Sözügedən sahənin heç bir yerə axarının olmadığı üçün suvarma aparılan zaman həmin sahədə suyun yığıldığını, heç bir əsas olmadan barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.1 və 262.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən də, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddələri ilə başlanmış icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin normativ tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən dörd element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, yəni qeyd olunan əlamətlər vahidlik təşkil etmirsə əməldə inzibati xəta tərkibi də yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, sözügedən maddədə inzibati xətanın obyekti - Sudan özbaşına istifadə edilmə yəni, Sudan istifadə etmə limitlərinə əməl edilməməsi və su ehtiyatlarından israfçılıqla istifadə edilməsidir. Hazırkı işin hallarında aparılan məhkəmə araşdırması zamanı məlum olur ki, əməl düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.1 və 262.2.2-ci maddələri sudan istifadə etmə limitlərinə əməl edilməməsi və su ehtiyatlarından israfçılıqla istifadə edilməsi ilə bağlı məsuliyyət nəzərdə tutulmuşdur. Lakin tərtib edilmiş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə Azərbaycan Respublikasının Su qanunvericiliyinin norma və tələbləri gözlənilməmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X5 sistemlərinin istismarı idarəsinin inzibati xəta haqqında protokolu tərtib edən orqana verdiyi arayışda 5 ha buğda əkinin suvarılması üçün Şəxs 15 noyabr 2025-ci il tarixdə saat 13:30-dan 18 noyabr 2025-ci il saat 10:30-dək saniyədə 200 litr olmaqla suvarma suyunun verildiyi və vətəndaşın bunu tərtib edilmiş aktda imzası ilə təsdiq edildiyinin qeyd olunduğu bildirilir. Məhkəmə iclasında iştirak edən Şəxs isə suyun ona 15 noyabr 2025-ci il tarixində deyil 16 noyabr 2025-ci il tarixində verildiyini qeyd etmişdir. Bundan əlavə suyun saniyədə 200 litr olmaqla verilməsi barədə X5 sistemlərinin istismarı idarəsinin rəsmi arayışında hər hansı xüsusi texniki vasitənin göstəricisinə istinad edilməmiş və bu halın hansı əsasla müəyyən edildiyi verilmiş arayışda öz əksini tapmamışdır. Eyni zamanda xüsusi vurğulanmalıdır ki, arayışda qeyd edilmiş akt Suların İstifadəsinə və X2 Xidməti 14 X4 Bölməsinin X5 sistemlərinin istismarı idarəsinə müvafiq sorğusundan yəni, xx.xx.2025-ci il tarixdən sonra xx.xx.2025-ci il tarixdə formal xarakterli tərtib edildiyi görsənir.Belə ki, suyun verilməsindən günlər sonra hansı həcmin verildiyinin hansı konkret meyarla müəyyən edildiyi arayışda öz əksini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.1-ci maddəsinin tələbinə görə sudan istifadə etmə limitlərinə əməl edilməməsinə və 262.2.2-ci maddəsinin tələbinə görə isə su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının su qanunvericiliyi Su Məcəlləsindən və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 29-ci maddəsinə əsasən Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma sudan istifadə limitlərinin müəyyən edilməsi və su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartların, normaların və qaydaların işlənib hazırlanması və qəbul edilməsindən ibarətdir. Sözügedən məcəllənin 39-cu maddəsinə əsasən sudan istifadə limitləri hər bir su obyektləri istifadəçisi və istehlakçısı üçün müəyyən edilmiş su obyektlərindən su ehtiyatlarının götürülməsinin və ya su obyektlərinə tullantı suların axıdılmasının yol verilən həcmidir. Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən maddənin məzmunundan göründüyü kimi qanunverici ilk növbədə sudan istifadə limiti müəyyən edilməli olduğunu və müəyyən edilmiş müvafiq limitə əməl edilməməsinə görə inzibati məsuliyyəti müəyyən etmişdir. Su Məcəlləsinin 40-cı maddəsində əks olunur ki, Su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir. Həmin Məcəllənin 45-ci maddəsinin imperativ tələbinə görə isə sudan istifadə edənlərin vəzifəsi sudan istifadə planlarına, limitlərinə, qaydalarına, normalarına və rejiminə riayət etməkdir.Yəni limit müəyyən edilməli və sudan istifadə edən müvafiq limitə əməl etmək vəzifəsi daşıyır. Qeyd edilən Məcəllənin 52-ci maddəsinə görə isə Sudan təsərrüfatdaxili istifadə planlarında mülkiyyət forması və növlərindən asılı olmayaraq bütün su istehlakçılarının suya tələbatı nəzərə alınmalıdır.Yəni qanunvericilik tələbata uyğun suyun verilməsini məqbul sayır. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası qanunun 3-cü maddəsində qeyd edilir ki, Hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 1.6-cı bəndinə əsasən STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hazırki işin materiallarından göründüyü kimii, Şəxs təqsirləndirildiyi inzibati xətanın törədilməsini təsdiq edən sübut qismində xx.xx.2025-ci il tarixli akt və fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Lakin mobil telefon vasitəsi ilə çəkilmiş həmin şəkillərin və eyni zamanda iş materiallarına əlavə edilmiş diskin Şəxs olduğu iddia edilən sahə olub-olmaması mötəbər sübutlarla sübuta yetirilmir və həqiqətəndə foto və video fayllarda nümayiş olunan əkin sahəsinin şəxsə məxsus olmasına dair inzibati xəta haqqında işin materiallarında hər hansı mötəbər sübuta rast gəlinmir. Bu səbəbdən sözügedən akt və fotoşəkillər müəyyən sübut əhəmiyyətinə malik olsa da, şəxsin məsuliyyətə cəlb edilməsi üçün kifayətedici sayıla bilməz. Yəni bu kimi sənədlərə araşdırma zamanı toplanmalı olan digər sübutların məcmusu nəzərə alınmaqla qiymət verilməlidir. İlk növbədə Sudan istifadə limitinin hansı həcmdə müəyyən edildiyi göstərilməli və verilən suyun həcmi ümumi ifadələrlə deyil, konkret xüsusi texniki vasitənin müvafiq göstəricisi əsasında aşkar edilməsi və bu zaman sudan istifadə zamanı israfçılıq inzibati hüquq pozmasının tərkibi müəyyən edilməklə əmələ hüquqi qiymət verilə bilər. İsrafçılıq isə “Su təchizatı və tullantı suları haqqında” Qanunun 69-cu maddəsinin “b” bəndindən aydın olur ki, şəxsin icazə veriləndən artıq həcmdə su götürməsi sudan israfçılıqla istifadə edilməsidir. Hazırkı halda isə şəxsə hansıb həcmin icazə verildiyi hər hansı formada müəyyən olunmur. Bu növ araşdırmalar hər bir halda inzibati xətalar qanunvericiliyi ilə müəyyən olunmuş prosessual qaydalara uyğun aparılmalı, bu zaman inzibati xətalar qanunvericiliyinin digər prinsipləri ilə yanaşı, təməl prinsiplərdən biri olan, Azərbaycan Respublikası İXM-in 8-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi nəzərə alınmalıdır. İXM-in imperativ tələbinə görə şəxsin konkret inzibati xətanı törətməsi halı inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinə malik olan vəzifəli şəxs tərəfindən sübuta yetirilməlidir. Sübutetmə vəzifəsinin icrası zamanı prosessual qaydalar çərçivəsində bütün iştirakçıların qanunla müəyyən olunmuş prosessual hüquqları təmin edilməlidir. Belə ki, məhz prosessual hüquqları təmin ediləcəyi təqdirdə şəxs (o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) dəlillər gətirmək, iş üzrə obyektiv və qərəzsiz qənaətə gəlməyə şərait yarada biləcək sübutlar təqdim etmək imkanı əldə edir. Azərbaycan Respublikası İXM-nin tələbinə görə inzibati xəta haqqında iş üzrə icraat zamanı “inzibati xəta törətmiş şəxs”, habelə “inzibati xəta törətməkdə şəxsin təqsiri” müəyyən edilməlidir. Yuxarıda göstərilən ”müəyyən etmə fəaliyyəti” mötəbər sübutların toplanması və qiymətləndirilməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.1 və 2622.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, şəxsin əməlində qeyd edilən inzibati xətanın tərkibi olmadığından Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.1 və 262.2.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində onun əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz və başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində göstərilir ki, «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Karelin Rusiyaya qarşı” iş üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericilik normalarının imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.1 və 262.2.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.1 və 262.2.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar