Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-34/2021 23.04.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Şərur rayon Dərəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Şərur rayon Dərəkənd kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis şöbəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx xxxxx 2021-ci il tarixdə saat 00:40 radələrində Şərur rayon Dərəkənddə olan ara məhəllədə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında xx.xx.2021-ci il tarixdə saat təxminən 20:00 radələrində işdən evinə getdiyini, evdə qaynatasının gəlib həyat yoldaşını öz evinə apardığını öyrəndiyini, həyat yoldaşını gətirmək üçün bibisi ilə birlikdə qaynatasının evinə getdiyini, lakin onu qovduqlarını, gecə saat 00:30 radələrində yenidən qaynatasının həyətinə getdiyini, qayınatasına həyat yoldaşını evinə qaytarmaq istədiyini bildirdiyini, qaynatasının razı olmadığını, orada olan səs-küyə polis əməkdaşların gəldiyini, polis əməkdaşlarına ona yaxın gəlməmələrini söylədiyini, özünə xəsarət yetirəcəyini dediyini, qaynatası həyat yoldaşının onunla getməsinə icazə vermədiyi, polis əməkdaşlarının onun oradan uzaqlaşmasını söylədiklərini, lakin əsəbi olduğu üçün onların dediklərini əməl etmədiyini, sonra polis əməkdaşlarının onu Şərur rayon Polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsinə getiyini, orada onun üzərinə baxış keçirildiyini və barəsində inzibati xəta protokol tərtib edilərək məhkəməyə göndərdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında 2008-ci ildən DİO-da xidmət etdiyini, xx xxxxx 2021-ci il tarixdə saat təxminən 00:40 radələrində Şərur rayon Dərəkənd kəndi ərazisində xidmət aparan zaman ara məhəllədən səs-küy gəldiyini eşitdiyini və həmin istiqamətə getdiyini, həmin yerə çatan zaman Dərəkənd kənd sakini Şəxs ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozduğunu gördüyünü, həmin şəxsi nizam-intizama dəvət edərək hərəkətlərini dayandırmağı tələb etdiyini, bu zaman Şəxs onun qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyini, buna görə də həmin şəxsi Şərur rayon Polis şöbəsinə dəvət etdiklərini və barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında qızının Şəxs ilə ailəli olduğunu, Sərtifin anası qızını yola vermədiyi üçün aralarında dəfələrlə münaqişə olduğunu, xx.xx.2021-ci il tarixdə Sərtifin anası qızını gətirib həyətlərinə ötürərək “qızınıza sahib çıxın mənə belə gəlin lazım deyil” deyərək çıxıb getdiyini, xx.xx.2021-ci il tarixdə saat təxminən 00:40 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvanda olarkən küçədən səs-küy gəldiyini eşidərək həyətə çıxdığını, həmin vaxt küçədə kürəkəni Şəxs ucadan nalayiq ifadələr işlədərək səs-küy saldığını gördüyünü, həyat yoldaşını aparmağa gəldiyini dediyini, qızı getmək istəmədiyi üçün o da buna razı olmadığını, səs-küyə həmin vaxt polis əməkdaşlarının oraya yaxınlaşaraq Şəxs nizam-intizama dəvət etdiklərini, lakin onun öz hərəkətlərini davam etdirdiyini, daha sonra polis əməkdaşlarının həmin şəxsi polis şöbəsinə dəvət etdiklərini bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 00:40 radələrində Şərur rayon Dərəkənd olan ara məhəllədə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə olunmuş 0083 saylı inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 0040-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx xxxx 2021-ci il tarixli "Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında" protokola əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərində hər hansı bir predmet aşkar edilməmişdir. İş materialında olan xx.xx.2021-ci il tarixli 010059 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 00:40 radələrində Şərur rayon Dərəkənd olan ara məhəllədə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis şöbəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 3(110)- 25/2021-ci il tarixli Qərarının surətindən görünür ki, Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmadığı üçün Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edərkən məsuliyyəti ağırlaşdıran hal hesab edilir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını, eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli xx xxxxx 2021-ci il tarixdən, saat 00:40-dan hesablanmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 00:40-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-34/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-34/2021
23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver