Məhkəmə qərarları › İş №3(110)-345/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-345/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-345/2024 10.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Şərur rayonu, Dərvişlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, Şərur rayonu, Dərvişlər kəndində yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-400/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 11317.6 manat pul tələbi borcunu ödəməkdən yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında Şərur Rayon Məhkəməsinin 2(110)- 400/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə Şəxs 11200 (on bir min iki yüz) manat borc və ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun 117.6 manatı olmaqla, ümumilikdə 11317.6 (on bir min üç yüz on yeddi manat altmış qəpik) manat məbləğində pul alınaraq X1 ödənilməsinin müəyyən edildiyini, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişin verildiyini, icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin borcluya izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədinin icrasından boyun qaçırıldığını, buna görə də, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədi barədə xəbərdar olduğunu, işləmədiyi üçün borcunu ödəyə bilmədiyini, indiyədək ödəniş etmədiyini, 3 övladının olduğunu, 1 övladının əlil olduğunu, övladının təqaüdünün üzərinə pul qoyub hər ay 300 manat ödəyə biləcəyini, borcunu tam şəkildə ödəyə bilməyəcəyini, mülkiyyətində olan fərdi yaşayış evini girov qoyaraq kredit götürdüyünü, buna görə satılmasının mümkün olmadığını qeyd edərək, məhkəmədən onun barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs və X2 izahatlarından, iş materiallarından da müəyyən olundu ki, borclu iş materiallarına əlavə edilmiş icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra vərəqəsinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan: - Şərur Rayon Məhkəməsinin 2(110)-400/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şərur rayon Dərvişlər kəndində qeydiyyatda olan və yaşayan cavabdeh Şəxs 11200 (on bir min iki yüz) manat borc və ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun 117.6 manatı olmaqla, ümumilikdə 11317.6 (on bir min üç yüz on yeddi manat altmış qəpik) manat məbləğində pul alınaraq Şərur rayon Dərvişlər kəndində qeydiyyatda olan və yaşayan iddiaçı X1 ödənilməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-400/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 11317.6 manat pul tələbi borcunu ödəməkdən yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir; - “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına heç bir daşınar əmlak qeydiyyata alınmamış, əmək müqaviləsi üzrə iş yeri yoxdur, eyni zamanda o, pensiya və sosial ödəniş almır, lakin adına fərdi yaşayış evi qeydiyyata alınmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, adına fərdi yaşayış evi olsa da borclunun izahatından görünür ki, həmin ev Bankın girovudur, onun barəsində hər hansı bir icra hərəkətlərinin aparılması mümkün deyil. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, borcunun məbləğini, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 10 dekabr 2024-cü tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar